RU

"Ermənistan Rusiyanın orbitindən çıxmaq üçün nəqliyyat asılılığını bitirməlidir" – ŞƏRH – ÖZƏL

"Tramp yolu" (TRIPP) və ya digər adı ilə Zəngəzur dəhlizinin açılması ətrafında müzakirələr intensivləşib. Ermənistan layihəyə tərəfdar çıxsa da, ölkənin dəmir yollarının Rusiyanın nəzarətində olması əsas maneə kimi qalır.
Analitiklər hesab edir ki, Moskva bu məsələdən həm iqtisadi rıçaq, həm də Ermənistanda keçiriləcək parlament seçkilərinə təsir vasitəsi kimi istifadə edir. 

"Rusiya müxtəlif vasitələrlə Ermənistandakı seçki prosesinə təsir göstərməyə çalışır və rəsmi İrəvana təzyiq mexanizmlərini işə salmaq istiqamətində fəaliyyət göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, Ermənistanın dəmir yolu nəqliyyatı strateji əhəmiyyət daşımasına baxmayaraq, uzun illərdir Rusiyanın nəzarəti altındadır və Moskva bunu zaman-zaman İrəvana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Hazırkı mərhələdə də Kremlin eyni siyasi xətti davam etdirmək niyyətində olduğu və seçki prosesində bu alətdən Paşinyan hökumətinə qarşı təsir vasitəsi kimi yararlanmaq istədiyi müşahidə olunur. Ermənistan hökuməti isə hesab edir ki, belə layihələrin reallaşması üçün Rusiyanın dəmir yolu üzərindəki dominant mövqeyinə son verilməlidir. Çünki Ermənistan artıq Qərbə doğru inteqrasiya prosesinə fəal şəkildə start verib. Məlumdur ki, irəli sürülən layihələrdən biri də ABŞ prezidenti Donald Trampın adı ilə əlaqələndirilir və bu məsələdə onun administrasiyasının fəal mövqeyi vurğulanır. Layihənin məhz Trampın adı ilə təqdim olunması da Vaşinqtonun prosesə xüsusi önəm verdiyini göstərir.

Ekspertin sözlərinə görə, əgər Paşinyan hökuməti doğrudan da Qərbə inteqrasiyanı prioritet hesab edirsə və bunu açıq şəkildə bəyan edirsə, o zaman Ermənistanın strateji sahələrində, xüsusilə də nəqliyyat infrastrukturunda Rusiyanın dominantlığına son verilməsi vacibdir. Ermənistan faktiki olaraq Rusiyanın orbitindən çıxaraq ABŞ ilə daha sıx münasibətlər qurmaq yolunu seçibsə, bu, praktiki addımlarla da müşayiət olunmalıdır. Dəmir yolu xətti üzərində Rusiyanın nəzarəti davam etdiyi müddətdə Ermənistanın yeni layihələr çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi çətin ola bilər. Bu isə həm iqtisadi, həm də siyasi baxımdan problemlər yarada bilər. Bu səbəbdən rəsmi İrəvan məsələni strateji müstəvidə qiymətləndirməli, Rusiyanın bu sahədəki təsir imkanlarını məhdudlaşdırmalı və müstəqil qərarvermə mexanizmlərini gücləndirməlidir. Yalnız bu halda Ermənistan seçdiyi inteqrasiya kursunu real şəkildə həyata keçirə və xarici təzyiqlərdən daha az asılı vəziyyətə düşə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
olaylar.az

1Источники