Fransanın paytaxtı Parisdə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, Azərbaycan səfirliyinin "La Tour Eiffel" teatrında təşkil etdiyi tədbirdə Fransada yaşayan həmvətənlərimiz, digər ölkələrin diplomatları və Fransa ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tədbiri açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərə qarşı törədilmiş həmin faciəli hadisələrdən danışıb. Onun sözlərinə görə, həmin gecə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan girov götürülüb, 150-dən çox insanın taleyi isə hələ də məlum deyil.
Əvvəlcə Ermənistan tərəfi baş verənləri Azərbaycanın təbliğatı kimi qələmə verməyə çalışaraq, hadisələrin baş verməsi faktını inkar edirdi. Lakin sonradan informasiya blokadası yarılıb. Tədbirdə nümayiş olunan və beynəlxalq mətbuatda həmin hadisələrlə bağlı dərc edilmiş materiallardan ibarət plakatlar bunun təsdiqi olub.
L. Abdullayeva qeyd edib ki, Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası Azərbaycan şəhərində baş verən hadisələr haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, onlara beynəlxalq siyasi-hüquqi qiymət verilməsinə nail olmaq və günahkarları məsuliyyətə cəlb etmək məqsədi daşıyır. "Bu proses artıq gedir – bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu hadisəni soyqırımı və bəşəriyyətə qarşı cinayət kimi tanıyıblar", - səfir qeyd edib.
Anım mərasimi violonçel ifaçısı Camal Əliyev və pianoçu Ece Dağıstanın ifasında klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib. Proqramda Paqanini, Sen-Sansın musiqiləri, həmçinin Azərbaycan və Türkiyə bəstəkarlarının kompozisiyaları səsləndirilib. Kədərli, lakin eyni zamanda həyat eşqi aşılayan musiqi iştirakçılar tərəfindən hərarətlə qarşılanıb. Səfirin öz çıxışı zamanı vurğuladığı kimi, bu gün Xocalıda həyat yenidən canlanır və Azərbaycan öz ərazisində belə halların bir daha təkrarlanmaması üçün səy göstərir və öz sülh gündəliyini irəli sürür.