Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən "Xocalı soyqırımı günü haqqında" qərarın qəbul olunması ilə bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Hər il 26 fevral saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsinin elan olunması xalqımızın şəhidlərimizin xatirəsinə göstərdiyi dərin ehtiramın ifadəsidir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz və diaspor təşkilatlarımız tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi və həqiqətlərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bir çox ölkələrin parlamentləri tərəfindən qəbul olunmuş qətnamələr məhz bu ardıcıl, prinsipial və sistemli fəaliyyətin məntiqi nəticəsidir.
Məhz bu həqiqətlərin dünya miqyasında tanıdılması və ədalət tələbinin beynəlxalq səviyyədə səsləndirilməsi 2020-ci ildə əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi əsasını daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış Qələbə xalqımızın 30 illik ədalət mübarizəsinin şanlı yekunu oldu. 2023-cü ildə Xocalı şəhərində üçrəngli Azərbaycan Bayrağının ucaldılması isə tarixi ədalətin bərpasının ən parlaq rəmzinə çevrildi.
Bu gün Xocalıda həyat yenidən canlanır, genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlərin məskunlaşması prosesi inamla davam edir. Xocalı bugün dirçəlişin, qayıdışın və qalib Azərbaycanın gücünün simvollarından biridir.
2025-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" imzalanmış Sərəncam isə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu memorial gələcək nəsillərə həqiqətləri çatdıracaq, tariximizin bu qanlı səhifəsini unutmağa qoymayacaq. Xocalı şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31