RU

"Üç gündür Xocalıdayam, evlərdə ehsan süfrələri açırıq, əhali öz şəhidlərinə ehsan verir" - Elman Məmmədov

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar. Bu gün isə dövlət başçısı ailə üzvləri ilə birgə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib.

Redaktor.az-a danışan Milli Məclisin Xocalını təmsil edən deputatı Elman Məmmədov bildirdi ki, ərazilərimiz işğaldan azad olduqdan sonra Prezident İlham Əliyev həmin ərazilərdə olan açılışlarda iştirak edib, eyni zamanda köç edənlərlə görüşüb və həmsöhbət olub:

"Prezidentimiz dünən bir neçə yerə gedib. Ancaq Xanabad Xocalı rayonunun kəndidir. Mənim dəqiq məlumatım var, 38 ailə doğma yurd-yuvasına – Xanabada köçürülüb. Cənab prezidentimiz qayıdış münasibətilə həmin insanlarla görüşdü, onları təbrik etdi və orada görülən işlərlə tanış oldu.

Bugünkü gün – 26 fevral günü Xocalı soyqırımı günü, Ermənistanın azərbaycanlılara qarşı soyqırımı törətdiyi gün – prezidentimiz Xocalıya gəldi. Mən də Xocalı sakini, zərərçəkmiş və millət vəkili kimi tədbirdə iştirak edirdim. Xocalıda soyqırımı şəhidlərinin əziz xatirəsinə çox möhtəşəm, böyük bir memorial yaradılıb. Keçirilən görüşlərdə çoxsaylı Xocalı sakinləri iştirak edib. Cənab prezidentimiz, çox hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım, eyni zamanda hörmətli Leyla xanım və prezidentin nəvələri də açılışda idi. Prezident xocalılara və bütün Azərbaycan xalqına başsağlığı verdi. Möhtəşəm bir anım tədbiri keçirildi. Mən özüm hal-hazırda üç gündür Xocalıdayam. Evlərdə ehsan süfrələri açırıq, əhali öz şəhidlərinə ehsan verir".

Millət vəkili Xocalı sakinlərinin növbəli olaraq Xocalıya köç etməsindən də danışdı:

"Xocalılar respublikanın 50-dən çox rayonunun çoxsaylı kəndlərində, qəsəbələrində, rayon mərkəzlərində məskunlaşıblar. Növbəli olaraq köç davam edir. Xocalının hal-hazırda özünə və 10-dan çox yaşayış məntəqəsinə köçlər davam edir. Bu köçlər evlər hazır olduqca həyata keçirilir. Axı evlərin hamısını birdən tikmək mümkün deyil. Evlər hazır olduqca köçlər də davam edir, insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Təkcə məsələ evlə də tamamlanmır. Qayıdan insanların yaşayışı, dolanışığı, məşğulluğu üçün də dövlət tədbirlər görür, iş yerləri açılır. Bütün infrastruktur yaradılır: yollar çəkilir, elektrik enerjisi təminatı, rabitə təminatı, səhiyyə ilə təminat, məktəb, bağça məsələsi, su, qaz – bunların hamısı əhali köçməmişdən qabaq nəzərdə tutulur, təmin olunur ki, əhalimiz rahat formada yaşasın. Qısa bir müddətdə, mən hesab edirəm ki, xocalıların hamısı doğma yurd-yuvalarında məskunlaşacaqlar".

Aytəkin TOFİQQIZI

Избранный
35
3
redaktor.az

4Источники