RU

Həsən bəy Zərdabinin adı ilə bağlı bizə əmanət olan nə varsa onu araşdırmaq, qorumaq hər birimizin mənəvi borcudur

Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. 

Azərbaycan müstəqilliyinin qorunması, ölkəsinin inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən dünyanın ən müdrik və uzaqgörən siyasətçilərindən sayılan, son otuz ildə respublikamızın bütün sahələrdə sürətlə tərəqqi etməsində sonsuz dərəcədə böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin 125 illiyinin və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamlarına əsasən, Azərbaycan Milli Mətbuatının 130-135-140-145-150 illiyinin, həmçinin Həsən bəy Zərdabinin yubileylərinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.

Ölkə ictimaiyyətinə məlumdur ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev 2025-ci ilin dekabr ayında Azərbaycan Milli Mətbuatının 150-ci ildönümündə Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında dahi mütəfəkkir Həsən bəy Zərdabinin İçərişəhərdə, Böyük Qala küçəsi 41 ünvanında yerləşən Azərbaycan Milli Ensiklopediyasının keçmiş binası qarşısında 1979-cu ildə ucalan abidəsinin Azərbaycan Pedaqoji Universitetinin bağına köçürülməsini təklif etmişdir.

Anar müəllim çıxışında demişdir. “İçərişəhərdə ensiklopediyanın binası yerləşir. O bina ensiklopediya binası olanda onun qarşısında Zərdabinin heykəli qoyulmuşdu. İndi oranın birinci mərtəbəsi restorandır, nəticədə Zərdabinin heykəli doğru görünmür. Mən təklif edirəm ki, o abidənin yeri dəyişdirilsin, bizdə abidənin yerinin dəyişdirilməsi praktikası var”. 

Əlbəttə, hər bir Azərbaycan ziyalısı yaxşı bilir ki, hörmətli Anar müəllimin belə bir təkliflə çıxış etməsi və öz şəxsi fikrinə görə abidənin başqa yerə köçürülməsi təklifi onun dahi mütəfəkkir Həsən bəy Zərdabi şəxsiyyətinə olan dərin hörmətindən, rəğbətindən irəli gələn məsələdir.

Bu abidənin müəllifi, Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyova təklifə etiraz edərək öz “Facebook” hesabında belə yazmışdır.

“İçərişəhərdə on illərdir dayanan bir abidəni necə köçürmək olar? Bu abidənin müəllifinə, – anama, Azərbaycanın Əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı necə də hörmətsizlikdir. Dünyanın hər yerində abidələr şəhərləri bəzəyib; onların ətrafında və yaxınılığında restoranlar və başqa şey tikilə bilərdi. Bu onları heç də korlamazdı”.

İçərişəhərdəki sözügedən heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.  

Dəyərli ziyalılarımız, tədqiqatçı Zərdabşünas alimlərimiz, zərdabisevərlər, jurnalistlər, media nümayəndələri tərəfindən dahi mütəfəkkir Həsən bəy Zərdabinin Bakı şəhəri, İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı gündəmə gətirilən məsələyə münasibət bildirilməsi, bununla bağlı rəy və təkliflərin dilə gətirilməsi təbii ki, hər birimizin borcudur.

Hazırda mətbuat orqanlarında, saytlarda, Facebook səhifələrində Həsən bəy Zərdabinin bu heykəlinin harada olması və ya olmamasının gerçəkliyinə dair yazılar gedir, sorğu keçirilir, rəylər bildirilir.

Deyilənlərlə bağlı tanınmış jurnalist İradə xanım Sarıyevanın 10 dekabr 2025-ci il tarixdə “Bakı Xəbər”də gedən “Turistlərin ən çox olduğu İçərişəhərdə Zərdabinin heykəli ən yaxşı seçim deyilmi?...” başlıqlı yazısı çox aktual səslənir. Həmin yazının mətnini oxucuların diqqətinə çatdırmaq maraqlı olardı.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar milli mətbuatımızın banisi, böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin İçərişəhərdə, Böyük Qala küçəsi 41 ünvanında yerləşən Azərbaycan Milli Ensiklopediyanın keçmiş binası qarşısında 1979-cu ildə qoyulmuş abidəsinin Azərbaycan Pedaqaoji Universitetinin bağına köçürülməsini təklif edib.

AYB sədri deyib ki, birinci mərtəbəsində “Lal Quzu” restoranı yerləşən bir məkanda bu abidənin qalması uyğun deyil. “İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqaoji Universitetin bağına köçürülsün”, – deyə AYB sədri Milli Məclisdəki çıxışında bildirib. 

Anarın Zərdabinin heykəlinin “restoranın qapıçısı kimi göründüyünü” deməsi və onun başqa ünvana köçürülməsini təklif etməsi cəmiyyətdə ciddi narazılıqlara səbəb olub.

Həm sosial şəbəkələrdə, həm də mediada AYB sədrini ciddi tənqid edənlərin sayı çoxdur.

Yeri gəlmişkən, restoranın direktoru Anar Xanbabayev mətbuata Anar Rzayevin "Lal Quzu"nun daimi müştərilərindən biri olduğunu deyib. 

O, həmçinin əlavə edib ki, restoranla heykəl arasında xeyli məsafə var, onların Zərdabinin heykəlinə heç bir aidiyyəti yoxdur, giriş qapıları da tamamilə ayrıdır.

Restoranın direktoru bildirib ki, əksinə, abidənin orada yerləşməsi çox müsbət haldır və Zərdabinin abidəsi marağa səbəb olur: “Heykəlin yerləşdiyi ərazi turistik zonadır, turistlər gəlib orada şəkil çəkirlər və bu, restoran olaraq bizə heç bir problem yaratmır”.

