RU

Cenevrə görüşü ərəfəsində sərt mesajlar: Tərəflər kompromisə hazırdır? - ŞƏRH

Avropa Birliyi-nin vasitəçiliyi ilə Cenevrədə keçiriləcək növbəti ABŞ–İran danışıqları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Tərəflər arasında aparılan təmasların sayca üçüncü raundu olan bu görüş uzun illərdir davam edən siyasi və diplomatik gərginliyin fonunda xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq ictimaiyyət prosesi diqqətlə və maraqla izləyir. Diplomatik mənbələr ehtiyatlı nikbinlik nümayiş etdirsə də, tərəflər arasında hələ də qalmaqda olan ciddi fikir ayrılıqları yekun razılaşmanın əldə olunmasını sual altında saxlayır. Cenevrə görüşünün nəticəsi həm regionda, həm də qlobal miqyasda siyasi proseslərin istiqamətinə təsir göstərə bilər.

Maraqlıdır görəsən, bu görüş ölkələr arasında yeni başlanğıcın mərhələsi ola bilərmi? Turkustan.az olaraq bu sualı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Prezidentin

Məhəmməd Əsədullazadə

ABŞ ilə İran arasında mövcud şərtlər daxilində hər hansı bir orta məxrəcə gəlinməsi real görünmür. Bunun əsas səbəblərindən biri İranın, xüsusilə də Çinin hərbi-logistik dəstəyinə arxalanaraq, prinsipial mövqeyindən geri çəkilməməsidir.

ABŞ-da isə Prezident və Konqres üzvləri tərəfindən verilən bəyanatlarda Vaşinqtonun mümkün ssenarilərə hazır olduğu vurğulanır. Xüsusilə qeyd olunur ki, İran nüvə silahına sahib olmamalıdır və uranın zənginləşdirilməsi prosesi tamamilə dayandırılmalıdır. Lakin Tehran bu tələbləri qəbul etmir və öz mövqeyində qalır.

Bu çərçivədə həm Omanda, həm də Cenevrədə iki dəfə danışıqlar keçirilsə də, növbəti görüşlərdən müsbət nəticə gözlənilmir. Çünki İranın ali rəhbərliyi danışıqlara ciddi inam göstərmir və bu prosesi daha çox vaxt qazanmaq vasitəsi kimi qiymətləndirir. Bəzi ekspertlərin fikrincə, bu yanaşma eyni zamanda mümkün hərbi ssenarilərə hazırlıq elementi kimi də dəyərləndirilə bilər.

İran daxilində isə müxtəlif siyasi qanadlar arasında yanaşma fərqləri müşahidə olunur. Daha praqmatik mövqedə olan dairələr danışıqlarda kompromisə meylli görünsələr də, sərt xətt tərəfdarları geri çəkilməyə hazır deyillər. Eyni zamanda, ABŞ-ın İran daxilində baş verən ictimai-siyasi prosesləri diqqətlə izlədiyi və Tehranın daxili siyasi sisteminə təsir imkanlarını nəzərdən keçirdiyi də iddia olunur.

Ümumilikdə, hazırkı mərhələdə tərəflərdən daha çox sərt bəyanatlar eşidilir, nəinki kompromisə açıq mesajlar.

Aytən Yaşar/ Turkustan.az

Избранный
47
1
turkustan.az

2Источники