RU

Xərçəng metastazlarının aradan qaldırılması üçün yeniTƏKLİF

Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutu (İNTS RAN)-nun tədqiqatçıları xərçəngin müalicəsinə yeni yanaşma hazırlayıblar. Gəmiricilər üzərində aparılan təcrübələrdə bu metod metastaz yaradan bütün şiş ocaqlarının tam məhv edilməsini göstərib.

Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.

Metastazlar şişin ikincili ocaqlarıdır. Xərçəng hüceyrələri ilkin yarandığı yerdən ayrılaraq qan və ya limfa sistemi vasitəsilə orqanizmin digər sağlam hissələrinə yayılır və yeni şiş ocaqları əmələ gətirir.

Alimlərin sözlərinə görə, metastazları tam aradan qaldırmaq çətindir. Kimyaterapiya əsasən aktiv xərçəng hüceyrələrini məhv edir. Lakin hüceyrələrin kiçik bir hissəsi “yuxu” vəziyyətinə keçir və dərmanlara davamlı olur. Bu hüceyrələr istənilən vaxt yenidən aktivləşə bilər və nəticədə residiv qaçılmaz olur.

İNTS RAN-ın molekulyar və hüceyrə qarşılıqlı təsirləri şöbəsinin rəhbəri İrina Qujova bildirib ki, alimlər iki birləşmədən ibarət yeni kombinə olunmuş yanaşma hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, metod təkcə şişlə mübarizə aparmır, eyni zamanda residivə səbəb olan “yuxuda” olan xərçəng hüceyrələrini də tam məhv edir.

Tədqiqatçılar iki təsiredici maddədən istifadə ediblər. Birincisi, xloroxin — əvvəllər malyariyaya qarşı istifadə edilən dərmandır və son illərdə onun xərçənglə mübarizədə potensialı aşkarlanıb. Xloroxin autofagiyanı — hüceyrələrin özünü yeniləmə mexanizmini — zəiflədir. Bu mexanizm sağlam hüceyrələrdə zədələnmiş strukturların aradan qaldırılmasına xidmət etsə də, “yuxuda” olan xərçəng hüceyrələrinə davamlılıq qazandırır. İkinci maddə isə kimyaterapiya preparatı olan oksaliplatindir. O, aktiv şiş hüceyrələrinə qarşı effektivdir, lakin eyni zamanda autofagiya prosesini gücləndirir.

Təcrübələrdə əvvəlcə xloroxin, daha sonra isə oksaliplatin tətbiq edildikdə “yuxuda” olan hüceyrələr də aktiv hüceyrələr kimi preparata həssas olub. Şiş toxumasının analizi göstərib ki, bu terapiyadan sonra metastazların yaranması üçün mənbə qalmayıb.

Alimlər qeyd edirlər ki, bu yanaşma gələcəkdə residivlərin qarşısını almağa imkan verən yeni nəsil xərçəng terapiyasının əsasını qoya bilər. Lakin metodun insanlar üzərində tətbiqi üçün əlavə klinik və preklinik tədqiqatlara ehtiyac var.

Nuriyyə NATİQQIZI

Избранный
11
1
redaktor.az

2Источники