Sual yaranır ki, Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsinin nə mənası var ki, AYB sədri belə bir təşəbbüsdə bulunub? Anar müəllim milli təəssübkeş ziyalıdır, buna heç kəsin şübhəsiz olmamalıdır. O bütün fəaliyyəti dövründə bu mövqeyini ortaya qoyub. Amma Anar müəllimin Zərdabinin heykəlinin köçürülməsi ilə bağlı təklifi heç cür anlaşılmır. Bu abidənin kimə nə maneçiliyi ola bilər ki? Onun restoranın yaxınlığında olması da hər hansı bir mənfi hal deyil. Restoran pis bir yer deyil ki, o abidənin oradan köçürülməsi zərərurətə çevrilə. Adıçəkilən restoran kifayət qədər prestijli məkandır. Eyni zamanda abidə də, restoran da şəhərimizin ən görkəmli, tarixi ünvanlarından olan İçərişəhərdə yerləşir. Onu da nəzərə almaq lazımdır ki, qədim şəhər mədəniyyətimizin şah əsərlərindən olan İçərişəhər xarici turistlərin, qonaqların sıx-sıx ziyarət etdiyi məkanlardandır. Bakıya gələn istənilən qonaqlar, ilk növbədə, İçərişəhəri görməyi arzulayır, bu məkanı gəzərkən Zərdabinin möhtəşəm abidəsini də görür, onunla maraqlanır, heykəlin qarşısında şəkil çəkdirirlər. Burada ən düzgün məsələ o ola bilər ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi abidənin yanına Zərdabi ilə bağlı bir neçə dildə hazırlanmış məlumat lövhəsi qoysun və abidəni ziyarət edənlər onun Azərbaycan milli mətbuatının banisi olduğunu bilib öyrənsinlər. Bu daha düzgün yanaşma olardı.

Həsən bəy Zərdabinin heykəli, büstü bir neçə yerdə qoyulub, Azərbaycan Mətbuat Şurasında, Fəxri Xiyabandakı məzarının üstündə və sair yerlərdə ucaldılıb. Onun abidəsinin İçərişəhərdə olması isə daha üstün cəhətdir. Bu baxımdan, Anar müəllimin təklifinin nəyə əsaslandığını anlamaq olmur. Heykəl şəhərin mərkəzində yerləşməlidir ki, onu hər kəs görsün. Heykəl elə tarixi bir yerdə olmalıdır. Həsən bəy Zərdabi ümummilli adamdır, o təkcə Azərbaycan mətbuatının banisi deyil, o təkcə mətbuat xadimi deyil, bu xalqın həyatında, taleyində rol oynamış böyük şəxsiyyətlərdən biridir, o Azərbaycan xalqınındır, türk dünyasınındır. Zərdabinin heykəli ən müxtəlif dövlət, ictimai-iaşə obyektlərinin qarşısında da ola bilər, sadəcə ona qayğı lazımdır. Bu baxımdan, Zərdabinin heykəlinin yerindən götürülməsi məsələsinin özü tamamilə mübahisəlidir, yanlışdır. Onun heykəli üçün ən münasib yer elə İçərişəhərdir, onu oradan götürmək münasib deyil. Zərdabinin heykəlinin harada olması əsas deyil, əsas odur ki, o, Azərbaycan xalqının qəlbində özünə əbədi abidə ucaldıb. Zərdabi ictimai yükü olan şəxsiyyətdir, dediyimiz kimi onun fəaliyyəti təkcə mətbuatla məhdudlaşmır, o, milli şüurun formalaşmasında iştirak edib, insanların dünya görüşünün inkişafına təsir göstərən, Azərbaycanda sivlizasiya yaradan, onu çiyinlərinə alıb aparan şəxsiyyət olub. Bu mənada bu gün Zərdabinin heykəlinin köçürülməsi məsələsinin gündəmə gətirilməsi kökündən yanlışdır və o abidə toxunulmaz olaraq qalmalıdır.

Yeri gəlmişkən, heykəllərin köçürülməsi tendensiyası Azərbaycanda olub, amma heç də hamısı uğurla nəticələnməyib. Məsələn, böyük Azərbaycan şairi Əliağa Vahidin abidəsinin Filarmoniya Bağından İçərişəhər metrostansiyasının arxasına köçürülməsi elə də uğurlu alınmadı. Çünki abidəni elə yerə qoyublar ki, çox zaman diqqətdən kənarda qalır və o abidə öz əvvəlki yerində qalsaydı daha çox ziyarətçisi olardı. Odur ki, Zərdabinin abidəsinin götürülməsi də ziyanlı hal olardı. Bu baxımdan, abidənin yerində qalması tam olaraq məqsədəuyğundur, ictimaiyyət də bu qənaətdədir”.

Bu gün gündəmə gətirilən bu məsələ ilə əlaqədar hələ milli mətbuatın 145 illiyi ərəfəsində Əməkdar jurnalist Əlirza Balayev tərəfindən 14.07.2020-ci il tarixində “Zərdabinin heykəli “La Quzu” önündə” başlıqlı yazısı səsləndirilmiş və bu yazı oxucuların diqqətinə çatdırılmış və bir sıra media təmsilçiləri tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və rəylər bildirilmişdir.

Qeyd etdiyim kimi, abidənin yerinin dəyişdirilməsi təklifi sevimli Xalq yazıçımız Anar müəllimin öz şəxsi fikridir.

Təbii ki, mətbuat və söz azadlığı, dərin düşüncə və yanaşma baxımından bu təklifə hər bir Azərbaycan ziyalısı, millət vəkilləri tərəfindən müxtəlif aspektlərdə fikir, rəy bildirilməsi labüddür. Ancaq məsələnin mübahisə obyektinə çevrilməsi yol verilməzdir və biz daim Həsən bəyin ruhunu şad etməliyik.

 Bu məsələ ümumxalaq müzakirəsinə çevrilsə belə, abidənin yerinin dəyişdirilməsi və ya dəyişdirilməməsi məsələsi sonda hökumət qərarı ilə tənzimlənməlidir.

Doğrudan da Həsən bəyin ruhunu narahat edən çox acılı taleyi varmış desək yanılmarıq. Hörmətli oxucularımız, jurnalistlərimiz, zərdabisevərlərimiz, tədqiqatçı alimlərimiz gəlin Zərdabinin ruhunu narahat edən ən başlıca məsələləri nə qədər gec olsa da bu gün gündəmə gətirək və qeyd etdiyim və illərdən bəri yazdıqlarıma, eləcə də digər qələm sahiblərinin yazılarına münasibət bildirək. Azərbaycanın işıqlı gələcəyi yolunda canını fəda etmiş bu millət fədaisinin gor evinin bir neçə il qızı Qəribsoltan xanımın mənzilində olması, qəbrinin yerinin üç dəfə dəyişdirilməsi, ona məxsus olmuş mənzillərin yoxa çıxarılması, doğum tarixi ilə bağlı heykəllərinin, büstlərinin üzərinə fərqli illərin yazılması, adına verilən küçələrin, parkların yerinin, ölçüsünün bölünməsi, zəbt olunması, kiçildilməsi, adına olan təhsil ocaqlarının adlarının dəyişdirilməsi və sair bu kimi çoxlu sayda faktlar mövcuddur. Deməliyəm ki, bu günün özündə də dahi mütəfəkkir Həsən bəy Zərdabinin ruhunun gəzib-dolaşdığı yerlərin üstündə, ətrafında ürəyimizi ağrıdan, kimlərinsə arzusuna uyğun məqsədli dəyişikliklər aparılmışdır. Hazırda onların yerində, ətrafında ayrı-ayrı şəxslərin xüsusi mülkiyyətinə verilən otellər, restoranlar şəbəkəsi və sair obyektlər fəaliyyət göstərir.

