RU

Türkiyəli ekspert: Qarabağ turizmi Cənubi Qafqazın yeni cazibə mərkəzinə çevrilə bilər

Bakı, 26 fevral, AZƏRTAC

Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi regionun turizm potensialını tamamilə yeni mərhələyə daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm və regional inkişaf üzrə ekspert Adnan Zanburkan bildirib.

Onun sözlərinə görə, beynəlxalq turistlərin bölgəyə cəlb olunması üçün ilk növbədə nəqliyyat əlçatanlığı və effektiv tanıtım strategiyası prioritet olmalıdır: “Bu baxımdan Füzuli, Zəngilan və Laçın Beynəlxalq Aeroportları regionun qlobal turizm şəbəkəsinə inteqrasiyası baxımından mühüm infrastruktur bazası formalaşdırır”.

“Birbaşa beynəlxalq uçuşların təşkili, aşağıbüdcəli aviaşirkətlərin cəlbi və tranzit imkanlarının genişləndirilməsi Qarabağı Avropa, Yaxın Şərq və Mərkəzi Asiya bazarları üçün daha əlçatan edəcək. Paralel olaraq rəqəmsal marketinq strategiyası hazırlanmalı, çoxdilli platformalarda Qarabağın turizm brendi formalaşdırılmalıdır”, – deyə o vurğulayıb.

Türkiyəli ekspert qeyd edib ki, Qarabağda turizm sənayesinin sürətli inkişafı üçün dövlət-özəl sektor əməkdaşlığı əsas mexanizmlərdən biri olacaq. Onun sözlərinə görə, dövlət tərəfindən yaradılan güzəştli vergi rejimi və investisiya təşviqləri özəl kapitalın regiona yönəlməsini artırır.

“Türkiyənin turizm təcrübəsi göstərir ki, dövlət-özəl tərəfdaşlıq modeli hotelçilik, istirahət mərkəzləri və əyləncə infrastrukturu sahəsində layihələrin daha qısa müddətdə reallaşmasına imkan yaradır. Qarabağda da bu model tətbiq olunarsa, region Cənubi Qafqazın yeni turizm mərkəzinə çevrilə bilər”, – deyə ekspert bildirib.

Adnan Zanburkan Qarabağın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, xüsusilə Şuşa şəhəri tarixi-mədəni simvol kimi Qarabağ turizminin lokomotivi rolunu oynaya bilər.

“Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidi və digər tarixi abidələrin beynəlxalq səviyyədə tanıdılması, UNESCO siyahısına daxil edilməsi istiqamətində işlərin aparılması bölgəyə mədəni turizm axınını əhəmiyyətli dərəcədə artıra bilər. UNESCO statusu yüksəkgəlirli turist seqmentini cəlb edir və regionun imicini möhkəmləndirir”, – deyə o əlavə edib.

Türkiyəli mütəxəssis Qarabağda turizmin inkişafı zamanı ekoloji tarazlığın qorunmasının vacibliyini də qeyd edib. Onun fikrincə, “yaşıl enerji” yanaşmasının tətbiqi, alternativ enerji mənbələrindən istifadə və ekoturizm marşrutlarının yaradılması uzunmüddətli perspektivdə regionun rəqabət qabiliyyətini artıracaq.

“Qarabağ təbii landşaft baxımından çox zəngindir. Əgər inkişaf prosesi ekoloji standartlara uyğun aparılarsa, bu bölgə həm ekoturizm, həm də sağlamlıq turizmi üçün nümunəvi modelə çevrilə bilər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Qarabağın mineral su ehtiyatları və dağlıq əraziləri sağlamlıq və qış turizmi baxımından geniş imkanlar yaradır. Müasir sanatoriya və reabilitasiya mərkəzlərinin yaradılması, həmçinin dağ-xizək komplekslərinin qurulması regionun turizm mövsümünü uzada və gəlirliliyi artıra bilər.

Ekspert qeyd edib ki, yeni avtomobil yolları və logistika layihələri turizm axınının davamlılığını təmin edəcək, bölgəni regional marşrutların əsas istiqamətlərindən birinə çevirəcək: “Qarabağda həyata keçirilən kompleks inkişaf strategiyası düzgün planlaşdırma və beynəlxalq əməkdaşlıqla birləşdirildiyi təqdirdə, region yaxın illərdə Cənubi Qafqazın ən dinamik turizm məkanlarından birinə çevrilə bilər”.

Избранный
23
1
azertag.az

2Источники