Son illər Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr getdikcə daha da intensivləşir.
Uzun illər işləməsinə baxmayaraq, aldığı pensiyanın aşağı olmasından narazı qalan vətəndaşların sayı az deyil. Bu narazılıqlar bəzən sıravi işçilərlə məhdudlaşmır, hətta keçmiş yüksək vəzifəli şəxslər və sabiq hakimlər də aşağı pensiya məbləğindən şikayət edirlər. Digər tərəfdən, bəzi hallarda pensiyaların artıq hesablandığı, sonradan geri qaytarılmalı olduğu da ortaya çıxır. Bütün bunlar pensiya hesablanması mexanizminin cəmiyyətdə kifayət qədər aydın olmadığını göstərir.
Publika.az bildirir ki, xüsusilə 2026-cı ildən etibarən stajın hesablanmasında nəzərdə tutulan dəyişikliklər mövzunu daha актуallaşdırır.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Nocomment.az-a bildirib ki, hazırda Azərbaycanda yaşa görə əmək pensiyasının hesablanması əsasən toplanmış pensiya kapitalına əsaslanır:
“Qanunvericiliyə görə, şəxsin fərdi hesabında toplanmış sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinə – yəni 144 aya bölünür və aylıq pensiya məbləği bu yolla müəyyən edilir. Bu mexanizm kağız üzərində ədalətli görünsə də, real həyatda insanların əmək fəaliyyəti və gəlirləri ilə tam uzlaşmır.