RU

Razi Nurullayevin səsləndirdiyi fikirlər hazırda görülən işlərə adekvat deyil Vüqar İskəndərov

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Deputat həmkarım Razi Nurullayevin Milli Məclisin plenar iclasında səsləndirdiyi fikirlər, düşünürəm ki, hazırda görülən işlərə adekvat deyil və burada bir neçə məsələni unutmamalıyıq. Dövlət hazırda çox sürətli formada Qarabağ və Şərqi Zəngəzurda kəndlərimizi yenidən tikib-qurur, inşa edir. Burada əsas məsələ kənd və şəhər infrastrukturunun fərqli şəkildə yenidən dizayn olunmasıdır. Fərqli yanaşmalar kənd həyatının təbii formalaşmasına ziyan vura bilər".

Bunu Redaktor.az-a açıqlamasında deputat Vüqar iskəndərov həmkarı Razi Nurullayevin azad olunmuş ərazilərdəki kəndlərin funksional zonalara bölünməsi barədə təklifinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, hazırda kəndlərdə yeni yanaşmalar da mövcuddur:

"“Ağıllı kənd”, “Ağıllı şəhər” kontekstindən baxsaq, dövlət bu sahədə çox uğurlu fəaliyyət göstərir. Bu fəaliyyət nəticəsində insanlarımız öz dədə-baba yurdlarına, kəndlərinə, şəhərlərinə qayıdırlar. Düşünürük ki, kəndlərin təbii relyefi və coğrafi ərazisinə uyğun olaraq insanların fermer təsərrüfatı ilə, mal-qara saxlamaqla və yaxud əkin-biçinlə və digər sahələrdə fəaliyyət göstərməsi vacibdir. Bu, kənd həyatının təbii formasıdır. Lakin orada hər hansı yeni yanaşmalar tətbiq etmək istəyiriksə, bu, yerli icmalar səviyyəsində, hətta pilot layihə kimi də həyata keçirilə bilər. Amma bu, kənd həyatının təbii şəraitinə xələl gətirməməlidir".

Millət vəkili vurğuladı ki, yanaşmada müəyyən yanlışlıq da mövcuddur:

"Hazırda dövlət çox uğurlu layihələr icra edir. Təbii ki, insanlar kəndlərə köçdükdən sonra orada hansı sahə ilə, hansı işlə məşğul olacaqlarını özləri müəyyən edirlər və ərazinin xüsusiyyətlərinə uyğun şəkildə kənd həyatının təbii inkişafı istiqamətində fəaliyyət göstərirlər – istər əkin-biçinlə, istər mal-qara saxlamaqla, istərsə də fermer təsərrüfatı yaratmaqla. Məskunlaşma tam başa çatdıqdan sonra kəndlər təbii formada öz inkişaf yoluna qədəm qoyacaq və insanlar istəklərinə uyğun olaraq hansı sahə ilə məşğul olacaqlarını özləri müəyyən edəcəklər. Bütün bunlar qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Burada əsas məsələ dövlətin yanaşmasıdır. Dövlət ilk növbədə kəndlərin təbii relyefini nəzərə alır, insanların hansı sahə ilə məşğul olmasını diqqətdə saxlayaraq onlara alətlər və dəstək verir. Bu proses davamlı olacaq. İnsanlar kənd həyatını formalaşdırmaqla, orada yaşayaraq icmalar şəklində də öz həyatlarını quracaqlar.

Kəndlərin ixtisaslaşma formatına salınması yolu ilə məsələnin həll edilməsi isə doğru hesab edilmir. Bir kənddə insanların yalnız mal-qara saxlamaqla, digərində isə yalnız bitkiçiliklə məşğul olmasını inzibati qaydada müəyyənləşdirmək düzgün olmazdı. Bu, təbii yanaşma və təbii seçim deyil. Belə inzibati metodların tətbiqi sosial narazılığa səbəb ola bilər. İnsanlar hansı işlə, hansı sahə ilə məşğul olacaqlarını özləri seçməlidirlər və həmin fəaliyyət qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
redaktor.az

2Источники