RU

Evinin açarını Mehriban Əliyevanın verdiyi Xocalı sakini:"290 nəfərdən 27-si sağ qaldı"

Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümüdür.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verən bu dəhşətli hadisə təkcə bir şəhərin deyil, bütövlükdə xalqın taleyinə yazılmış faciə kimi yaddaşlara həkk olunub. Dinc əhaliyə qarşı törədilən qətliam nəticəsində yüzlərlə insan həyatını itirib, ailələr məhv olub, minlərlə sakin doğma yurdundan didərgin düşüb.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında təkcə hüzn və ağrı deyil, həm də ədalətə çağırış simvoludur. 34 il keçməsinə baxmayaraq, həmin gecənin hissləri hələ də ürəklərdə yaşayır, şəhidlərin xatirəsi ehtiramla anılır.

Xocalı soyqırımının canlı şahidi Səadət Zeynalova “Cebheinfo.az” –a açıqlamasında bildirib ki, hadisə günü qadınlar, uşaqlar və sakinlər zirzəmidə gizlənib:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyatımın ən ağır gecəsi idi. Xocalı faciəsi zamanı şəhərdə qalan son tibb bacılarından biri idim. Hadisə günü biz qadınlar, uşaqlar və sakinlər zirzəmidə gizlənmişdik.

Cavan oğlanlar, kişilər Xocalının müxtəlif mövqelərində postlarda dururdular. Onlar əsgər deyildilər, sadəcə, öz torpaqlarını, ailələrini qorumaq üçün postda dururdular. Amma əsgərlər də var idi. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun öz batalyonu var idi. Ümumən silahımız az, zirehli texnikalarımız isə yox idi. Fevralın 25-dən 26-na keçən gecəyə qədər heç kim torpağını tərk etmək istəmirdi. Hamı deyirdi ki, son günə qədər burada qalacağıq. Çünki belə bir faciənin baş verəcəyinə inanmırdıq.

1992-ci il fevralın 25-i saat 11-ə qalmış zirzəmidə bizimlə birlikdə anası qalan oğlanlar gəlib dedilər ki, Xocalıya ruslarla ermənilər giriblər. Sonradan bildik ki, bu, 366-cı alay imiş. Oğlanlarımız qalmaq və vuruşmaq istədilər, amma silahımız çox az idi, 20 nəfərə bir avtomat düşürdü. Zirzəmidən çıxıb kəndin içindəki məktəb yolu ilə Qarqar çayına getdik. Qardaşım Zeynalov Qədir də yanımda idi.

O mənzərə 1941–1945-ci illərin müharibə səhnələrini xatırladırdı. İnsanlar ağlaya-ağlaya irəliləyirdilə. Kiminsə qoluna güllə dəymişdi, kiminsə ayağı yaralanmışdı. Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev  əməliyyat zamanı ayağından yaralanmışdı, yeriyə bilmirdi. Onu xərəkdə aparırdılar. Qarqar çayını keçib Kətik dağlarına tərəf getdik. Meşəyə girmək istəmirdik. Deyirdik ki, biz qayıtmayacağıqmı? Dağın ətəyində oturanda, kənddə bir ev yanırdı.

Alov o qədər güclü idi ki, kəndi işıqlandırmışdı, elə bil gündüz idi. Hadisələrin şiddətləndiyini eşidəndə meşəyə, Kətik dağlarına doğru getdik. Amma yolu azdıq və Şuşanın Meşəli kəndi istiqamətinə çıxdıq. Əslində Ağdama getməli idik. Təxminən 280-290 nəfər idik. Kim deyirdi ki, dağları tanıyır, biz də ona inanıb arxasınca gedirdik. Hava çox soyuq idi.

Vaqif adlı bir oğlanın üçüncü gün anası yeriyə bilmədi. Anası dedi:

“Oğul, sən get, cavansan, mən qalım".

Oğlan ov tüfəngini anasına verdi ki, ermənilər gəlsə, özünü qorusun. Qadın meşənin dərinliyində qaldı. Bir gün sonra yenidən dönüb  həmin yerə çatdıq. Qadın sağ idi, amma çox halsız və huşsuz vəziyyətdə idi. Yol gedə-gedə huşunu itirənlər var idi. Oğlu onu qucaqlayıb ağladı. Bu dəfə oğlanın atası da orada qaldı. Çox güman ki, ər-arvad aclıqdan və donvurmadan həlak oldular.

Meyitləri tapılmadı. Evlərdən hazırlıqsız çıxmışdıq, palto geyinməmişdik. İkinci gün çox çətin keçdi. Gündüz hərəkət edə bilmirdik, çünki görə bilərdilər. Axşam duman düşürdü, yolu azırdıq. Paltarlarımız əynimizdə donurdu. Yemək yox idi, hamı gücdən düşürdü”.

Onun sözlərinə görə, olduğu qrupda güllədən yox, donvurmadan ölənlər də oldu:

“ 290 nəfərlə yola çıxmışdıq, sonda 27 nəfər qaldıq. Qrupun bir hissəsi girov götürüldü. Girov olmamaq üçün özünü dağdan atanlar, özünə atəş açanlar oldu. Mən tibb bacısı idim. Qardaşımın da ayaqları don vurmuşdu. Oturanda ayaqlarımızı masaj edirdim ki, qan işləsin. Ətrafımdakılarada deyirdim ki, masaj etsinlər. Qrupumuzda 10, 12, 15 yaşlı uşaqlar var idi.

Ayaqları gömgöy olmuşdu. Xəstəxanaya çatanda bəzilərinin ayaqları dizdən aşağı kəsildi. Martın 2-də Ağdamın Şelli kəndinə çatdıq. O vaxt “Səhər” qəzetində adımız girov kimi çıxmışdı. Meşədə olduğumuz müddətdə hamı bizi girov bilirdi.

Ağdama çatanda sakinlər bizi evlərinə apardılar. Mən Bakıya zəng etdim ki, anam sağ olduğumu bilsin. Bacım Sevda telefonu sakit səslə açdı, elə bil bizi ölmüş bilirdilər. Dedim ki, Sevda, biz sağıq. Soruşdum ki, bizdən kimsə olubmu? Dedi ki, əmim oğlu martın 1-i dəfn olunub”.

O qeyd edib ki, Xocalı soyqırımı unudulmur:

“32 ildən sonra Xocalıya gedib atamın qəbrini ziyarət etdim və dedim: “Şükür, indi öz yurdumuzdayıq".

Prezidentimizin və Mehriban xanım Əliyevanın  canı sağ olsun ki, biz yenidən ocağımıza qayıtmışıq. Qardaş və bacılarım evlə təmin olunublar. Mehriban xanım Əliyeva evimizin açarını şəxsən özü təqdim edib.

Bu gün şükür edirik ki, Azərbaycan bütövdür, torpaqlarımız azad edılıb. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin! İndi yəqin ki, şəhidlərimizin ruhu şaddır. Bu vəhşilikləri unutmaq olmaz. Elə ailələr var ki, bir evdən üç qardaş şəhid olub, hətta bir ailədən beş şəhid çıxıb. Bu ağrı xalqımızın yaddaşından silinməyəcək”.

Избранный
2
1
cebheinfo.az

2Источники