2026-cı il yanvarın 1-i tarixinə olan məlumata görə, Azərbaycanda işsizlərin sayı 2025-ci il yanvarın 1-i ilə müqayisədə 22 600 nəfər və ya 10,4% artaraq 239 800 nəfər təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib:
“2026-cı il yanvarın 1-i tarixinə Dövlət Məşğulluq Agentliyinin yerli idarələrində qeydiyyatdan keçmiş işsizlərin sayı 239 800 nəfər təşkil edib, ki, onların da 51,9%-i qadınlardır (1 yanvar 2025-ci il tarixinə 47,6%).”
Bundan əlavə, noyabr ayı ilə müqayisədə dekabr ayında işsizlərin sayı 0,2% və ya 0,5 min nəfər artıb.
Statistikaya görə, orta aylıq işsizlik sığorta ödənişi 452,8 manat təşkil edib (1 yanvar 2025-ci il tarixinə 394,9 manat).
Maraqlısı budur ki, işsizlərin sayında çoxluğu qadınlar təşkil edir. Bunun əsas səbəbi nədir?
İqtisadçı, millət vəkili Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, qadınların işlə təmin edilməsi Azərbaycanda məşğulluq siyasətinin əsas prioritetlərindəndir:

"Hazırda ölkə əhalisinin bütövlükdə 50,2 faizini qadınlar, 49,8 faizini isə kişilər təşkil edir. Eyni zamanda, işçi qüvvəsi kontekstindən yanaşsaq, qadınların payı 48,4 faiz təşkil edir. Eləcə də məşğulluqda qadınların payı 48, kişilərin payı isə 52 faizdir".
Statistika göstərir ki, qadınların sayının çox olmasına baxmayaraq, məşğulluqda kişilərin sayı daha çoxdur:
"Eyni zamanda, ölkədə vacib məqamlardan biri işsizlik göstəricisi ilə bağlıdır. Xüsusən nəzərə alsaq ki, işsizlik səviyyəsinin azaldılması da əsas prioritetlərdəndir. Rəsmi statistikaya görə, ölkə ərazisində işsiz qadınların sayı 6,1 faiz, kişilər arasında isə 4,6 faizdir.
Rəsmi statistika göstərir ki, qadınlar arasında işsizlərin sayı kişilərə nisbətən daha yüksəkdir. Qadınların işsizlik sayının kişilərə nisbətən daha çox olmasının müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri də qadının ailədə uşaqların tərbiyəsində daha aktiv iştirak etməsidir”.
Deputatın sözlərinə görə, son illərdə ölkədə təhsilli qadınların işlə təmin olunmasında artım var:
"Xüsusən son 5 ilə diqqət yetirsək, görərik ki, daha çox təhsilli qadınlar işlə təmin olunur. Bu da təhsilli qadınların artıq iqtisadiyyatın fərqli sektorunda işlə təmin olunması anlamına gəlir. İqtisadçı qeyd edir ki, regionlarla müqayisədə paytaxtda işlə təmin olunan qadınların sayı daha çoxdur.
Bu da paytaxtda ixtisaslı kadrlara tələbin bölgələrlə müqayisədə daha yüksək olması ilə izah olunur. Nəticə etibarı ilə paytaxtda qadınların işlə təmin olunması bölgələrlə müqayisədə daha yüksəkdir".