RU

Afət Abbasova: Bu faciələri heç vaxt unutmamalı, gələcək nəsillərə də unutdurmamalıyıq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 fevral, Fidan Əlizadə, video Ələkbər Bəxşiyev, AZƏRTAC

Prezident Kitabxanasında “Xocalı-34: Milli yaddaşın sarsılmazlıq simvolu” adlı tədbir keçirilib və “Xocalı- səssizlərin səsi” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən kitabxananın direktoru, professor Afət Abbasova faciənin ağrı, acısı ilə bağlı danışıb: “Yalnız milli mənsubiyyətinə görə Azərbaycan xalqına qarşı törədilən hadisələr tariximizdə qanlı, ağrılı və acılı günlər kimi qalıb. Bu faciələri heç vaxt unutmamalı, gələcək nəsillərə də unutdurmamalıyıq. Fondunda 500 mindən artıq kitab olan kitabxanada gənclərin bir araya toplaşması təsadüfi deyil. Gənc nəsil həmin hadisələr haqqında filmlərdən, tarixi mənbələrdən və şahidlərin xatirələrindən məlumat alır, bu həqiqətləri öyrənərək yaddaşında yaşadır”.

Kitabxanada nümayiş olunan sərgidən söhbət açan direktor deyib: Məşhur fotojurnalist Reza Deqati Azərbaycanın harayına səs verərək hadisələri dünyaya çatdırmaq istiqamətində mühüm işlər görüb, çəkdiyi fotolarla haqq səsimizin beynəlxalq ictimaiyyətə təqdim olunmasına böyük töhfə verib. Bu gün biz qalib xalqın vətəndaşları kimi tariximizi daha dərindən öyrənməli və onu layiqincə təbliğ etməliyik. Sərgi fevralın 28-dək davam edəcək”.

Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa vurğulayıb ki, son 200 il ərzində xalqımız çoxsaylı ağrılı və acılı sınaqlardan keçib, lakin bu gün şərəfli və qürurlu anlarını yaşayır.

“Tarixi proseslər nəticəsində Cənubi Qafqaza 300 mindən artıq erməni köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırılmışdır. Bunun ardınca 1905, 1920 və 1992-ci illərdə xalqımız ağır faciələrlə üzləşmişdir. Bu hadisələrin öyrənilməsi və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”,- deyə N.Mustafa əlavə edib.

Daha sonra Prezident Kitabxanasının Xocalı faciəsi və Xocalıya qayıdış ilə bağlı hazırladığı videoçarx nümayiş edilib.

Tədbirin bədii hissəsində Vüsal Aydəmirovun müəllifi olduğu “İthaf” adlı əsər Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin şagirdlərinin ifasında təqdim olunub.

Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Teatr sənəti” dərnəyinin üzvləri Nilufər Əlisoy və Yusif Allahverdiyev “Gözün aydın, Azərbaycan”, “Xocalı müsibəti“ şeirlərini, mərkəzin “Milli rəqs” dərnəyinin üzvləri “Şəhidləri anırıq” rəqs kompozisiyasını, vokal qrupu “Od ürəkli Azərbaycan” və “Zəfər” mahnılarını səsləndiriblər.

Bakı şəhər 138 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri “Xocalı-yaddaşın səsi” adlı ədəbi-bədii kompozisiya, Ana harayı” səhnəciyi ilə çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
azertag.az

1Источники