RU

Konstitusiyaya dəyişiklik edilmədən Azərbaycan Ermənistan münasibətlərində köklü dəyişiklik mümkün deyil

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2025-ci ildə Ermənistan və Azərbaycan qoşunları arasında atışma nəticəsində sərhəd itkisi olmayıb və bölgədə əsl sülh hökm sürür. Paşinyan sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması üçün davamlı səylərin vacibliyini vurğulayıb, bunun laqeydlik edilərsə məhv ola biləcəyini qeyd edib. Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsi və 2025-ci il Vaşinqtonda imzalanmış sülh çərçivəsini sülh prosesinin əsas arxitekturası kimi qiymətləndirib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunması üçün təbii ki, qarşılıqlı səylərin göstərilməsinə ehtiyac var.

Arzuxan Əlizadə / Foto: amip.az

“Sülh təşəbbüsü əslində Azərbaycan tərəfindən gəlib və İkinci Qarabağ savaşından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan tərəfinə sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflə çıxış edib. Bu beş il ərzində təəssüflər olsun ki, Ermənistanın sərgilədiyi qeyri konstruktivlik səbəbindən hələ də yekun sülh müqaviləsinin imzalanmasına nail olmamışıq. İstənilən halda, bu istiqamətdə ciddi addımlar atılıb. Xüsusilə də, ötən il Vaşinqtonda paraflanmış çərçivə sülh müqaviləsi bu istiqamətdə atılmış ən ciddi addımdır. Ona qədərki dövrdə də demarkasiya-delimitasiya prosesi ilə bağlı Azərbaycanın sərgilədiyi mövqe, hökumətlərarası komissiyanın toplanması, Azərbaycanın təklifi ilə artıq vasitəçilərsiz, ikitərəfli münasibətlərin formalaşması və danışıqların ikitərəfli formatda aparılmasının vacibliyi… və nəticə ortadadır. Vasitəçilərlə aparılan danışıqlar heç bir nəticə vermir. Amma vasitəçilərsiz, ikitərəfli danışıqlarla ciddi nəticələr əldə etməyin mümkünlüyü də göz önündədir”-deyə Arzuxan Əlizadə qeyd edib.

“Məsələ burasındadır ki, Ermənistanın baş naziri səy göstərilməsindən və institusional mexanizmlərin formalaşmasından danışır. Amma onu nəzərə almalıdır ki, təşəbbüslər əslində Azərbaycan tərəfindən irəli sürülür. Sülh müqaviləsi imzalanması ilə bağlı ilk addım Azərbaycan tərəfindən atılıb, digər məsələlərdə də əsas təşəbbüskar olaraq Azərbaycan çıxış edir”-deyə deputat bildirib.

Arzuxan Əlizadə vurğulayıb ki, bu gün Azərbaycan regionun əsas lider dövlətidir, güc və söz sahibidir və paralel olaraq da bölgədə sülhün və sabitliyin bərqərar olmasında da əsas tərəfdir.

Arzuxan Əlizadə hesab edir ki, kommunikasiya qovşaqlarının açılması, yekun sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ təbii ki, Ermənistan tərəfinin göstərə biləcəyi səylərin sayəsində mümkün görünür: “Biz öz üzərimizə düşən bütün məsələləri faktiki olaraq həll etmişik. Biz eyni zamanda, mütəmadi olaraq Ermənistana yönəlik jestlər etmişik. 30 ildən artıq idi ki, Azərbaycan torpaqları işğal altında idi və işğal dövründə, təbii ki, Ermənistana Azərbaycandan tranzit yükdaşımalara bir məhdudiyyət qoyulmuşdu ki, bunu da Azərbaycan birtərəfli qaydada aradan qaldırdı. Elə Qazaxıstanda səfərdə olarkən Azərbaycan prezidenti bununla bağlı qərar verdi. Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan üzərindən Ermənistana daşınmasına razılıq verildi. Bu gün Azərbaycan Ermənistana neft məhsulları satır. 95 oktanlı benzin satır və Ermənistan cəmiyyətində də artıq bu məsələ gündəmə gəlib ki, bunun sayəsində Ermənistanda neft məhsulları benzinin qiymətində azalma müşahidə olunmaqdadır.

Kommunikasiya qovşaqlarının açılması ilə bağlı təklif Azərbaycandan gəlib. Ermənistanla sülh müqaviləsi imzalanana qədər kommunikasiya qovşaqların və sərhədlərin açılması ilə bağlı təşəbbüslər də Azərbaycan tərəfindən idarə olunmaqdadır. Sadəcə olaraq, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu, ilk növbədə Ermənistan Konstitusiyasından, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır ki, Ermənistan bunu bir ev tapşırığı olaraq prezidentin təbirincə, obrazlı şəkildə desək, üzərinə götürüb, bunu icra etməlidir. Həmçinin Zəngəzur dəhlizinin kommunikasiya qovşağının açılması ilə bağlı üzərinə düşən öhdəlikləri də yerinə yetirməlidir. Bundan sonra həm də demarkasiya delimitasiya prosesində konstruktiv mövqe nümayiş etdirməlidir. Yenə də Ermənistan tərəfinə mütəmadi olaraq humanizm prinsiplərindən çıxış edərək, böyüklüyümüzü göstərərək təkliflərlə və konkret addımlarla mövqeyimizi nümayiş etdiririk. Qarşı tərəf də adekvat addımlar atmalıdır.

İndi başa düşüləndir ki, Ermənistanda parlament seçkiləri gözlənilir. İyunun altısında və ona qədər Paşinyan bir qədər ölkədaxili siyasi situasiyanı da nəzərə almalıdır. Bu baxımdan konstitusiya dəyişikliyinə bir qədər sonra gedilə bilər. Amma istənilən halda konstitusiyaya dəyişiklik edilmədən Azərbaycan-Ermənistan münasibətlərində köklü dəyişiklik mümkün deyil. Yalnız bundan sonra yekun sülh müqaviləsinin imzalanması mümkündür. Kommunikasiya qovşaqlarının açılması mümkündür”.

Deputat bildirib ki, Ermənistanın gələcəkdə atacağı addımlar da adekvat olacaqsa, o zaman dayanıqlı sülhə nail olmaq mümkün olacaq. Arzuxan Əlizadə qeyd edib ki, istənilən halda biz bölgədə sülhün, sabitliyin bərqərar olmasında maraqlı tərəfik: “Yetər ki, Ermənistan da bunu sözdə deyil, əməldə etsin. Amma təəssüflər olsun ki, Ermənistanda hələ də müəyyən revanşist qüvvələr qalmaqdadır. Hələ də qondarma qurumla bağlı hansısa sənədlərə Ermənistan tərəfindən imzalar atılmaqdadır və bütün bunların sülhə mane ola biləcəyinin fərqində olmalıdırlar”.

İradə Cəlil,Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
icma.az

1Источники