Son vaxtlar mətbuat orqanlarında, müxtəlif saytlarda rayonların ləğv olunmasından, birləşdirilməsindən söhbət gedir, müəyyən fikirlər səsləndirilir.

Olsun ki, Həsən bəy Zərdabinin doğulub boya-başa çatdığı, adını özünə təxəllüs götürdüyü, ömrünün 16 ilini ictimai-siyasi, elmi, mədəni, sosial fəaliyyətdə olduğu Zərdab rayonunun da ləğv olunması gündəmə gətirilə bilər.

Tarixçilərimizin, alimlərimizin, ziyalılarımızın diqqətinə çatdırmaq istəyirəm ki, Zərdab Şirvanın ən qədim diyarı sayılır və onun ərazisini və qədimliyini bilmək üçün məhz Həsən bəy Zərdabiyə istinadən çox məlumatlar əldə etmək olar.

Yeri gəlmişkən, Zərdabi irsi, onun nəsil şəcərəsi ilə bağlı deyim ki, Xançobanı tayfa başçısı olmuş Əsgər bəyin oğulları Ağası xan və Məhəmməd Səid Xançobanlı, eyni zamanda, Ağası xanın oğlu Mustafa xan əslən indiki Zərdab rayonundan olmuşdur.

Tarixdən bizə məlumdur ki, Şamaxı xanlığının əsasını Hacı Məhəmmədəli xan və əslən Zərdablı olan Məhəmməd Səid xan, Ağası xan qardaşları qoymuşdur. Nadir şah Şamaxı ərazisini indiki Ağsu (Yeni Şamaxı) ərazisinə köçürdükdən sonra Şirvanda vergi toplamaqla məşğul olan Hacı Məhəmmədəli xan 1748-ci ildə Yeni Şamaxıda hakimiyyəti ələ keçirdi. Şirvanın qalan hissəsində isə Ağası xan və Məhəmməd Səid xan öz hakimiyyətlərini möhkəmləndirdilər.

A.Bakıxanov “Gülistani-İrəm” əsərində yazır: “1775-ci ildə Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hakim oldu”. Onu da yazır ki, 1792-ci ildə Şirvan əyanının və xüsusilə, Yüzbaşı bəy Hövzi ilə Ağası xan oğlu Mustafa bəy Əlvənddən gəlib Şamaxıda hökumət bayrağını yüksəltdi.

Qeyd edək ki, Mustafa xan 1792-ci ildən 1820-ci ilə qədər Şamaxı hakimi, xanı olmuşdur.

Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 5 noyabr 1882-ci il tarixli sayında yazırdı: “Zərdab, 26 oktyabr 1882-ci il. 600 evi özündə birləşdirərək Zərdab yaşayış məntəqəsi Kürün hər iki sahili boyunca 50 verst (53,5 km – E.H.) uzanır ki, keçmiş zamanlarda (Azərbaycanın Rusiyaya birləşməsindən qabaq) Şirvan, Qarabağ və Şəki ilə həmsərhədlənirdi. Demək olar ki, həmin ərazilər bütövlüklə Zərdab bəylərinin sərbəst mülkləri idi. Bu bəylər vəziyyətdən istifadə edərək gah bu, gah da o biri sərhəd xanlığına birləşmişlər. Rusların gəlişi vaxtı Zərdab Şirvan xanlığının tərkibinə daxil idi və bundan sonra 1850-ci illərə qədər o, bölünməyən bir tam idi”.

Xatırladaq ki, bu dahi mütəfəkkirin doğulduğu keçmiş Zərdab kəndi böyüyüb inkişaf edərək 5 fevral 1935-ci ildə rayon adlandırılıb. 1963-ci ildə idarəçilikdə yol verilən müəyyən qüsurlara görə Zərdab rayonunun Ucar rayonuna birləşdirilməsinə baxmayaraq yenidən 1965-ci ildə rayon mərkəzi olaraq öz inzibati ərazi vahidliyini bərpa edərək fəaliyyət göstərməli olmuşdur.

Həsən bəy Zərdabinin tarixi məktublarından, rəsmi yazılarından məlumdur ki, o, bir inzibati sərhəd daxilində, Zərdabın abad bir bölgəyə çevrilməsi yolunda nə qədər zəhmət çəkmiş və nəticə etibarı ilə bu işin təməlini qoymuşdur. Nəhayət ölkə daxilində rayonların yaradılması prosesi gedən zaman Şamaxı, Göyçay, Cavad, Ərəş və Şuşa qəzalarının inzibati sərhədləri daxilində qalan Zərdab torpaqları tam şəkildə olmasa da, çox hissəsi geri qaytarıldı və Zərdab rayon statusu aldı.

Zərdabinin doğulduğu və bu gün rayon mərkəzi olan Zərdab şəhərində onun ev muzeyi, adını daşıyan 1 saylı orta məktəb-lisey, möhtəşəm park, küçə mövcuddur. Doğma yurdu Zərdabda onun yaratmış olduğu, milli mətbuatımızın əsasını qoyduğu “Əkinçi” qəzeti fəaliyyət göstərir. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayon mərkəzində abidə-heykəli ucaldılmış, büstləri qoyulmuşdur.

Bu qısa qeydlərimi diqqətə çatdıraraq Zərdabi və Zərdab torpağı ilə bağlı çoxlu sayda ziyalılarımızın çıxışlarından birini xatırlatmaq istərdim.

Azərbaycan MEA-nın akademiki Fuad Qasımzadə Həsən bəy Zərdabi və Zərdab torpağı haqqında demişdir: “Mən Həsən bəy Zərdabiyə borcluyam, mənim atam Mirzə Feyzulla Qasımzadə ocağı Həsən bəy Zərdabiyə borcludur, biz ziyalılar Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı tərəfə yatmalıyıq. Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı bizim qibləmizdir”.

