RU

Almaniya hökuməti İsrail və Livandakı vətəndaşlarına xəbərdarlıq edib

Berlin, 24 fevral, AZƏRTAC

Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ-nin İrana mümkün hücumu və bunun İsrailə, eləcə də regionun digər ölkələrinə təsirləri fonunda bölgədəki alman vətəndaşlarını təhlükəsizlik tədbirləri görməyə çağırıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Almaniyanın Təl-Əvivdəki səfirliyinin yaydığı məlumatda İsraildə yaşayan almanlara hava məkanı bağlanacağı təqdirdə, bir müddət olduqları yerdə qalmağa hazır olmaları bildirilib. Qeyd edilib ki, ABŞ İrana zərbə endirəcəyi təqdirdə, İsraildəki hədəflərin İran tərəfindən hücuma məruz qalacağı gözlənilir. Hava məkanı bağlandıqda səfirlik və Xarici İşlər Nazirliyi tərəfindən göstərilə biləcək dəstək imkanlarının məhdud olacağı bildirilərək, vətəndaşlara yaxınlaşan raket hücumları barədə xəbərdaredici mobil tətbiqi telefonlarına quraşdırmaları tövsiyə olunub. Həmçinin regionda təhlükəsizlik vəziyyətinin getdikcə gərginləşməsi nəzərə alınaraq vətəndaşlara ərzaq və digər zəruri ehtiyat toplamaq, olduqları məkanda sığınacaq və qoruyucu yerlərlə tanış olmaları bildirilib.

Almaniya Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarına da vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. Almaniyanın Beyrutdakı səfirliyi vurğulayıb ki, vəziyyət daha da kəskinləşərsə istənilən vaxt uçuş məhdudiyyətləri tətbiq oluna bilər. Almaniya vətəndaşlarına səyahət və təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə izləmək, həmçinin ərzaq, içməli su və yanacaq ehtiyatı toplamaq tövsiyə olunub.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
34
4
azertag.az

6Источники