RU

Lombard FIRILDAQÇILARI – Əhaliyə XƏBƏRDARLIQ

Bakıda lombard qalmaqalı: vətəndaşlar qızıllarını geri ala bilmir, yeni qanun yoldadır

Paytaxtda lombard fəaliyyəti ilə bağlı növbəti narazılıq dalğası yaranıb. Bir qrup sakin girov qoyduqları qızıl-zinət əşyalarını geri ala bilmədiklərini bildirir. Onların sözlərinə görə, götürdükləri borcu və hesablanmış faizləri tam şəkildə ödəsələr də, lombard tərəfindən müxtəlif bəhanələrlə qızılları qaytarılmır. Məsələ təkcə yerli vətəndaşları deyil, Azərbaycanda yaşayan və ya müvəqqəti fəaliyyət göstərən Türkiyə vətəndaşlarını da əhatə edir. Bu isə problemin miqyasının düşündüyündən daha geniş ola biləcəyini göstərir.

Чем

Musavat.com
 xəbər verir ki, şikayətlər paytaxtın Səbail rayonu, Əhəd Yaqubov küçəsi 14 ünvanında fəaliyyət göstərən lombardla bağlıdır. Zərərçəkmişlərin iddiasına görə, onlar maliyyə çətinliyi səbəbilə qızıl-zinət əşyalarını girov qoyaraq qısa müddətli kredit götürüblər. Müqavilə şərtlərinə uyğun olaraq əsas məbləği və faizləri ödədikdən sonra isə əşyalarını geri tələb ediblər. Lakin müxtəlif səbəblər göstərilərək girovların qaytarılmadığı bildirilir.

Məsələnin daha da diqqətçəkən tərəfi odur ki, oxşar ittihamlar daha əvvəl də səsləndirilib. Bir müddət əvvəl vətəndaşların qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilən “Lombard Xəyal”ın sahibi Xəyal Abdullayev və onun köməkçisi Fərid Abuzərli barədə məhkəməyə şikayət olunmuşdu. Bu fakt lombard sektorunda nəzarət mexanizmlərinin yetərli olub-olmaması məsələsini yenidən gündəmə gətirib.

Ümumilikdə isə Azərbaycanda lombard fəaliyyətinin ayrıca və spesifik qanunla tənzimlənməməsi müzakirə mövzusudur. Hazırda bu sahə ümumi maliyyə və mülki qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Ekspertlərin fikrincə, bu model müəyyən boşluqlar yaradır və bəzi hallarda vətəndaşların hüquqlarının operativ və effektiv müdafiəsini çətinləşdirir.

Ümumiyyətlə, lombardların fəaliyyətinin tənzimlənməsi istiqamətində mövcud nəzarət mexanizmi yoxdur. Bəs bunun üçün hansı işlər görülməlidir?


İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Ümumiyyətlə, dünya təcrübəsində lombard fəaliyyətinin tənzimlənməsi ilə bağlı iki yanaşma mövcuddur. Bunlardan birincisi xüsusi qanunla tənzimləmə modelidir. Yəni lombardlar haqqında müvafiq qanunvericilik aktı hazırlanır, qəbul olunur və fəaliyyət məhz həmin qanun əsasında həyata keçirilir. Digər yanaşmada isə ayrıca lombardlar haqqında qanun olmur. Bu halda lombard fəaliyyəti ümumi maliyyə qanunvericilik çərçivəsində tənzimlənir. Məsələn, hazırda ümumi maliyyə qanunvericiliyi ilə tənzimləmə bizim ölkəmiz üçün xarakterikdir. Bəzi ölkələrdə də bu var. Yəni ümumi mülk və maliyyə qanunvericilyindən irəli gələn müddəalar əsasında tənzimlənir. Dünya təcrübəsində bu sahənin tənzimlənməsi əsasən iki model üzrə həyata keçirilir. Məsələn, dünyanın bir sıra ölkələrində — ABŞ-da, Almaniyada və Kanadada lombard fəaliyyəti xüsusi qanunlarla tənzimlənir. Qısa müddət öncə Mərkəzi Bank rəhbərliyi ilə keçirilən görüşdə lombard fəaliyyəti ilə bağlı suallarımıza cavab olaraq bildirildi ki, hazırda lombard fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır. Qeyd olundu ki, sənəd üzrə müxtəlif dövlət qurumlarının rəyləri öyrənilir, təkliflər toplanır. Razılaşdırma prosesi başa çatdıqdan sonra qanun qəbul ediləcək”. İqtisadçı əlavə edib ki, bu qanun qəbul edildikdən sonra qeyd edilən çatışmazlıqlar qismən aradan qaldırıla bilər: “Lakin hesab etmirəm ki, bütün problemlər tam şəkildə həllini tapacaq. Çünki lombard fəaliyyəti dünyanın hər yerində müəyyən risklərlə müşayiət olunan sahədir. Maliyyə əlçatanlığının nisbətən asan olması istehlakçılar üçün üstünlük yaratsa da, bu, eyni zamanda əlavə təhlükəsizlik və risk faktorları da formalaşdırır. Bu baxımdan sahəyə nəzarət mexanizmləri sistemli və əsaslı şəkildə qurulmalıdır”.

Mövcud hadisə isə bir daha göstərir ki, vətəndaşların girov qoyduqları əmlakın təhlükəsizliyi, müqavilə münasibətlərinin şəffaflığı və lombardların fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi aktual məsələ olaraq qalır. Yeni qanun layihəsinin qəbulunun bu sahədə hüquqi boşluqları nə dərəcədə dolduracağı isə yaxın dövrdə aydın olacaq.

Musavat.com

Избранный
3
editor.az

1Источники