RU

AMEA-da 40 manatlıq yuxu...

BAKI, 25 fevral. TELEQRAF

Səhər işə gedəndə, axşam geri dönəndə metroda, avtobusda mürgülədiyini gördüyümüz insanlarla AMEA-nın Rəyasət Heyətinin iclasında yuxulayan alimlər arasında heç bir fərq yoxdur.

Amma icitmai nəqliyyatda gedəcəyi məsafəni qənimət bilib gözünün acısını alan insanların şəklinin çəkib paylaşsaq, xeyli layk yığarıq, üstəlik müsbət şərhlər də gələr, dəstək çıxanlar da olacaq. Bir çoxu da həyat mübarizəsi aparan insanların fotosunu görüb onlara ürəyi yanacaq...

Lakin obyektiv AMEA-nın iclasında işə düşəndə vəziyyət bir qədər dəyişir, ədalət tərəzimiz bizi aldadır. Bu dəfə yuxulayanlar tənqid olunur.

Bununla bağlı Dostoyevskinin “Alçaldılmış və təhqir olunmuşlar” kitabında çox dəqiq yazılıb:

“Bir aslanı gün boyu təqib etsəydiniz və aslanın yaşamaq üçün apardığı mübarizəni görsəydiniz, günün sonunda bu aslanın bir ceyran ovlayıb yeməsi sizi xoşbəxt edərdi.

Eyni hekayəni ceyranı təqib edərək başlasaydınız və ceyranın yaşamaq üçün apardığı mübarizəyə şahid olsaydınız, günün sonunda bu ceyranın bir aslan tərəfindən ovlanması sizdə bir təəssüf oyadardı.

Deməli, başlanğıc nöqtəsi fərqli seçiləndə eyni insanda iki fərqli mühakimə yarana bilər. Buna görə də insanın içindəki ədalət hissi hansı hekayəni nə qədər müddətdə təqib etdiyinə bağlıdır”.

O gün iri market şəbəkələrinin birində çalışan tanışımdan iş rejimi və maaşı ilə maraqlanıram. 9 saat ayaq üstə dayanır, 4-5 nəfərin yerinə çalışır, ayın sonunda aldığı maaş 450 manat təşkil edir. Bu məbləğ onun ailəsinin aylıq dolanışığına da bəs etmir. Axı bu gənc özünün istirahətinə, əyləncəsinə də vaxt, vəsait sərf etməlidir.

Bu gün isə AMEA-dakı alimlərin maaşlarını sorğulayıram. Fəlsəfə doktoru bu elmi ada görə əlavə cəmi 60 manat, professor isə ondan 40 manat artıq alır. Ümumi maaşlar 500-800 manat arasıdır. İllərlə oxu, çalış, elmi ad al, axırda da cəmi 40-60 manat əlavə... 40 manata iki kilo ət düşür, onu da iki gün yeyirsən...

İclasa rəhbərlik edən, il ərzində gördüyü işlərin hesabatını verən AMEA prezidenti İsa Həbibbəylinin isə təkcə rəsmi maaşı 4000 manatdan yuxarıdır. Amma onun yuxusu gəlmir. Təkcə qızının seyfindən 1 milyon avro və çoxlu qızıl-zinyət əşyaları oğurlanan adamın da gözünə yuxu gedər?

Adamın üstəlik yağışlı havada çətirtutanı da var...

AMEA-nın İşlər idarəsinin sabiq müdiri Elton Məmmədov isə vəzifədə olduğu 3-5 ay ərzində 3 milyon manat büdcə vəsaiti əsassız olaraq xərcləmiş, cinayət işi açılandan sonra isə dərhal geri qaytarmışdı. Bu gün o yuxulayan alimlərin tək təsəllisi isə fevral ayının qısa olmasıdır...

Üç-beş gün sonra maaş veriləcək...

P.S. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə elmləri üzrə Fəxri Doktoru Əlisa Nicatın qaz pulunu ödəyə bilmədiyi üçün soyuqda qaldığını nə tez unutduq?..

Избранный
13
teleqraf.com

1Источники