RU

Əmmanda Xocalı soyqırımı qurbanları anılıb

Qahirə, 25 fevral, AZƏRTAC

Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İordaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyət təmsilçiləri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, anım tədbiri Xocalı faciəsi qurbanlarının və Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam etmiş təcavüzü zamanı həyatını itirmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Ş.Abdullayev Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən qanlı və faciəli səhifələrdən biri olduğunu bildirib, bu dəhşətli cinayətin Ermənistanın həyata keçirdiyi etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin tərkib hissəsi kimi törədildiyini qeyd edib.

Tədbirdə çıxış edən diaspor nümayəndələri Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını vurğulayıb, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib, soyqırım qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

İordaniyanın “Petra” dövlət informasiya agentliyi (ərəb və ingilis dillərində), gündəlik “Jordan Daily” (ingilis dilində) qəzetində, “al-Wakaai.com”, “əl-Məmləkə” telekanalının saytı, “Ammonnews”, “əl-Bələd” və “Nayrouz.com” internet səhifələrində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan səfirliyinin bəyanatı işıqlandırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Избранный
42
1
azertag.az

2Источники