Vaşinqton Ukraynadan Amerika iqtisadi maraqlarına zərər vura biləcək obyektlərə hücumlardan çəkinməyi istəyib…
ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə rəsmi diplomatik bildiriş göndərərək Amerika iqtisadi maraqlarına təsir göstərən obyektlərə zərbələr endirilməsindən çəkinməyə çağırıb.
Poliqon xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina məlumat verib.
Diplomatın sözlərinə görə, Ukraynanın Novorossiysk limanına endirdiyi zərbələr ABŞ-nin Qazaxıstan üzərindən həyata keçirilən bəzi investisiyalarına təsir göstərib. O, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
“Bizə bildirildi ki, Novorossiyskə edilən hücumlar Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi Amerika investisiyalarına təsir göstərib. Dövlət Departamentindən də Amerika maraqlarına zərər vura biləcək hücumlardan çəkinməyimiz tövsiyə olundu”, – deyə Stefanişina qeyd edib.
Eyni zamanda səfir vurğulayıb ki, Vaşinqton Ukraynadan ümumilikdə Rusiyanın hərbi və ya enerji infrastrukturuna zərbələrdən imtina etməyi tələb etməyib. Onun sözlərinə görə, ABŞ-nin narahatlığı yalnız konkret olaraq Amerika iqtisadi maraqlarının zərər görməsi ilə bağlı olub və Kiyev bu xəbərdarlığı nəzərə alıb.
Xatırladaq ki, 2025-ci ilin noyabr ayının sonunda Ukrayna pilotsuz uçuş aparatları Novorossiysk limanına hücum edib. Nəticədə Qazaxıstan neftinin əsas hissəsinin ixrac edildiyi Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) mühüm infrastrukturu zədələnib və tədarüklərin həcmi azalıb.
KTK-nın iri səhmdarlarından biri olan Chevron bu hadisə nəticəsində maliyyə itkiləri ilə üzləşib. 2026-cı ilin əvvəlində isə terminaldan neft daşıyan dörd tankerin hücuma məruz qalması Qazaxıstan neftinin ixracını daha da çətinləşdirib.
Ekspertlər hesab edirlər ki, bu hadisə Ukraynanın hərbi əməliyyatlarının beynəlxalq enerji bazarına və üçüncü ölkələrin iqtisadi maraqlarına təsir riskini bir daha gündəmə gətirib və Vaşinqtonun reaksiyası məhz bu amillərlə bağlıdır.
Poliqon.info