RU

Polkovnik-leytenant: “Əsir götürdükləri insanlara işgəncə verərək kəşfiyyat məlumatları toplamağa çalışırdılar”

“Xocalı soyqırımı 26 fevral 1992-ci ildə Xocalıya hücum erməni silahlı qüvvələri tərəfindən, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilib. Xocalı faciəsi dövründə mən o zaman DTK-nin Kəlbəcər rayon şöbəsində rəhbər işləyirdim. Düşmən bizim Qarabağla quru əlaqəmizi kəsmişdi. Ancaq ətraf regionlarla telefon əlaqəmiz vardı. Məlumatı ilk dəfə olaraq DTK-nın Ağdam rayon şöbəsindən öyrəndim. Ətraf regionlarla tez-tez əlaqə saxlayırdıq. Həyəcanverici siqnallar daxil olurdu. Əhaliyə xəbər verildi ki, qaçqınlara kömək edilsin, evlərdə saxlanılsın”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq polkovnik-leytenant Əli Qədirov deyib.

 

Onun sözlərnə görə, ilkin məlumatlar Bakıya çatdırılsa da, düşmən artıq “öz işini” görürdü: “102-ci Gümrü rus hərbi mexaniki-motor diviziyası canlı qüvvə və texnikalarla kəndə hücuma keçmişdi. Ermənilər Kəlbəcər yolunu tam bağlamış, nəzarət altına almışdılar. Zirehli texnikalarla və canlı qüvvələrlə hücuma keçirilmişdi. Xocalını “təmizləmək” əməliyyatına başlamışdılar. Ağdam rayonunda olan özünümüdafiə qüvvələri, mövcud qoşun hissələri imkan daxilində irəliyə keçməyə cəhd göstərirdilər. Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmaq üçün hüquqi əsaslar hazırlanırdı. Bu işi daha da sürətləndirmək üçün Qorbaçov şəxsən “bu işi” öz müşaviri Viktor Pavloviç Polyaniçkoya tapşırdı. Kreml “DQMV"-ni (Dağlıq Qarabağ Muxtar Vilayəti) "De-fakto" səviyyəsindən "De-yuro"ya keçirmək üçün hüququ müstəvidə prosedura, tədbirlərini sürətləndirməyə başlamışdılar. Yəni DQMV-nin birbaşa siyasi qaydada Kremlə tabe etdirmək hədəf idi. Həmin zaman hansısa bir dövlət rəhbərinə hesabat vermirdi, onları qəbul etmirdi. Görülən işləri birbaşa Qarbaçova məruzə edirdi. Bu hadisə artıq baş verəndə və “təmizləmə işi” irəliyə gedəndə ruslar bunu gizlətməyə çalışırdılar. Bakı Kreml vasitəsilə Poylaniçko ilə əlaqə saxlayırdı. O isə baş verən hadisəni boynuna almırdı. Gizlətmək üçün girov götürülənləri Əsgəran qalasına aparırdılar. Orada erməni qoşunları var idi. Əsir götürdükləri insanlara işgəncə verərək kəşfiyyat məlumatları toplamağa çalışırdılar. Sonra isə ya öldürürdülər, ya da ağır cəza və işgəncələrə məruz qoyurdular. Göstəriş izlərin itirilməsi üzrə idi. Xocalı sakinlərinə köçmək, qaçmaq üçün rəsmi olaraq heç bir şərait yaradılmadı”.

 

Ə.Qədirov qeyd edib ki, hava çox şaxtalı idi və həmin dövrdə əlaqələr, özünümüdafiə qüvvələri güclü deyildi: “Düşmənlər kəndə hücuma keçən zaman onlara ilk müqavimət göstərən Xocalı hava limanını qoruyan, komandir Əlif Hacıyev və onun qrup dəstəsi olmuşdu. Qəhrəmancasına şəhid olduqdan sonra Əlif Hacıyevə Milli Qəhrəman adı verildi. Baş verənlər əsnasında əhaliyə xəbər göndərilirdi. Hamı məhv edilirdi. Uşaq, cavan, qocaya baxmırdılar... Məqsəd "soyqırım vəhşətini" xalqımıza yaşatmaq, insanları məhv etmək, hətta hadisəni dünya mediasından gizlətmək idi. Gecə saat 2-də evləri partladırdılar. Onlar bizi vəhşi düşmək kimi qələmə verirdilər. Ağdam istiqaməti açıq qalmaqla digər tərəflərdən hücuma keçib mühasirəyə almışdılar. Ağdamlılardan qorxurdular. Gələn məlumatlar dəhşət idi. Qaça bilməyənləri körpə, hamilə qadınları süngü ilə qəsdən, işgəncə ilə öldürürdülər. İnsanlar arasında panika, qorxu yaratmaq istəyirdilər, bacardılar da. Ağdamın kəndlərinə yaxın olanlar canlarını xilas edə bildilər. Digərləri isə öldürüldülər, girov götürüldülər. 613 nəfər qətlə yetirilib. Onlardan 63 uşaq, 106 qadın, 70 qoca olub. Yüzlərlə insan yaralanıb. 1000-dən çox sakin girov götürülüb, şəhər tamamilə dağıdılmışdı. O gün ömrümüzün sonuna kimi yaddaşımızdan silinməyəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 26 Fevral 2026, 13:38   
Избранный
16
pravda.az

1Источники