RU

Şirkətin 41 min manatını mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Cahangir Fərəczadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin olunub, Nərimanov Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 2 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1 və 5.2-ci bəndləri tətbiq olunub və Cahangir Fərəczadəyə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılmaqla üzərində qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. O, dərhal məhkəmə iclas zalından həbsə alınıb.

 

İttihama əsasən, Cahangir Fərəczadə Bakıda fəaliyyət göstərən MMC-lərin birində 2017-2021-ci il tarixə satış təmsilçisi (ekspeditor) vəzifəsində işləyib. O, şirkətlə bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona həvalə edilmiş maddi sərvətlərin qorunmasına, uçotunun aparılmasına və təhlükəsizliyinə cavabdeh olub.

 

İş materiallarında göstərilir ki, təqsirləndirilən şəxs inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Abşeron rayonu Digah Əliçıraxlı qəsəbəsində, Abşeron rayonu Xırdalan şəhəri (Bakı–Sumqayıt şossesi, Masazır-2 ünvanı), Bakı şəhəri Binəqədi rayonu (Binəqədi şossesi, Baksol ərazisi), eləcə də Nərimanov rayonu ərazisində yerləşən bir neçə anbardan tikinti materialları və maye inşaat qarışıqlarını qəbul edib.

 

Cahangir Fərəczadə 2020-2021-ci il tarixlərində müxtəlif adda və çeşiddə tikinti materiallarını sifariş edərək Bakı şəhəri ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil verib.

 

Aparılmış maliyyə araşdırmaları zamanı müəyyən edilib ki, həmin dövrdə müştərilərdə 95 470,26 manat məbləğində qalıq yaranıb, 32 088,53 manatlıq mal geri qaytarılıb, 1 701,56 manat silinmə aparılıb, müştərilər tərəfindən təsdiq olunan borc isə 27 410,62 manat təşkil edib. Ümumilikdə satışdan əldə edilən 159 297,37 manat nağd pul vəsaitinin 118 581,42 manatı hissə-hissə şirkətin xəzinəsinə ödənilib. Lakin təqsirləndirilən şəxs 40 715,95 manat məbləğində vəsaiti xəzinəyə təhvil verməyərək şəxsi ehtiyaclarına sərf edib. Bununla da o, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə yolu ilə talamaqda təqsirli bilinib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdu. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, cəzanın daha ağır həddə – ittiham tərəfinin təklif etdiyi əsas və əlavə cəza çərçivəsində təyin edilməsini xahiş edib. Eyni zamanda zərərçəkmiş MMC-nin nümayəndəsi də apellyasiya şikayəti təqdim edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 26 Fevral 2026, 08:16   
Избранный
32
pravda.az

1Источники