RU

İtaliyalı ekspert: Prezident İlham Əliyevin Vaşinqtona səfəri Xəzər regionunun yeni geosiyasi kursunu nümayiş etdirir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 26 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Prezident İlham Əliyevin fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki rolunun transformasiyasının və ABŞ-nin regiondakı əsas strateji tərəfdaşlarından biri kimi çıxış etməsinin mühüm göstəricisi oldu.

Bu barədə AZƏRTAC-a İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti və beynəlxalq ekspert Karlo Marino bildirib.

Ekspert qeyd edib ki, dövlət başçısının ABŞ Prezidenti Donald Trampın şəxsi dəvəti ilə Sülh Şurasının iclasında iştirakı protokol diplomatiyasından daha da irəli gedir və Azərbaycan-Amerika münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başladığını göstərir. O qeyd edib ki, Sülh Şurası Cənubi Qafqazda strateji yaxınlaşmanı möhkəmləndirmək üçün institusional platformaya çevrilib, Soyuq müharibənin bitməsindən bəri regionda ən əhəmiyyətli geosiyasi dəyişikliklərdən biridir.

Agentliyin həmsöhbəti fevralın 10-da Bakıda ABŞ və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını xatırladaraq bildirib ki, bu sənəd ikitərəfli münasibətləri əsasən enerjiyə yönəlmiş formatdan çoxşaxəli strateji ittifaqa çevirir. O qeyd edib ki, Xartiya dörd əsas sahədə - iqtisadiyyat və ticarət, enerji, süni intellekt və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə sahələrində işçi qruplarının yaradılmasını nəzərdə tutur. Ekspert əlavə edib ki, üç ay ərzində konkret yol xəritələri və birgə layihələrin siyahısının təqdim edilməsi planlaşdırılır.

Karlo Marino qeyd edib ki, sənədin əhatə dairəsi onu xüsusilə əhəmiyyətli edir. Neft və qaz sektorundakı ənənəvi əməkdaşlıqla yanaşı, mülki nüvə enerjisi, vacib mineralların tranziti və elektrik enerjisi bazarlarının inteqrasiyası sahələrində əməkdaşlıq da nəzərdə tutulur. Ekspert vurğulayıb ki, Cənub Qaz Dəhlizi artıq Azərbaycanın Avropa üçün enerji tərəfdaşı kimi etibarlılığını sübut edib və yeni Xartiya onilliklər ərzində uzunmüddətli tərəfdaşlığın təməlini qoyur.

Onun sözlərinə görə, sənəddə rəqəmsal transformasiyaya xüsusi diqqət yetirilir. Buraya süni intellekt, kibertəhlükəsizlik, kosmik sənaye sahəsində əməkdaşlıq və dövlət-özəl tərəfdaşlığı vasitəsilə Azərbaycanda süni intellekt data mərkəzlərinin yaradılması daxildir. Assosiasiyanın vitse-prezidenti əlavə edib ki, bu, rəqəmsal infrastruktur və məlumatlar üzərində nəzarətin qarşıdakı illərdə geosiyasi rəqabətdə əsas amilə çevriləcəyi və Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın rəqəmsal mərkəz kimi mühüm rol oynamaq potensialına malik olması anlayışını əks etdirir.

Karlo Marino, həmçinin qeyd edib ki, Azərbaycanın Sülh Şurasının təsisçi üzvü olmağa dəvət edilməsi onun sülh və sabitliyin təşviqindəki rolunun tanınmasıdır. O, bu kontekstdə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında çərçivə sülh sazişinin imzalanmasında ABŞ-nin fəal vasitəçiliyinin və Bakının ərazi bütövlüyünü bərpa etdikdən sonra siyasi və diplomatik mexanizmlər vasitəsilə sülhü möhkəmləndirmək istəyinin əhəmiyyətini qeyd edib.

Avropa meyarı prizmasından danışan ekspert vurğulayıb ki, ABŞ ilə Azərbaycan arasında dərinləşən strateji tərəfdaşlığın İtaliya üçün də mühüm əhəmiyyəti var. İtaliya Avropa İttifaqında Azərbaycanın aparıcı tərəfdaşı olaraq qalır və ənənəvi olaraq, enerjiyə əsaslanan ikitərəfli münasibətlər hazırda təhlükəsizlik, təhsil və strateji dialoq sahələrini də əhatə edir.

Karlo Marino bildirib: “Azərbaycanın neft və qaz təchizatı ölkəmizin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, əməkdaşlıq enerji təchizatından kənara çıxır. İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında humanitar və təhsil əlaqələrinin inkişafına mühüm töhfə olub”.

İtaliyalı ekspert müsahibənin sonunda xatırladıb ki, yanvar ayında Bakıda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası keçirilib. Görüşdə alternativ enerji, nəqliyyat əlaqələri və təhsil sahələrində layihələr müzakirə olunub. O qeyd edib ki, əldə edilən razılaşmalar Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında əlavə stimul olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
azertag.az

3Источники