Mərhum akademik Fuad Qasımzadənin Zərdabi haqqında, Zərdab torpağı haqqında qeyd etdiyi bu qiymətli tarixi yazı bütün Azərbaycan ziyalılarının Zərdabi şəxsiyyətinə dərin hörmət və ehtiramının bariz nümunəsi olmaqla yanaşı, Zərdab torpağının, Zərdabi yurdunun elmin, maarifin, mədəniyyətin mühüm ocaqlarından biri olmasının təsdiqi deyilmi?!

Elmə yiyələnməyin başlıca yolunu kənd və şəhərlərdə məktəblərin açılmasında görən Zərdabi 1880-1896-cı illərdə yaşadığı və indi onun adını daşıyan küçədə çox gərgin fəaliyyətdən, mübarizədən sonra 1885-ci ildə məktəb açılmasına nail olmuşdur.

O, ömrünün ən müdrik çağında öz doğma yurdu Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olmuş, elmi təcrübələr qoymuş, yeni meyvə sortları yetişdirmiş, müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşdur. O, Misirdən bitki növləri gətirmiş, müxtəlif növ bitkiləri bir-birinə calaq edərək yeni növlər yetişdirmişdir.

Bu illər (1880-1896) ərzidnə Zərdabi elmi, təcrübi-praktiki əsaslarla əkinçilik, toxumçuluq, heyvandarlıq, quşçuluq, balıqçılıq və digər sahələrdə əldə etdiyi nailiyyətləri, torpaqdan düzgün, səmərəli istifadə olunması yollarını yerlərdə kütlələrə başa salmışdır. Eyni zamanda, 1875-1877-ci illərdə çap etdiyi “Əkinçi” qəzeti və ömrünün sonunadək fəaliyyət göstərdiyi “Kaspi” qəzeti vasitəsilə bütövlükdə əkinçilik, bitkiçilik elminin, mədəniyyətinin yaradıcısı olaraq öz bilgilərini ölkə ictimaiyyətinə çatdırmışdır.

Hörmətli ziyalılarımız, mən bu yerdə bir faktı diqqətə çatdırmaq istərdim. Yaradıcılığnın böyük bir hissəsi Həsən bəy Zərdabi irsinin tədqiqi və təbliği ilə bağlı olan şair-dramaturq, tanınmış jurnalist, Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin rəhbəri, “Güzgü” qəzetinin baş redaktoru olmuş mərhum Səttar Zərdabi tərəfindən millət fədaisi Həsən bəy Zərdabinin adının əbədiləşdirilməsi ilə bağlı, baş redaktoru olduğu Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin orqanı “Güzgü” qəzetinin 27 mart 2004-cü il tarixli 1-2 (1114-116) saylarında (səh.2). Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbova ünvanladığı məktubu olduğu kimi sizin diqqətinizə çatdırmaq maraqlı olardı (həmin məktubun qəzetdə gedən kserosurəti əlavə olunur).

                    

S.Zərdabi Hacıbala Abutalıbova ünvanladığı bu müraciət məktubunda bildirir: “Sözügedən ünvanlar tərəfimizdən tapılmışdır. Gərək ki, bu barədə millət vəkili mərhum Şamil Qurbanov da şəxsən sizə məlumat vermişdir...” deyərək ona siqnal verir.

Deyim ki, bu məktub yazılmamışdan öncə Zərdabi irsi ilə bağlı keçirilən bir çox tədbirlərdə Səttar Zərdabi öz çıxışında məsələ ilə bağlı dəfələrlə söhbət açmışdır.

Həsən bəy Zərdabi ilə bağlı keçirilən tədbirlərin birində Milli Məclisin deputatı Səyad Aranın, Xalq yazıçısı Qılman İlkinin və digər natiqlərin çıxışından sonra söz alan Səttar müəllim məsələ ilə əlaqədar tədbir iştirakçılarının sözügedən ünvana getmələrini təklif etdi. 20-25 nəfər Həsən bəyin yaşamış olduğu, bir hissəsini “Cəmiyyəti-xeyriyyənin” pansionuna çevirmiş olduğu İçərişəhər, Böyük Qala küçəsi 47 ünvanında olduq. Burada Qılman İlkin, İslam Sadıq, Səttar Zərdabi və digər yoldaşlar geniş məlumatlı çıxışlar etdilər. Bu zaman sözügedən mənzilin giriş qapısından böyük bir qıfıl asılmışdı. Mənzilin arxa qapısından içəri keçərək təmir-tikinti işlərinin aparılması məqsədilə sökülüb-dağılan otaqlara baxmaq mümkün oldu.

Yadımdadır ki, o zaman mənzilin qarşısında toplantı iştirakçıları fotoşəkillər də çəkdirdilər. Həmin fotoşəkillərdən kiminsə əlində varsa onu təqdim eləsə və təəssüratlarını yazsa, yaxşı olar.

Bəzi yazarlar, qələm sahibləri Həsən bəy Zərdabinin Bakı şəhərində, xüsusilə də 16 illik Zərdab həyatından sonra ömrünün sonunadək, yəni 1896-cı ildən 1907-ci ilin noyabr ayınadək Bakıda onun özünə məxsus mənzilinin olmadığını, kirayədə, icarəyə götürdüyü mənzildə yaşadığını bildirirlər.

Əsla belə deyildir, hələ ömrünün ahıl çağında, ömrünün sonuna qədər 10 il müddətində Bakı Dumasının üzvü, komissiya sədri olan belə bir ictimai-siyasi xadimin mənzili olmaya bilməzdi. Hələ üstəlik nəzərə alsaq ki, Həsən bəyin ömrünün sonunadək onunla çiyin-çiyinə fəaliyyət göstərən, vəfalı həyat yoldaşı Hənifə xanım ədibin ölümündən ötən 21 ildən artıq bir müddətdə Bakı şəhərində tək-tənha yaşamışdır. 

1904-1908-ci illərdə Bakı şəhərində gənclərə və yaşlı nəslə savad öyrədən, Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən, 1902-1905-ci illərdə ilk müsəlman qız məktəbinin müdiri işləmiş və hələ sonrakı illərdə, yəni Zərdabinin vəfatından sonra 1909-cu ildən 1919-cu ilədək 10 il Bakı şəhər Dövlət Birinci Rus-Tatar (yəni Rus-Türk) Qız Məktəbində müdir vəzifəsində çalışmış, qızlara elm, savad öyrətmiş, tərbiyə vermiş, 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləmiş bu tarixi şəxsiyyət 1929-cu ilin mart ayının 6-da Bakıda vəfat etmişdir. Bəs Bakı şəhərində yaşamış və işləmiş Zərdabi ailəsinin mənzili hansı ünvanda olmuşdur? Zərdabi ailəsinə məxsus Bakı şəhərində mənzilin olmamasını necə təsəvvür etmək olar? Bax belə bir məsələ hər bir ziyalımızı, Zərdabi tədqiqatçısını düşündürməli və diqqətimizdən kənarda qalmamalıdır.

