RU

Azərbaycanın sülh təşəbbüsü və Qafqazda yeni geosiyasi tarazlıq axtarışı - ŞƏRH

Bakı, 25 fevral, AZƏRTAC

Tarixən mürəkkəb geosiyasi proseslərin mərkəzində yerləşən Cənubi Qafqaz regionu bu gün yeni siyasi mərhələyə qədəm qoyur. Qlobal güclərin maraqlarının kəsişdiyi, nəqliyyat və enerji marşrutlarının strateji əhəmiyyət daşıdığı bu coğrafiyada Azərbaycanın rolu getdikcə daha da artır. Rəsmi Bakının beynəlxalq Sülh Şurasına qoşulması ilə bağlı müzakirələr isə regionda formalaşan yeni reallıqlar fonunda xüsusi aktuallıq kəsb edir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli politoloq Kadir Uğur Yılmaz bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi və bölgədə uzun illər davam etmiş status-kvo aradan qaldırıldı. Bununla da Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün zəmin yarandı.

“Postmünaqişə mərhələsində Azərbaycanın əsas prioriteti davamlı sülhün və regional əməkdaşlığın təmin olunmasıdır. Bu kontekstdə regional sülh platformalarının yaradılması təşəbbüsü ölkənin xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” fikri milli dövlətçilik iradəsinin rəmzi idi. Müasir mərhələdə isə həmin iradə suveren qərarların qəbulu və müstəqil xarici siyasət xəttinin davam etdirilməsi ilə ifadə olunur. Azərbaycanın sülhyönümlü regional təşəbbüslərdə iştirakı Cənubi Qafqazda inklüziv və balanslı təhlükəsizlik modelinin formalaşmasına töhfə verə bilər. Bu modelin əsasını dövlətlərin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsipi təşkil etməlidir. Regionda maraqları olan iri güclər – Rusiya, Türkiyə, İran və Qərb institutları – Cənubi Qafqazı strateji məkan kimi qiymətləndirirlər. Belə şəraitdə Azərbaycanın balanslaşdırılmış və praqmatik siyasəti rəqabət mühitinin sabit əməkdaşlıq platformasına çevrilməsinə şərait yarada bilər”, - deyə o vurğulayıb.

Poltoloq qeyd edib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlarda da özünü göstərir. Kadir Uğur Yılmaz əlavə edib ki, Sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyası regionun uzunmüddətli sabitliyinə xidmət edən əsas amillər kimi qiymətləndirilir: “Eyni zamanda, regional əməkdaşlıq formatlarının yaradılması iqtisadi inteqrasiyanın genişlənməsinə imkan verə bilər. Xüsusilə nəqliyyat dəhlizlərinin bərpası və yeni logistika marşrutlarının açılması Cənubi Qafqazı Avrasiya məkanında mühüm tranzit qovşağına çevirə bilər. Azərbaycan-Türkiyə münasibətləri regionda sabitliyin mühüm dayaqlarından biri hesab olunur. Enerji, müdafiə və nəqliyyat sahələrində reallaşdırılan birgə layihələr iki ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirib.

Zəngəzur dəhlizinin açılması perspektivi isə yalnız regional deyil, qlobal miqyasda da əhəmiyyətli hesab olunur. Bu marşrut Orta Dəhlizin effektivliyini artırmaqla Şərqlə Qərb arasında yükdaşımaların həcminin artmasına töhfə verə bilər. Beləliklə, Azərbaycanın mümkün beynəlxalq Sülh Şurasına qoşulması Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin əsasını qoya bilər. Bu addım siyasi dialoqun genişlənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və təhlükəsizlik mühitinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud geosiyasi şəraitdə Azərbaycan milli maraqlara söykənən, beynəlxalq hüquq normalarına əsaslanan və qarşılıqlı faydalı tərəfdaşlığa açıq siyasət kursunu davam etdirir. Bu yanaşma Cənubi Qafqazın sabit və dayanıqlı inkişafı üçün etibarlı zəmin yaradır”.

Избранный
5
1
azertag.az

2Источники