RU

Düşmənlərə satılmış, onların maraqlarına xidmət edən xəyanətkar qüvvələr daha təhlükəlidir



"Son dövrlərdə xaricdə yaşayan və bloger fəaliyyəti ilə maskalanmış bir neçə nəfərdən ibarət xəyanətkar dəstə sosial şəbəkələrdə dövlətimizə, prezidentə və onun ailə üzvlərinə, iqtidarın ayrı-ayrı nümayəndələrinə qarşı söyüş, təhqir dilində qarayaxma kampaniyalarını genişləndiriblər. Bu kampaniyanın dövlətimizin beynəlxalq nüfuzunun möhkəmləndiyi, Ermənistanla münasibətlərin normallaşdığı, Zəngəzur dəhlizinin reallaşması yönündə real addımların atıldığı bir zamanda geniş vüssət alması təsadüfi deyil".

Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, siyasi texnalogiyaları az-çox anlayan hər kəs yaxşı başa düşür ki, bu tipli hadisələrin arxasında Azərbaycanda və regionda maraqları olan, lakin bu maraqları reallaşdıra bilməyən qüvvələr və dövlətlər dayanır:

"Bu o dövlətlərdir ki, güclü Azərbaycan onların geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Onlara xaosun hökm sürdüyü və asanlıqla idarə oluna biləcək iqtidara malik Azərbaycan lazımdır. Bu dövlətlərin məqsədlərinə xidmət edən yüngül pul hərisləri olan satqın şəxslər xarici xidmət orqanlarının istifadəsi üçün ən asan personalardır. Əks halda həyatında heç bir faydalı əməklə məşğul olmamış, xüsusi qabiliyyət və ixtisaslara malik olmayan bu şəxslər xarici ölkələrdə hansı hesaba yaşayırlar?

Bəs azərbaycan xalqının mövqeyi necədir? Xalqımız bu sualın cavabını dəfələrlə seçkilərdə Heydər Əliyev siyasi kursunu müdafiə etməklə vermiş və yanılmadığının təsdiqinə 2020 və 2023-cü illərdə bir daha əmin olmuşdur. Düşmənlə müharibə səngərlərdə başa çatsa da, informasiya məkanında davam etməkdədir".

Elçin Ağamalı qeyd edib ki, xarici düşmənlə aparılan mübarizədən fərqli olaraq, düşmənlərə satılmış, onların maraqlarına xidmət edən və bununla belə öz həqiqi niyyətini maskalamağa çalışan xəyanətkar qüvvələr daha təhlükəlidir:

"Döyüş meydanında səngər dəyişən, düşmənə hərbi sirrlər verən xəyanətkarlarla, dövlətin rəhbər şəxslərini, onun ayrı-ayrı nümayəndələrini təhqir etməklə məkrli düşmənə xidmət edənlər arasında heç bir fərq yoxdur. Çünki onların məqsədi eynidir. Düşmənə dövlətimiz qarşısında üstünlük qazandırmağa nail olmaq. Odur ki, görünən xarici düşmənlərə qarşı mübarizədə həmrəy ola bildiyimiz kimi, xəyanətkar və satqın həmyerlilərimizin (onlara eyni millətin nümayəndəsi deməyə adamın dili gəlmir) timsalında görünməyən düşmənlərə qarşı da amansız olmalıyıq. Bu milli məsələdir və hər kəsin mövqeyi önəmlidir. Düşmən xalqın iradəsini görməli və hiss etməlidir. Bu siyasi mövqe ilə yanaşı, vətəndaşlıq, milii-mənəvi dəyərlərin tələbidir".

Süleyman
Избранный
14
1
newscenter.az

2Источники