Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycanın enerji siyasəti artıq sadəcə iqtisadi gəlir mənbəyi deyil, həm də siyasi çəkisinin əsas dayağına çevrilib. Xəzərin dərinliklərindən çıxarılan neft və qaz Avropaya uzanan boru xətləri ilə ölkəni etibarlı tərəfdaş kimi möhkəmləndirərkən, paralel şəkildə “yaşıl enerji”yə keçid gələcəyin strateji sığortası rolunu oynayır. Qarabağdan Naxçıvana qədər formalaşdırılan yaşıl enerji zonaları təkcə alternativ istehsal gücü deyil, həm də post-münaqişə mərhələsinin iqtisadi simvoludur. Bu gün Azərbaycan həm ənənəvi enerji xəritəsində mövqeyini qoruyur, həm də sabahın enerji modelinə sakit, amma qətiyyətli addımlarla inteqrasiya olunur.
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbərportalına açıqlamasında bildirib ki, Azərbaycanın enerji siyasəti son illərdə həm iqtisadi gəlirlərin artırılması, həm də geosiyasi mövqelərin möhkəmləndirilməsi baxımından strateji xarakter alıb: “Ölkə paralel şəkildə həm ənənəvi neft-qaz layihələrini genişləndirir, həm də bərpaolunan enerji sahəsində yeni tərəfdaşlıqlar formalaşdırır. Azərbaycanın enerji portfeli şaxələndirilməklə yanaşı, regionun əsas enerji qovşaqlarından birinə çevirilib.
Neft sektorunda əsas dayaqlardan biri Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yataqlarıdır. Bu layihə Böyük Britaniyanın BP şirkəti başda olmaqla beynəlxalq konsorsium tərəfindən idarə olunur və ölkənin xam neft hasilatının böyük hissəsini təmin edir. Hasil olunan neft əsasən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərləri vasitəsilə Avropa bazarına çıxarılır. Bu marşrutların mövcudluğu Azərbaycanın ixrac imkanlarını şaxələndirir və tranzit risklərini minimuma endirir”.
Əli Səlimov
“Xəzərin dərin hissələrindəki perspektivli yataqların işlənməsi gələcəkdə ixrac həcmlərinin qorunmasını təmin edəcək. Əlavə olaraq, SOCAR-ın Kanadadakı Gran Tierra şirkəti ilə 2026-cı ilin fevralında imzaladığı "onshore block" üzrə müqavilə Azərbaycanın yeni neft potensialını artırır”-deyə iqtisadçı əlavə edib.
“Qaz sektorunda əsas resurs bazası Şahdəniz yatağıdır. Bu yatağın ikinci mərhələsinin istismarı ilə Azərbaycan qazı Avropaya birbaşa çıxış əldə edib. 2025-ci ildə Avropaya təxminən 25 milyard m³ qaz ixrac olunub və gəlir təxminən 8.8 milyard dollar təşkil edib. Cənub Qaz Dəhlizi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə qaz Türkiyə, Yunanıstan və İtaliya bazarlarına çatdırılır. 2026-cı ilin yanvarından etibarən TAP vasitəsilə Avstriya və Almaniyaya birbaşa təchizat başlayıb. TAP-ın tutumu 2026-cı ildən ildə 1.2 milyard m³ artırılacaq və 2027-ci ilə 20 milyard m³ hədəfi planlaşdırılır.
Azərbaycan region ölkələri ilə qaz mübadiləsi və tranzit layihələri həyata keçirir. Belə ki, Türkmənistan qazının Azərbaycan üzərindən ötürülməsi və Türkiyə ilə strateji qaz əməkdaşlığı ölkənin regional enerji balansında rolunu gücləndirir. Həmçinin, Qara dəniz vasitəsilə Avropaya elektrik enerjisinin ixracını nəzərdə tutan layihələr də bərpaolunan enerji sahəsinin tranzit imkanlarını genişləndirir. Neft və qazın emalı və daxili dəyər zəncirinin genişləndirilməsi istiqamətində atılan addımlar da diqqətəlayiqdir. SOCAR-ın təşəbbüsü ilə reallaşdırılan STAR Neft Emalı Zavodu layihəsi Azərbaycan neftinin bir hissəsinin Türkiyədə emalını təmin edir. SOCAR Polymer layihəsi isə daxili sənaye potensialını artıraraq qeyri-xam məhsul ixracını genişləndirir.
Bərpaolunan enerji sahəsinə gəldikdə, Azərbaycan həm dövlət proqramları, həm də beynəlxalq tərəfdaşlıq vasitəsilə külək və günəş stansiyalarının tikintisini sürətləndirir. 2025-ci ildə hökumət bərpa olunan enerjinin payını 2027-ci ilə 33.7%, 2030-cu ilə 38%, 2032-ci ilə isə 8 GW (külək + günəş) hədəfinə çatdırmağı planlaşdırır.
Xızı-Abşeron Külək Stansiyasının 2026-cı ilin yanvarında rəsmi açılış oldu. Naxçıvanda 50 MW gücündə iki yeni günəş stansiyası üçün müqavilələr imzalanıb, Qobustan Günəş Stansiyası layihəsi isə irəliləyir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji zonası” sürətlə inkişaf edir”-deyə Əli Səlimov qeyd edib.
“Ümumilikdə, Azərbaycanın enerji strategiyası üç əsas istiqamət üzrə formalaşır. Bunlara mövcud neft-qaz gəlirlərinin qorunması və sabit ixrac marşrutlarının saxlanılması, qaz ixracının coğrafiyasının genişləndirilməsi və Avropa bazarında mövqelərin gücləndirilməsi, bərpaolunan enerji ixracı üzrə yeni imkanların yaradılması aid edilə bilər. Bu şaxələndirilmiş model, qlobal enerji bazarında qiymət dəyişkənliyi və geosiyasi risklərin artdığı bir dövrdə Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi dayanıqlığını təmin edən əsas mexanizm kimi çıxış edir. Azərbaycan həm ənənəvi enerji ixracatçısı statusunu qoruyur, həm də mərhələli şəkildə “yaşıl enerji” gündəliyinə inteqrasiya olunaraq regional enerji mərkəzi rolunu möhkəmləndirir”-deyə iqtisadçı bildirib.
Qeyd: Azərbaycanın enerji strategiyası bu gün təkcə resursların ixracına deyil, gələcəyin dayanıqlı modelinin qurulmasına xidmət edir. Biz həm mövcud neft-qaz potensialımızı qoruyur, həm də bərpaolunan enerji ilə iqtisadiyyatımızı daha güclü və şaxələndirilmiş hala gətiririk. Məqsəd aydındır: Azərbaycanı regionun etibarlı enerji mərkəzi kimi möhkəmləndirmək və bu üstünlüyü uzunmüddətli milli inkişafa çevirmək.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.