RU

Spalletti ''Qalatasaray''la oyunöncəsi nələr dedi? - ''1 qol vursaq... ''

İstanbulda ''Qalatasaray''a 2:5 məğlub olan ''Yuventus'' bu gün Çempionlar Liqasında tarixinin ən mühüm geridönüşlərindən birinə imza atmağa çalışacaq.

''Qoca Sinyora''nın təcrübəli çalışdırıcısı Luçano Spalletti mətbuat konfransında qarşıdakı oyunla bağlı fikirləri ilə bölüşüb. Onsuz da çətin durumda ''Yuve''də heyətlə bağlı problemlər var. İlk görüşdə zədələnən mərkəz müdafiəçisi Bremerin bu dəfə oynamaq ehtimalı azdı. Müdafiənin solunda iki futbolçu - Kambyaso ilə Kabal cəzalıdı. Həmin mövqedə Filip Kostiçin oynayacağı gözlənilir. Ən önəmlisi isə komandanın əsas ulduzu Kənan Yıldızın da durumu qeyri-müəyyəndi.

Spallettini dinləyək:

''Fanatlarımızın bizi ürəkdən dəstəkləmələrinə çox ehtiyacımız var. Onlarla birləşdikdə özümüzü daha güclü hesab edirik. Çətin dönəmdən keçirik və qarşıda bizi daha bir çətin oyun gözləyir. Kənan gənc yaşına rəğmən artıq bu komandanın liderlərindən biridi. Bir çox matçda liderlik keyfiyyətlərini nümayiş etdirərək bizə qələbələr qazandırıb. Güclü xarakterə malikdi və bu yaxınlarda onunla yeni müqavilə imzaladıq. Bu addımı ilə ''Yuventus''a nə qədər bağlı olduğunu göstərdi. Qarşıdakı oyunda da meydanda olmaq istədiyini və hazır olduğunu mənə bildirib. Bu da onun çox iradəli və güclü oyunçu olduğunu göstərir. ''Qalatasaray''ın ardından ''Roma'' ilə oynayacağıq. Tərəzinin gözünə qoysaq, ikisi də bizim üçün eyni çəkidə olan oyunlardı. Hər iki matç da çətin keçəcək. Keçmişdə olanlar artıq keçmişdə qalıb. Önümüzdəki matçlara baxmalıyıq. Nəticədən asılı olmayaraq ''Qalatasaray''la oyunda final fitinə qədər mübarizə aparacağıq. Bremer iştirak ərizəsində yer alacaq. Ola bilər ki, start heyətində oynasın. Meydana 1 qol vurmaq haqda düşünərək çıxmalıyıq. Çünki 1 qol vurduqdan sonra enerjimiz arta və matçın ssenarisi dəyişə bilər. Yəni birinci qolu vurduqdan sonra arxası gələcək. İlk matçı artıq unutmuşuq. Hər şeyə sıfırdan başlayırıq. Bəlkə də bu oyunda klubun gələcəyini inşa edəcəyik. Açıq danışsaq, Kostiçə bu mövsüm o qədər də çox şans vermədiyimin fərqindəyəm. Baş məşqçi bəzən çətin seçimlər etmək məcburiyyətində qalır. Kostiç əsil peşəkardı və bu klub üçün layiqli, dəyərli futbolçudu. Sol ayağından əla istifadə edir. Amma hər iki ayağı ilə oynaya bilir və bunun faydasını görə bilərik. Bu çətin dönəmdə Kostiçdən güclü performans gözləyirəm. O da dəyərli futbolçu olduğunu göstərmək fürsəti qazanıb''.
Избранный
3
1
football-plus.az

2Источники