Gəlin, Zərdabinin məktəbli yaşında olan nəvəsinin xatirəsinə diqqət yetirək. Həsən bəy Zərdabinin böyük qızı Pəri xanım Məlikova ilə Əlimərdan bəy Topçubaşovun 1896-cı il 15 sentyabr tarixində Bakı şəhərində anadan olmuş oğlanları Ələkbər bəy Topçubaşovun 26 iyun 1913-cü il tarixdə yazdığı və (ömrünün 17 ilini əhatə edən) tam olmayan tərcümeyi halında oxuyuruq. “Anam Pəri xanım təhsilli valideynlərin qızıdır, Tiflis Müqəddəs Nina qadın məktəbində oxuyub və orada kursu bitirib. Elə bu məktəbdə anamın anası, Şimali Qafqazda, Elbrus altında yaşayan “balkar” adlı kiçik bir xalqdan çıxmış nənəm də təhsil alıb. Nəhayət, ana tərəfdən babam, bütün Qafqazda publisist, müəllim və ictimai xadim kimi məşhur olan Həsən bəy Məlikov – Zərdabi müsəlmanlar arasında ali təhsilin pioneridir və deyəsən, altmışıncı illərdə Moskva Universitetinin təbiyyat fakültəsini bitirmiş ilk müsəlmandır. O, vətənə dönərək türk dilində “Əkinçi” qəzetini nəşr etməyə, orada ölkə müsəlmanları arasında əkinçilik üzrə sağlam anlayışlar təbliğ  etməyə başladı, eyni zamanda, Bakı Edadi (Real) Məktəbində təbii tarixdən dərs dedi, ictimai səciyyəli bütün işlərdə, özəlliklə maarif sahəsində fəal iştirak etdi, Qafqaz mətbuat orqanlarında iştirak etdi və s.

Mən valideynlərimin və indi mərhum babamın qayğısı ilə əhatə olunaraq böyümüş, tərbiyələnmiş və oxumuşam. Həm atam, həm də babam birlikdə başlıca olaraq “Kaspi” qəzetində çalışıblar, yuxarıda dediyim kimi, onu mənim atam nəşr və redaktə edib. Redaksiyanın özü və mətbəə bizim mənzilin olduğu binada yerləşirdi. Mən gündən-günə qəzetdə atamın yanında yığıcılarla, əməkdaşlarla üzləşirdim. Onlara öyrəşdim və tez-tez xidməti və redaksiya otaqlarına baş çəkməyə başladım. Mənə bunda o da kömək etdi ki, evimizdə doğma türk dili ilə yanaşı, rus dilində də danışırdılar. Artıq 4-5 yaşım olanda rusca danışırdım; buna görə məni hər cür əzizləyən yığıcılara daha çox borcluyam. Onlardan mətbəədə tezliklə rus əlifbasının baş hərflərini öyrəndim.

Öncə onların yardımı ilə, sonra isə müstəqil şəkildə mətbəəmizdə iri hərflərlə çap edilmiş nə vardısa hesablayıb (məncə bu söz hecalayıb olmalıdır – E.H) oxumağa başladım. Özəlliklə teatr və sirk afişalarını, yaxud hər hansı müxtəlif ticarət-sənaye firmasının elanlarını həvəslə oxuyurdum. Mənim çox yaxşı hafizəm var və yaxşı xatırlayıram ki, 6 yaşım olanda bir tarix dərsiliyindəki Rürikdən başlayaraq bütün rus böyük knyazlarının və çarlarının portretlərinə baxmaqla adlarını deyirdim. Bir dəfə bu biliyimlə Peterburqdan gəlmiş bir artist xanımı heyran etdim və o paytaxtdan mənə üstündə “balaca tarixçiyə” yazılmış yaxşı sehirli bir fanar göndərdi. İlk müəllimim anam oldu. Yığım otağındakı əyani dərslərdən sonra əlifbanı mənimsəmək və rusca sürətlə oxuyub-yazmaq çətin olmadı. Eyni zamanda, atamın mənim üçün dəvət etdiyi molladan doğma türk dilini də öyrənirdim. Onun şəxsində türk dili dərsləri ilə bağlı bu və ya başqa tələblərini yerinə yetirməyə məni məcbur etmək hüququ olan kənar şəxsi ilk dəfə gördüm. Bəzən, ola bilsin, mən mollanın sərt tələblərinə qarşı etiraz edərdim, ancaq davranış tərzini bəyənən valideynlərim həmişə onun tərəfini saxlayırdılar. Ata-anamın ilk oğlu olsam da və bütün istəklərim yerinə yetirilərək tam azad yaşasam da (mənə elə gəlirdi), müəllim-mollanın atamın şəxsində dəstəklənən tələbləri mənə onun gücünü hiss etdirirdi və istər-istəməz o tələblərə tabe olurdum. Bu da, şübhəsiz, həyatımda intizama tabe olmağın zəruriliyini öyrədən ilk məqam idi. O zamandan dərslərə və məktəbə girmək üçün hazırlaşmağa daha diqqətlə yanaşdım.

Valideynlərim məni Bakı Edadi (Real) Məktəbinə verməyi qərara aldılar. Onun binası bizə çox yaxın idi. Bundan başqa, bir zamanlar orada müəllim olmuş mərhum babamın adı bu məktəb ilə bağlı idi. 9 yaşım olanda babam əlimdən tutaraq bu məktəbə aparırdı və imtahan verərək birinci sinifə qəbul olundum”.

O zaman kiçik Ələkbər molla adlandırdığı müəlliminin Əli bəy Hüseynzadə olduğunu bilməmişdir. Sonradan Ələkbər bəy həyat və fəaliyyətində bu müəlliminin atası Əlimərdan bəyin ən yaxın silahdaşı olduğunu, eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağayevin və digərlərinin atası ilə birgə azərbaycan ictimaiyyətini təmsil edən görkəmli dövlət, ictimai və siyasi xadimi, dahi mütəfəkkir olduqlarını dərindən öyrənmiş və bu tarixi şəxsiyyətlərə çox böyük dəyər vermişdir. Taleyin qisməti elə gətirmişdir ki, uşaqlıq illərindən ona dərs deyən müəllimi Əli bəy Hüseynzadə ilə birgə nümayəndə heyətinin tərkibində siyasi fıəaliyyətdə iştirak etmiş, nümayəndə heyətinin katibi vəzifədini yerinə yetirmişdir.

