Bakı, 25 fevral, AZƏRTAC
Auditorlar Palatasında “Xocalı Soyqırımı”nın 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Xocalı faciəsi zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra “26 fevral - Xocalı soyqırımı - insanlığa qarşı cinayət” faciəsinə həsr olunmuş videoçarx nümayişi etdirilib.
Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının qan yaddaşına çevrilmiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri kimi yadda qalıb. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyində dərin iz buraxıb, insanlıq adına ağır cinayət kimi tarixə düşüb.
Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında Heydər Əliyev Fondu tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası mühüm rol oynayıb. Bu təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, konfranslar və məlumatlandırma tədbirləri keçirilib.
Bu günə qədər Bosniya və Hersoqovina, Kolumbiya, Çexiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları Xocalı soyqırımına dair müvafiq qətnamələr qəbul ediblər. Bu gün artıq ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılıb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.
Tədbirdə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Audit sistemində icra intizamına nəzarət şöbəsinin müdiri Zaur Almazov, İnsan resursları üzrə menecer Nərgiz Abdullayeva, Dövlət orqanları ilə iş şöbəsinin müdir müavini Heydər Yusifzadə də mövzu ətrafında çıxış edərək Xocalı faciəsinin sadəcə Azərbaycanın deyil, eyni zamanda, insanlıq tarixinin qara səhifəsi olaraq yaddaşlara həkk olunduğunu və həmin günün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq bir gün olduğunu qeyd ediblər.
Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacaq.