Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində və suverenliyimizin tam bərpası ilə nəticələnən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı zamanı bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilən dinc sakinlərin qisası alındı. Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Xocalı rayonunda dövlətimiz tərəfindən sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Azad torpaqlara Böyük Qayıdış prosesi çərçivəsində Xocalı şəhərinə və rayonun bir neçə kəndinə sakinlərin mərhələli şəkildə qayıdışı təmin olunur. Fevralın 26-sı Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışının keçirilməsi faciə qurbanlarının xatirəsinə yüksək ehtiramın ifadəsidir. Bu abidə eyni zamanda insanlığın Xocalı soyqırımını unutmaması üçün qiymətli yaddaş kitabəsi olacaq.