Tarixdən bizə məlumdur ki, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevlə Həsən bəy Zərdabi Azərbaycanın maarifçilik tarixində birgə çalışmışlar. O, Həsən bəy Zərdabi ilə əməkdaşlıq etmiş, onun ideyalarının, xeyriyyəçilik hərəkatının gerçəkləşməsinə, həyata keçirilməsinə daim maddi dəstək göstərmişdir.

Bu yerdə bir daha vurğulayıram ki, Həsən bəy Zərdabinin, Zərdabi ailəsinin Bakı şəhərində mənzilinin olmaması barədə bəzi yazarların fikri həqiqətə nə dərəcədə uyğundur?

Yuxarıda qeyd etdik ki, Hənifə xanım Məlikova-Abayeva 1929-cu ildə Bakıda vəfat etmişdir. Əvvəl şəhər qəbristanlığında dəfn edilmiş və deyilənə görə, sonralar onun qəbri həyat yoldaşı H.Zərdabinin məzarının yanına – Fəxri Xiyabana köçürülmüşdür. Çox böyük dünyagörüşünə malik Azərbaycanın ilk maarifçi qadınlarından olan belə bir şəxsiyyətin məzarının yeri hələ dəqiq bilinmir.  

Ziyalılarımıza, Zərdabi irsini, onun həyatını və yaradıcılığını işıqlandıran qələm sahiblərinə Bakı şəhərində Zərdabi ailəsinə məxsus mənzilin olmaması ilə bağlı demək istəyirəm ki, bu məsələ Həsən bəy Zərdabiyə dərin hörmət və rəğbət bəsləmiş, özü və ailəsi ilə yaxın dost, həmkar olmuş, öz vəsaiti hesabına Bakı şəhərində əvəzolunmaz arxitektura və dizayna malik binalar inşa etdirən  Hacı Zeynalabdin Tağıyevin diqqətindən kənarda qala bilərdimi?

Bu da bir həqiqətdir ki, 1896-cı ildə Həsən bəy Zərdabi öz doğma kəndi Zərdabdan, kürəkəni Əlimərdan bəy Topçubaşov Tiflisdən Tağıyevin təşəbbüsü ilə Bakıya dəvət olunmuş və onun satın aldığı “Kaspi” qəzetində işləmişlər.

Bundan əlavə tərəfimdən qələmə aldığım “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabımın 281-324-cü səhifəsində gedən “Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı haradadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?” adlı məqaləmdə Həsən bəy Zərdabiyə məxsus olmuş Bakı şəhəri (İçərişəhər) Böyük Qala Qapısı 47 ünvanında yerləşən mənzil və onun yanında Böyük Qala küçəsi, 41 ünvanında ucaldılan monumental tunc heykəllə bağlı yazdığım qısa bir açıqlamanı olduğu kimi oxucuların diqqətinə çatdırıram.

Qeyd edim ki, son 20-30 ildən bəri, Zərdabi irsi, onun yaradıcılığı ilə bağlı Bakı şəhərində respublikanın kütləvi informasiya, mətbuat orqanlarının nümayəndələrinin, şair və yazıçılarının, ziyalılarının iştirakı ilə keçirilən və şəxsən mənim özümün də daim iştirak etdiyim tədbirlərin davamı bir çox hallarda Həsən bəy Zərdabinin Bakı şəhərindəki (İçərişəhər) Böyük Qala Qapısı 47 ünvanında yerləşən, hazırda kimə isə satılmış olan qapısı bağlı qalan mənzilinin və dahi mütəfəkkirin həmin evin yanında qoyulmuş monumental tunc heykəlinin qarşısında keçirilmişdir.

Oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, sözügedən ünvanda yerləşən bu mənzil Zərdabiyə məxsus olmuşdur. Həsən bəy mənzilinin bir hissəsini “əkinçi” qəzetinin redaksiyasına, bir hissəsini “Cəmiyyəti-Xeyriyyə”nin pansionuna çevirmiş, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu mənzildə ana nəvazişi ilə 10 kimsəsiz uşağın təlim-tərbiyəsi, təhsili ilə məşğul olmuşdur.

Həsən bəylə Hacı Zeynalabdin Tağıyev arasında bu zaman elə bir möhkəm dostluq münasibəti olmuşdur ki, o, öz mülkünün bir hissəsini Həsən bəyin özünə – ailəsinə  təhkim etmişdir. Hətta 3-cü mərtəbədən ikinci mərtəbəyə köçmüş, Həsən bəy şəxsiyyətinə dərin hörmət və rəğbətin təcəssümü olaraq özünün onun üst mərtəbəsində yaşamasını etikadan kənar hesab etmişdir.

Buradan belə bir qənaətə gəlmək olur ki, Çar burjasiyasının hökmü ilə 16 il müddətində Zərdab kəndində sürgün həyatı keçirmiş Zərdabi ailəsinin Bakı şəhərində mövcud olmuş evi, mənzili baxımsız qalmışdır. Odur ki, H.Zeynalabdin Tağıyev bir müddət onu öz şəxsi malikanəsinə köçürmüşdür.

Sözün əsl mənasında Həsən bəyin mənzili millətin təhsil, elm, incəsənət, maarif, mədəniyyət mərkəzinə çevrilmiş, mənzilində ölkədə tanınmış neçə-neçə nüfuz sahibləri, dahi şəxsiyyətlərlə görüşmüş, onlarla həmfikir olmuş, çörək kəsmişdilər.

Həsən bəy Hənifə xanımla ailə həyatı qurduqdan sonra həmin mənzildə onların ilk qız övladı Pəri xanımla bahəm üç qız övladı dünyaya göz açmışdır. Bu ata ocağında ikinci qızı Fatma üç yaşında dünyasını dəyişmiş, onun ardınca bir yaşına çatmamış üçüncü qızı vəfat etmişdir.

Həsən bəyin övladları Pəri xanım, Midhəd bəy, Səffət bəy, Qəribsoltan xanım, qardaşı oğlanları, Rəhim bəy Məlikov, Məhəmməd bəy Əlvəndi Bakı şəhərində oxuduqları zaman bu evdə yaşamış, bu ocağın istisini, nəvazişini görmüş və buradan pərvazlanmış, həyata vəsiqə almışlar.

