Ağ turp tərkibindəki güclü vitamin və minerallara görə sağlamlıq üçün ən faydalı kök tərəvəzlərdən biri hesab olunur.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə qış aylarında ağ turpun immuniteti gücləndirməsi, soyuqdəymə simptomlarını yüngülləşdirməsi və orqanizmi təmizləməsi ilə seçilir.
Ağ turp tərkibində bol miqdarda C vitamini, kalium, folat və antioksidantlar daşıyır. Bu maddələr orqanizmdə iltihabı azaldır, hüceyrələri zədələnmədən qoruyur və bədən müdafiə sisteminin daha güclü işləməsinə kömək edir.
Həkimlərin sözlərinə görə, ağ turpun əsas üstünlüklərindən biri də həzm sisteminə təsiridir. Liflə zəngin olduğu üçün bağırsaqları aktivləşdirir, qəbizliyi aradan qaldırır və toksinlərin xaric olunmasını sürətləndirir. Eyni zamanda, mədə turşusunu tənzimləyərək həzmsizlik və şişkinlik kimi narahatlıqları azaldır.
Ağ turpun daha bir vacib xüsusiyyəti onun qaraciyər və öd kisəsinin fəaliyyətini dəstəkləməsidir. Qaraciyəri yükləyən maddələrin parçalanmasına kömək edir, öd axınını yaxşılaşdırır və yağların həzmini asanlaşdırır.
Mütəxəssislər həmçinin ağ turpun qan dövranını yaxşılaşdırdığını, qan təzyiqini tənzimlədiyini və ürək-damar sisteminə müsbət təsir göstərdiyini vurğulayırlar. Tərkibindəki kalium damarların rahatlamasına və ürək yükünün azalmasına səbəb olur.
Dietoloqlar bildirir ki, ağ turpun mütəmadi istehlakı həm də arıqlama prosesinə dəstək ola bilər. Aşağı kalorili olması, maddələr mübadiləsini sürətləndirməsi və uzun müddət toxluq hissi yaratması sayəsində çəki nəzarətində faydalıdır.
Mütəxəssislər ağ turpun çiy, bişmiş, salatlarda və ya şirə formasında istifadəsinin sağlamlıq üçün son dərəcə faydalı olduğunu qeyd edir və onu rasiondan kənarda saxlamamağı tövsiyə edirlər.
Könül Oruc
E-saglam.az