RU

Süni intellekt müğənniləri sıradan çıxaracaq

Yaxın gələcəkdə hər kəsin canı zövqümüzü korlayan müğənnilərdən qurtaracaq. İfalarını bir kənara qoyaq, mədəniyyəti, davranışı, həyat tərzi ilə heç kimə nümunə ola bilməyən manıslara ehtiyac qalmayacaq. Səhnə təkcə səs deyil- məsuliyyətdir, səviyyədir, örnəkdir.

Son vaxtlar taksilərdən çox istifadə edirəm. Bəzən elə gözəl musiqilər səslənir ki, adam istər-istəməz qulaq kəsilir. Mahnılar tanışdır xalq melodiyaları, klassik bəstəkar əsərləri. Amma ifaçılar tanış gəlmir. Soruşuram. Sürücü sakitcə cavab verir: “Süni intellektdir”.

Əvvəl təəccübləndim. Sonra diqqətlə dinlədim. Səs təmizdir. Hər şey yerindədir. Şit maneralar yoxdur, süni hay-küy yoxdur, özünü göstərmək ehtirası yoxdur. Sadəcə musiqi var. Sadəcə düzgün oxunan melodiya var.

Paradoks ondadır ki, “süni” dediyimiz intellekt bir çox “canlı” ifaçılardan daha təbii səslənir. Bu, əslində çox yaxşıdır. İllərlə studiyalarda “möcüzə” yaradıldı. Aparatura, səs təmizləyən proqramlar, montaj, effektlər…

Əslində biz yalana qulaq asırdıq. Bunu bilənlər də vardı, bilməyənlər də. Daha diqqətli olanlar müğənninin səsinin studiyada bir cür, konsertdə başqa səs, klipdə tamama fərqli cür çıxdığını hiss edirdilər.

Süni intellekt isə dürüstdür. O, “canlı oxuyuram” iddiası etmir. O, səsini gizlətmir. Nədirsə, odur. Və texniki baxımdan qüsursuzdur. Ən azı bir şeyi edir: aldatmır, yalan danışmır. Yalanı sevmirəm! Normal dünyagörüşü, normal həyat tərzi olan kiminsə yalanı sevdiyini düşünmürəm.

Bu proses musiqi bazarını təmizləyən dalğaya bənzəyir. İllərlə texniki “plastik cərrahiyyə”dən keçmiş səslər bizə istedad kimi təqdim olundu. İndi isə eyni texnologiya daha açıq və daha keyfiyyətli formada işləyir.

Sözsüz ki, bunun mənfi tərəfləri də var. Canlı səhnə enerjisi, insanın yaşanmışlığından gələn fərdi hisslər, həyəcanlar, nəfəsin titrəyişində gizlənən həqiqi duyğu– bunları süni intellekt tam əvəz etmir. Texnologiya emosiyanı modelləşdirir, amma həyatı yaşamır. Bu reallığı da qəbul etmək lazımdır. Amma özümə sual verirəm: səhnədə onsuz da duyğu yox idisə, süni intellekt nəyi əvəz edir?

Əgər seçim keyfiyyətlə saxtakarlıq arasındadırsa, texnologiyanın irəli çıxması təəccüblü deyil. Dinləyici üçün bu, yaxşı xəbərdir. Daha təmiz səs, daha az manipulyasiya, daha zövqlü iş. Səsi olan sənətkar üçün isə qorxulu heç nə yoxdur. Əksinə, meydan indi daha ədalətlidir.

Səsi olmayan müğənnilər üçün isə xəbər qısadır və sərtdir: Proqram artıq sizdən yaxşı oxuyur. Özü də çox yaxşı...

Hə, bir də eşitmişəm ki, süni intellektlə maraqlı seriallar da hazırlanır. Serial həvəskarlarının dediyinə görə, düşük “dizilər”lə müqayisədə dəfələrlə səviyyəlidir. Baxmamışam, heç nə deyə bilmərəm.

Elnur Məmmədli


Telegram kanalımız
Избранный
16
yenisabah.az

1Источники