Paris, 25 fevral, AZƏRTAC
“Horizons” və “Renaissance” partiyaları tərəfindən Paris merliyinə dəstəklənən namizəd Pyer-İv Burnazel “France Inter” radiosunda bildirib ki, o, kampaniyanı qalib gəlmək üçün aparır və ikinci turda nə Emmanuel Qrequara, nə də Raşida Datiyə qoşulmayacaq.
AZƏRTAC xəbər verir ki, Fransada bələdiyyə seçkiləri 15 və 22 mart tarixlərində keçiriləcək. Parisdə seçki mübarizəsi xüsusilə gərgin keçir və namizədlərin mövqeləri artıq ilk tur öncəsi aydınlaşmağa başlayıb.
Bu gün “France Inter” radiosuna müsahibəsində Pyer-İv Burnazel bəyan edib ki, o, ikinci turda heç bir rəqibini dəstəkləməyəcək.
“İkinci turda nə Qrequara, nə də Datiyə qoşulmayacam. Mən kampaniyanı qalib gəlmək üçün aparıram və hesab edirəm ki, parislilər Emmanuel Qrequar və Raşida Datinin təklif etdiyi yoldan fərqli bir alternativə layiqdirlər”, – deyə o bildirib.
Seçkilər ümumi ölkə kontekstində də diqqətlə izlənilir. Aparılan sorğuya görə, fransızların 55 faizi bələdiyyə səviyyəsində siyasi dəyişiklik arzulayır.