RU

Bizim yolumuz yalnız dövlətçilik yoludur



Tarixi təcrübə göstərir ki, biz bir çox siyasətçilərin siyasi iflasa uğraması hadisələrini yaşamışıq. Cəmiyyətdə etimadını itirən və seçkilərdə dəfələrlə məğlub olan siyasətçilər iflasa uğrayır. Bu, bütün ölkələrdə baş verən və qəbul olunan siyasi hadisələrdir. Lakin məğlub olduqca etimadının azalmasını gördükcə, dövlətə və xalqa qarşı çıxmaq, kimlərinsə diqtəsi və təsiri ilə bu prosesi həyata keçirmək iflas deyil, siyasi xəyanətin başlamasıdır.

Siyasi xəyanət psixologiyasına məğlub olan siyasətçilər və ətrafındakı manqurtlar bu gün Azərbaycana qarşı bütün iyrənc vasitələrdən istifadə edərək hücuma keçiblər. Bu normaldırmı? Bəli, onlar üçün normaldır, çünki seçdikləri siyasi satqınlıq yolu onları məcbur edir ki, belə davransınlar. İnsanlar səhv etdiklərini qəbul edəndə daxili narahatlıq yaşayır. Bunun üçün ya davranışını dəyişərək narahatlığını azaltmalı, yəni doğru yola qayıtmalı, ya da özünü haqlı çıxarmalıdır. Birinci yolu seçənlər daha ayıq, ağıllı və müdrik olurlar. Amma ikinci yolu seçənlər “mən səhv etmirəm” deyən və özünü müdafiə edənlərdir. Onlar eynən danışdığımız satqınlar kimi uzun bir yanlış yol qət edib xəyanət cığırının sonundadırlar.

Uzun müddət bu yolda enerji və vaxt sərf edən insanlar, geri dönməyi və düz yola qayıtmağı məğlubiyyət kimi görüb davamlı olaraq yanlışlarla dolu həyatı seçirsə, bu, yalnız onların öz günahı və məsuliyyətidir. Çünki belə hallarda rasional yanaşma göstərir ki, yanlışdan qayıtmaq güc və ağıllı olmağın əlamətidir. Lakin öz mövqeyini müqəddəs və toxunulmaz sayan, fanatizm xəstəliyinə düçar olanlar düşüncə və şəxsiyyət deqradasiyasına uğramış zavallılardır. Bizim onlara yardımımız yalnız bu tip yazılarla təsir göstərərək düz yola qayıtmalarını təmin etməkdir. Əgər bu alınmırsa, onların davranışı hüquq üsullarla tənzimlənir. Ən dəhşətlisi odur ki, yenə bu tip insanlar özlərini günahkar saymırlar. Bu artıq bir siyasətçi kimi məhv olmaq, bir insan kimi mənəvi yox olmaq deməkdir.

İndiyə qədər bütün bu yollar, davranışlar və məntiqlər ümumiyyətlə insan həyatı elmi nəzəriyyələri ilə öyrənilib. Elmi savadı və siyasi intellekti olanlar qarşı tərəfin atdığı addımları hesablaya bilir. Amma bu ölkəyə düşmən kəsilmiş, bu xalqa xəyanət edənlər elmi nəzəriyyələrdə və akademik intellektdə çox cılız və biabırçı görünürlər. Sadəcə özünüz fərqində deyilsiniz, yalnız bu gün üçün yaşayırsınız. Ağıllı insanlar həm keçmişi yaşadır, həm bu günü düşünür, həm də gələcəyi planlaşdırır. Siz bu elm dəryasına aid olanlardan deyilsiniz. Şüurunuz yetərli deyil, yolun sonundasınız. Taleyinizi özünüz seçdiniz, özünüz yazdınız seçim sizindir.

Bizim yolumuz yalnız dövlətçilik yoludur, Xocalının qisasını alanların yoludur, dövləti yaşadanların yoludur, xalqımızı düşünənlərin yoludur inkişaf və güclənmə yoludur.

Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Избранный
23
1
newscenter.az

2Источники