Millətin xoş gələcəyi yolunda həyatını qurban vermiş millət fədaisi Həsən bəyin və ömrü boyu onunla bərabər addımlayan həyat yoldaşı Hənifə xanımın, onların övladlarının ruhu “İçərişəhər” Böyük Qala Qapısı 47 saylı ünvandakı Zərdabi ocağında deyildirmi? Məgər bu gün kiməsə satılan bu mənzili Həsən bəy Zərdabi irsinin yaşadılması ilə bağlı hər hansı fəaliyyət məkanına çevirmək olmazdımı?

Bu yerdə bir maraqlı məlumatı diqqətə çatdıraq. Həsən bəy Zərdabinin böyük qardaşı Mehralı bəy Məlikov Bakı şəhərində yaşamışdır. O, Bakıda Əmlak idarəsində (indiki Kənd Təsərrüfatı Nazirliyi) tərcüməçi işləmişdir. 

Həsən bəy Zərdabinin 1865-ci ildə ilk əmək fəaliyyətinə yerquruluşçusu kimi başladığı vaxtda Cənubi Qafqazda, o cümlədən Azərbaycanda aparılan yerquruluşu, planalma, xəritəçəkmə işlərinə Tiflis şəhərində yerləşən Cənubi Qafqaz “Torpaq palatası” rəhbərlik edirdi.

Sonradan bu orqanın adı dəyişdirilərək 1903-cü ildən 1905-ci ilədək Dövlət Əmlak və Əkinçilik Nazirliyi adlandırılmışdır. 1905-ci ildən isə Qafqaz Əkinçilik və Yerquruluşu Baş İdarəsi adı ilə fəaliyyət göstərmişdir.

Mehralı bəy o zaman Bakı şəhərində bu orqanın tərkibində Əmlak idarəsində işləmişdir.

Bəzi mənbələrdə qısaca olaraq qeyd edilmişdir ki, Mehralı bəy ermənilər tərəfindən zəhərlənərək öldürülmüşdür. Azərbaycan, ərəb, fars dilləri ilə yanaşı, rus dilini mükəmməl bilən Mehralı bəy işlədiyi bu orqan tərəfindən yerlərdə icra olunan planalma işləri zamanı milli və tarixi yer adlarımızın, toponimlərimizin olduğu kimi xəritə və sənədlərdə öz əksini tapmasına çalışmışdır. Mehralı bəyin buna xüsusi diqqət yetirməsinin səbəbi vardı. Çünki o zaman rusca tərtib olunan xəritə, plan və layihələrdəki toponimlərimiz düzgün tərcümə edilməsəydi, onlar tarixdə, rəsmi sənədlərdə təhrif olunmuş şəkildə qalardı.

Diqqətə çatdırım ki, Azərbaycanın ilk fizik – professoru Rəhim bəy Məlikovun (1886-1936) 8 yaşı olarkən atası Mehralı bəy vəfat etmişsə, bu 1894-cü ilə təsadüf edir.

Məlumdur ki, Rəhimə əmisi H.Zərdabi himayədarlıq etmiş və ona gözəl tərbiyə və təhsil vermişdir.

Çox maraqlıdır ki, bu günədək onun atası Mehralı bəy və həyat yoldaşının kim olması barədə məlumat yoxdur. 

Bəzi mənbələrdə, ədəbiyyatlarda göstərilir ki, Həsən bəy Zərdabi ailəsi ilə Zərdabda yaşayarkən qardaşı Mehralı bəy ailəsi ilə onun Bakıda İçəri şəhərdəki mənzilində yaşamışdır.

Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələn Zərdabi ona məxsus sözü gedən mənzildə yerləşəcəyindən öncə Hacı ilə görüşməyi lazım bilir. Çünki bilirdi ki, axır vaxtlar o, Bakıda çox vaxt az tapılır. Rusiyada, İranda, Həştərxandakı mülk və işlərinə baş çəkmək üçün səfərlərdə olurdu.

Lakin qardaşı Mehralı bəydən Həsən bəyin Bakıya gəlişinin vaxtını bilən Hacı onu evinə dəvət edir. Görüşüb Həsən bəyin məsləhəti ilə görəcəyi xeyriyyə işlərindən, planlardan danışır, ondan məsləhətlər alır. Ev, mənzil məsələsinə toxunan Hacı Həsən bəyə deyir ki, Bakıda eviniz də var idi, eləmi? Həsən bəy cavab verir ki, elədir, var, indi həmin evdə qardaşım Mehralı ailəsi ilə yaşayır.

Hacı Zeynalabdin çox təkid və xahişlə yaşadığı evin yuxarı mərtəbəsindəki altı otaqlı mənzili Həsən bəyin ailəsinə verir və özü alt mərtəbədə yaşayır.

Çox maraqlıdır ki, nəinki, Həsən bəy Zərdabiyə məxsus evin, mənzilin, həmçinin dövlət işində çalışan qardaşı Mehralı bəyə məxsus olmuş mənzilin yeri, ünvanı bilinmir, həyat yoldaşının kimliyi barədə məlumat verilmir. Axı bizi bundan çox zaman, müddət, tarix ayırmır.

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin redaktorluğu ilə “Kaspi” qəzetinin yaranması və fəaliyyəti barədə” nəşr olunan kitabının (Bakı: Qanun nəçriyyatı, 2011, 216 səh.) 6-cı səhifəsində yazır: “Kaspi”nin fəaliyyətində daha bir yeni tanınmış milyonçu və maarifpərvər xadim olan H.Z.Tağıyevin bu qəzeti 1897-ci ildə alıb, azərbaycanlıları oraya toplaması oldu. H.Z.Tağıyevin H.Zərdabi ilə yaxın münasibətləri vardı, indiki respublika prokurorluğunun yanındakı eyni binada qonşu olaraq yaşayırdılar...”.

Qeyd edək ki, yazılan bu kitabda da Həsən bəyin bu zaman yaşadığı evin dəqiq ünvanı, yeri və hazırki mövcud vəziyyəti əks olunmur.

Hesab edirəm ki, tədqiqatçılarımız, alimlərimiz üçün arxivlər açılmalıdır.

