Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
İdarəetmənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət strukturlarında optimallaşdırma işləri həyata keçirilir.
Bu istiqamətdə tədbirlər nəticəsində bir sıra nazirlik və qurumlar birləşdirilib.
Ümumilikdə isə bu proseslər xərclərin azaldılması, çevik idarəetmə və dövlət xidmətlərinin modernləşdirilməsinə yönəlib. Son günlər bir sıra qurumların optimallaşdırılması gündəmdədir. Onlardan biri kimi TƏBİB-in ləğv ediləcəyi və qurumun Səhiyyə Nazirliyinə birləşdirilməsi gözlənilir.
Məsələ ilə bağlı səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır.
“TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilərmi?” sualına isə nazir TƏBİB Müşahidə Şurasının cavab verə biləcəyini bildirib.
Qeyd edək ki, TƏBİB Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Agentliyin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.
TƏBİB Səhiyyə Nazirliyinə birləşərsə, səhiyyə sektorunda hansı yeniliklər olacaq?
Bununla bağlı Azərbaycan Həkimlər Birliyinin sədr müavini Aydın Əliyev “Cebheinfo.az”-a danışıb:

“İstər TƏBİB-i Səhiyyə Nazirliyinə birləşdirsinlər, istər ayırsınlar, əsas odur ki, xalqa normal, tibbi xidmət göstərsinlər: Yəni onların birləşib-birləşməyəcəyinin xalq üçün əhəmiyyəti yoxdur.
Xalqa lazım olan yaxşı tibbi xidmətin olmasıdır. Bir vaxtlar Əli İnsanov səhiyyə naziri idi. Həmin vaxtdan etibarən bir neçə rəhbərlik dəyişib. Ancaq təəssüf ki, tibbi xidmətdə o qədər dəyişiklik yoxdur”.
Həmsöhbətimiz bildirib ki, hər dəyişiklik zamanı yaxşılığa doğru fərqin olacağı gözlənilir:
“TƏBİB-in işdən azad edilən rəhbəri ilə bağlı fikir bildirmirəm. Çünki artıq o, həmin vəzifədə çalışmır. O çalışdığı zaman mən onu yetərincə tənqid etmişəm. İndi o qurumun qalıb-qalmayacağını bilmirəm, ancaq elə ciddi bir dəyişiklik olmayacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
Səhiyyə Nazirliyi TƏBİB Aydın Əliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.