RU

Xocalı soyqırımı insanliq tarixinin sağalmayan yarasıdır- DEPUTAT YAZIR




Əziz Ələkbərli
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət tarixinə ən qanlı və amansız səhifələrdən biri kimi həkk olundu. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı aktı, təkcə bir xalqın fərdlərinə qarşı deyil, ümumilikdə insanlıq dəyərlərinə qarşı yönəlmiş ağır cinayət idi. Bu gün həmin dəhşətli hadisədən 34 il ötür. Bu illər ərzində Xocalı adı Azərbaycan xalqı üçün həm böyük bir kədərin, həm də ədalət uğrunda sarsılmaz mübarizənin rəmzinə çevrilib.

Xocalı faciəsi təsadüfi bir hadisə deyil, erməni millətçilərinin uzun illər planlaşdırdığı etnik təmizləmə siyasətinin ən pik nöqtəsi idi. 1991-ci ilin payızından etibarən Xocalı tam blokadaya alınmışdı. Şəhərin dünya ilə yeganə əlaqəsi vertolyotlar vasitəsilə saxlanılsa da, 1992-ci ilin yanvarında Şuşa üzərində mülki vertolyotun vurulması ilə bu yol da kəsildi. Şəhərdə qaz, elektrik enerjisi yox idi, rabitə kəsilmişdi, ərzaq və tibbi ləvazimatlar tükənmək üzrə idi. Xocalı sakinləri çətin coğrafi şəraitdə, ağır qış şaxtasında həm aclığa, həm də hər gün artan artilleriya atəşlərinə qarşı təkbaşına mübarizə aparırdılar.



Fevralın 25-i axşam saatlarında Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnikası şəhəri mühasirəyə aldı. Gece saat 23:00 radələrində başlayan hücum Xocalını cəhənnəmə çevirdi. Od saçan toplar şəhəri xarabalığa çevirərkən, dinc sakinlər yeganə çıxış yolu kimi meşəliklərə, Ağdam istiqamətinə üz tutdular. Lakin bu, onlar üçün hazırlanan xain bir tələ idi. Naxçıvanlı kəndi yaxınlığında pusqu quran erməni silahlı dəstələri qardan və soyuqdan donan, taqətdən düşən uşaqları, qadınları və qocaları yaxın məsafədən atəşə tutdular. O gecə törədilən vəhşiliklər ağlasığmaz idi: insanlar diri-diri yandırılır, skalp edilir, xüsusi qəddarlıqla qətlə yetirilirdi.

Bu qətliam nəticəsində rəsmi statistikaya görə 613 nəfər həyatını itirdi. Onların arasında 63 uşaq, 106 qadın və 70 qoca var idi. 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü. Əsirlikdə olanların taleyi isə tarixin ən qara ləkələrindən biri olaraq qalır; onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil.

Xocalı faciəsi beynəlxalq hüquq normalarına, xüsusilə 1948-ci il "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə tam mənada soyqırımıdır. Azərbaycan dövləti və xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!"  kampaniyası bu həqiqətlərin dünyaya çatdırılmasında dönüş nöqtəsi oldu. Bu gün Meksika, Pakistan, Kolumbiya, Çexiya və digər onlarla ölkə, eləcə də ABŞ-ın bir çox ştatı Xocalını soyqırımı və ya insanlıq əleyhinə cinayət kimi tanıyıb. Beynəlxalq müstəvidə aparılan bu işlər Ermənistanın cinayətkar mahiyyətini ifşa etməklə yanaşı, gələcəkdə belə faciələrin təkrarlanmaması üçün mühüm xəbərdarlıqdır.

Bu gün Xocalı faciəsinin 34-cü ildönümünü əvvəlki illərdən fərqləndirən ən böyük amil torpaqlarımızın azadlığıdır. Müzəffər Azərbaycan Ordusu 2020-ci il Vətən Müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri ilə Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Xocalı şəhərində Azərbaycan bayrağı dalğalanır, şəhər yenidən qurulur və illərdir vətən həsrəti ilə yaşayan sakinlər öz doğma yurdlarına qayıdırlar.

Xocalı faciəsi bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Bu hadisə həm böyük bir kədər, həm də xalqımızın sarsılmaz birliyinin, dözümünün və haqq yolunda apardığı mübarizənin simvoludur. 34 il keçsə də, dünya bilməlidir ki, Xocalı unudulmayıb və unudulmayacaq.





Избранный
22
aia.az

1Источники