RU

Rusiya sanksiyaları necə aşır? 8 milyard dollarlıq “ofşor marşrut” ifşa olundu

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Beynəlxalq sanksiyalara və artan təzyiqlərə baxmayaraq, Rusiya xarici ticarət əməliyyatlarını Britaniyaya bağlı ofşor zonalar vasitəsilə davam etdirib.

“AzPolitika” bildirir ki, bu barədə Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International) yeni hesabatında bildirilir.

Sənədə əsasən, 2022-ci ilin fevralından 2025-ci ilin yanvarına qədər Rusiya şirkətləri Britaniyanın dənizaşırı ərazilərində qeydiyyatdan keçmiş qurumlar vasitəsilə azı 8 milyard dollarlıq xarici ticarət əməliyyatı həyata keçiriblər. Ümumilikdə 29 minə yaxın əməliyyat qeydə alınıb.

Hesabat müəllifləri qeyd edirlər ki, əməliyyatların 90 faizdən çoxu iki əsas yurisdiksiyanın – Britaniya Vircin adaları və Bermud adaları üzərindən həyata keçirilib.

Bu ərazi Rusiyadan ixrac üçün əsas tranzit mərkəzinə çevrilib. Buradan “Rosneft”in neft məhsulları, polad və kömür, o cümlədən Ukraynanın Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərində hasil edilmiş xammal daşınıb. Bu fakt hesabatda xüsusi vurğulanır və qeyd olunur ki, belə mexanizmlər sanksiyaların effektivliyini zəiflədir.

Bermud adaları əsasən neft-qaz sənayesi üçün istifadə olunub. Burada yerləşən vasitəçilər vasitəsilə qaz turbinləri üçün ehtiyat hissələri, qazma avadanlıqları və digər texniki komponentlər alınıb.

Bu isə göstərir ki, Rusiya enerji sektoruna tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, alternativ tədarük zəncirləri formalaşdırmağa nail olub.

Hesabatda həmçinin Kayman adaları və Cəbəllütariq vasitəsilə aparılan əməliyyatlar da əksini tapıb. Bu istiqamətlər üzrə qurğuşun və sink daxil olmaqla metallar, qızıl külçələri, helikopter aviasiyası üçün ehtiyat hissələri daşınıb. Bu faktlar göstərir ki, ofşor zonalar yalnız enerji deyil, həm də strateji metallarla bağlı ticarətdə mühüm rol oynayır.

Hesabatın ayrıca bölməsi yaxtalarla bağlıdır. Araşdırmada Rusiyaya və ya Rusiyadan ofşor şirkətlər vasitəsilə həyata keçirilmiş azı 160 yaxta köçürülməsi halı qeydə alınıb.

Xüsusilə Kayman adaları və Britaniya Vircin adaları üzərindən Rusiya siyasi elitası və iri biznes dairələri ilə əlaqəli gəmilərin servisi, idxalı və sənədləşdirilməsi təşkil olunub. Tədqiqatçılar bildirirlər ki, bəzi əməliyyatlar ölkənin ali rəhbərliyinə yaxın çevrələrlə əlaqələndirilir.

Hesabat müəllifləri vurğulayırlar ki, Britaniyanın dənizaşırı əraziləri real benefisiarların gizlədilməsi üçün əlverişli şərait yaradır. Rəsmi London şirkət sahiblərinin açıqlanmasını tələb etsə də, bu mexanizmlərin tətbiqi uzun müddətdir təxirə salınır. Bu isə gəlirlərin gizlədilməsinə, vasitəçi şirkətlər şəbəkəsinin qurulmasına, sanksiyaların dolanılmasına imkan verir.

“Transparency International” bildirir ki, 2022-ci ilin sonlarından etibarən əməliyyatların intensivliyi risklərin artması və logistikanın bahalaşması səbəbindən müəyyən qədər azalıb. Lakin ödəniş və tədarük kanalları tam bağlanmayıb və qeyri-şəffaf yurisdiksiyalar vasitəsilə fəaliyyət davam edir.

Hesabat bir daha göstərir ki, sanksiyalar yalnız formal qərarlarla deyil, həm də ofşor maliyyə sistemində şəffaflığın təmin olunması ilə effektiv ola bilər. Əks halda, milyardlarla dollarlıq ticarət axınları kölgə iqtisadiyyatında yolunu tapmağa davam edəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
azpolitika.info

1Источники