"Qalatasaray"da maaş ödənişləri ilə bağlı yeni iddialar ortaya atılıb. Metbuat.az xəbər verir ki, klubun futbolçuların maaşlarını ödəmədəyi irəli sürülüb. "Konyaspor"a 0-2 hesablı məğlubiyyətdən sonra həm heyət seçimi ilə bağlı problemlər, həm də ödənilməmiş maaşlarla bağlı iddialar mətbuatda yer alıb. "Hürriyet" qəzetində yer alan xəbərdə, 15 milyon avroluq maaş alan, məvacibi bonuslarla birlikdə 21 milyon avroya çatan Viktor Osimhenin də maaş almadığı iddia edilib. Lakin jurnalist Haluk Yürekli “Qalatasaray”ın maaşları ödəmədiyi ilə bağlı iddiaların əsassız olduğunu ifadə edib. Onun sözlərinə görə, Çempionlar Liqasından əhəmiyyətli gəlir əldə edən “Qalatasaray”, maaşları ödəsə də, yüksək maaş büdcəsi səbəbindən çətinliklər müşahidə edilir. O, həmçinin qeyd edib ki, maaş gecikmələri ilə “Konyaspor” məğlubiyyəti arasında birbaşa əlaqə yaratmaq düzgün olmazdı. Qeyd edək ki, Viktor Osimhen 15 milyon avro maaşla Super Liqada ən çox maaş alan oyunçudur. Nigeriyalı ulduzdan sonra Ederson 11 milyon avro, Leroy Sane 9 milyon avro, Milan Skriniar 8 milyon avro, Marko Asensio 8 milyon avro və Mauro İkardi 6 milyon avro ilə ən çox maaş alan oyunçular arasındadır.