RU

® “Caspian Energy Club” üzvləri Azərbaycan Metrologiya İnstitutunu ziyarət ediblər

ain.az, Azertag portalına istinadən məlumat verir.

“Caspian Energy Club” tərəfindən həyata keçirilən “Grand CEO Tour” layihəsi çərçivəsində klub üzvləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna (AzMİ) işgüzar səfər təşkil olunub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbirdə açılış nitqi ilə çıxış edən AzMİ-nin baş direktoru Xamis Seyranov metrologiyanın biznes subyektləri üçün əhəmiyyətindən bəhs edərək bildirib ki, dəqiq və izləniləbilən ölçmələr müəssisələrə xammal sərfiyyatının optimallaşdırılması, istehsal proseslərində itkilərin minimuma endirilməsi və məhsulun texniki göstəricilərinin sabitliyinin təmin olunması baxımından mühüm imkanlar yaradır. Həmçinin qeyd olunub ki, metroloji xidmətlərdən istifadə beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılmasına, dövri yoxlamadan keçmiş ölçmə vasitələrinin məhsulların beynəlxalq normativ tələblərə uyğunluğunu təmin etməsi isə ixrac potensialının genişləndirilməsinə və sertifikatlaşdırma proseslərinin sürətləndirilməsinə xidmət edir.

Proqram çərçivəsində Azərbaycan Metrologiya İnstitutunun rəhbərliyi və aparıcı mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib, qurumun fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətləri, yüksək texnoloji laborator bazası və keyfiyyət infrastrukturunun inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, metrologiya sənaye istehsalından ixracyönümlü məhsulların keyfiyyət təminatına qədər iqtisadiyyatın bütün sahələrində strateji əhəmiyyət daşıyır və rəqabətqabiliyyətli bazar mühitinin ayrılmaz tərkib hissəsidir.

Ardınca İnstitutun ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında tanışlıq gəzintisi təşkil olunub. İştirakçılar ölçmə, kalibrləmə və sınaq proseslərinin mərhələləri ilə yerində tanış olmaq, tətbiq olunan metodologiyalar və beynəlxalq standartlara uyğun prosedurlar barədə ətraflı məlumat almaq imkanı əldə ediblər.

Proqramın növbəti hissəsində ənənəvi networking sessiyası təşkil edilib. Qeyri-rəsmi və səmimi mühitdə davam edən görüşlər çərçivəsində iştirakçılar geniş fikir mübadiləsi aparıblar, fəaliyyət istiqamətləri üzrə təcrübələrini bölüşüblər, yeni işgüzar əlaqələrin təməlini qoyublar və qarşılıqlı maraq doğuran əməkdaşlıq perspektivlərini ətraflı müzakirə ediblər.

“Caspian Energy Club” olaraq əsas prioritetimiz üzvlərimiz üçün praktiki fayda yaradan təşəbbüslər reallaşdırmaq, onların beynəlxalq və yerli bazarlarda rəqabət qabiliyyətini artırmaq və ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir. Azərbaycan Metrologiya İnstitutu kimi strateji əhəmiyyətli qurumlarla birbaşa təmaslar sahibkarlarımızın məhsul və xidmətlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, ixrac potensialının genişləndirilməsinə və beynəlxalq bazarlarda mövqelərinin möhkəmləndirilməsinə real töhfə verir. “Grand CEO Tour” layihəsi çərçivəsində biz qarşıdakı dövrdə də bir sıra iri dövlət və sənaye qurumlarına işgüzar səfərlərin təşkilini planlaşdırırıq. Bu təşəbbüsə qoşulmaq və layihənin növbəti səfərlərində iştirak etmək istəyən bütün şirkətləri fəal əməkdaşlığa dəvət edirik”, - deyə Telman Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Metrologiya İnstitutu ölkədə ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsini həyata keçirən əsas qurumlardan biridir və metroloji xidmətlərin göstərilməsi üzrə müasir texniki imkanlara malikdir.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
azertag.az

1Источники