Həsən bəy Zərdabinin vəfalı ömür-gün, ideya, məslək yoldaşı olan Hənifə xanım Məlikova, Azərbaycanın görkəmli şəxsiyyəti, Azərbaycanın ilk Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (1862-1934) həyat yoldaşı olan və anası Hənifə xanım kimi, əri ilə birgə Azərbaycanın müstəqilliyi, xoşbəxt gələcəyi uğrunda əzablı yollar keçən Pəri xanım Məlikova (Topçubaşova), (1873-1947), atalarının yolu ilə getmiş Midhəd bəy Məlikov (1879-1937), Səffət bəy Məlikov (1896-1976), Qəribsoltan xanım Məlikova (1886-1967), eyni zamanda, 7 yaşında ikən atasını itirən, əmisi Həsən bəy Zərdabinin himayəsində olmuş, hərtərəfli inkişaf etməsinə çox böyük qayğı göstərilən və bu qayğının təsiri nəticəsində 1906-cı ildə Bakı real məktəbini, 1912-ci ildə Kazan Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Azərbaycanın xalq maarifinin inkişafında çox böyük xidmətlər göstərmiş ilk azərbaycanlı fizik-professor, görkəmli ali məktəb işçisi Rəhim bəy Məlikovun (1886-1936), həmçinin, Zərdabda Zərdabi ailəsində böyüyüb, boya-başa çatmış, ilk öncə Hənifə xanımdan təhsil, tərbiyə almış, onun sayəsində rus dilini mükəmməl öyrənmiş, Azərbaycan teatrının təməlini qoyan 5 aktyordan biri olan Həsən bəyin qardaşı oğlu Məhəmməd bəy Əlvəndinin (1872-1918) və digər bu kimi yaxın qohumlarının, doğmalarının xatirəsi necə yad olunur?

Burada Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikovun həyatı və fəaliyyəti ilə bağlı qısa bir məlumat versəm elə bilirəm ki, yerinə düşər. Midhəd bəyin həyat yolu barədə bir çox yazılarımda, eyni zamanda “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı tədqiqat əsərimdə geniş məlumatlar verilmişdir.

Midhəd bəyin tərcümeyi-halını, əmək kitabçasını nəzərdən keçirən hər bir ziyalımıza yaxşı məlum olur ki, millətinin işıqlı, xoşbəxt gələcəyi uğrunda bu millət fədaisi hansı yollardan keçmişdir. Əmək kitabçasından, eləcə də tərcümeyi-halından məlum olduğu kimi Kazandan doğma Bakıya dönən Midhəd Məlikov 1925-ci ilin oktyabr ayında Azərbaycan Resbublikası Xalq Daxiliyə İşləri Komissarlığı yanında Yerli Təsərrüfat Baş İdarəsinin Elektrikləşmə şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Midhəd bəy bu vəzifədə olarkən Şamaxıda və Lənkəranda elektrik stansiyalarının tikilməsi məqsədilə layihə tərtib etmiş, hər iki rayonda elektrik stansiyasının tikintisinə nail olmuşdur.

Onun həyat yoldaşı, 1901-ci il təvəllüdlü Məlikova Lidiya evdar qadın olmuşdur. Onların qızı Məlikova Fatimə 1927-ci ildə dünyaya gəlmişdir. Midhəd bəy Almaniyada ali mühəndislik təhsili almış, Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan şöbəsinin torpaq işçisi olmuşdur. Bəy ailəsindən olan Məlikov Midhəd Həsən bəy oğlu 22 fevral 1935-ci ildə Azərbaycan SSR XDİK tərəfindən həbs edilən zaman qızı Fatimə məktəbli olmuşdur. Onlar Gəncə şəhəri, 9 yanvar küçəsi, 67 saylı mənzildə yaşamışlar. Midhəd bəy 1935-ci ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Bu faktla bağlı Azərbaycan Resbublikası Milli Təhlükəsizlik Nazirliyinin Həsən bəyin ailə üzvləri, böyük oğlu Midhəd bəylə bağlı arxiv sənədi ilə tanış olmaq da maraqlı olardı. Həmin sənədə əsasən onun 1937-ci ildə güllələndiyi bildirilir.

Midhəd bəyin yeganə övladı olan Fatimə xanım represiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdır. Fatimə xanımın oğlu Məhəmmədəli və nəvəsi Hacağa Bakıda yaşamışlar. Sual olunur: Midhəd bəyin özünün, qızı Fatimə xanımın və nəvəsi Məhəmmədəli bəyin yaşamış olduqları mənzillər haqqında, iş fəaliyyətləri barədə kimlər tərəfindənsə bir araşdırma aparılıbmı? 

Qeyd edim ki, Səttar Zərdabi 1990-cı illərdə Midhəd bəyin 1927-ci il təvəllüdlü qızı Fatimə xanımla görüşmüş və onunla şəkil də çəkdirmişdir. Bildirir ki, o, 1991-1992-ci illərə kimi “Sahil” metrosunun yaxınlığındakı mənzillərdən birində yaşayırmış. Onun yazdıqlarından Fatimə xanımın Əhməd adlı oğlu (Zərdabinin nəticəsi) olduğu və onun Sverdlovsk şəhərində yaşadığı məlum olur. Təbii ki, bununla da bağlı daha ətraflı araşdırmaya ehtiyac duyulur.

  

Fatimə xanım (Midhəd bəyin qızı) Səttar Zərdabi ilə

 

Həsən bəy Zərdabinin kiçik qızı Qəribsoltan xanımın keşməkeşli həyat yolu və yaradıcılığı ilə bağlı mətbuat orqanlarında, kitab və monoqrafiyalarımda çoxlu sayda yazılarım gedib.

Bilirik ki, Azərbaycan elm və mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə “Azərbaycan SSR-in Əməkdar müəllimi” adı verilmiş, “Lenin ordeni” ilə təltif edilmişdir.

O, 1910-cu ildə pedoqoji fəaliyyətə başlamış, 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə Rus-Tatar qız gimnaziyasında müəllim işləmişdir. Ümumiyyətlə 1956-cı ilədək Bakıda müəllimlik fəaliyyətini davam etdirmiş, 9 mart 1967-ci ildə öz mənzilində dünyasını dəyişmiş və Bakıda dəfn olunmuşdur.

O, görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla bacı münasibətində olmuş və onlar qısa bir müddətdə doğma Zərdab məktəbində dərs demişlər. Qəribsoltan xanım Rauf Hacıyevin, eyni zamanda onun bacısı Adilə xanımın təlim-tərbiyəsi ilə məşğul olmuş, onların ərsəyə çatmasında xüsusi xidmətləri olmuşdur.

Azərbaycanın maarif xadimi olan Qəribsoltan xanıma dövlət tərəfindən mənzil verildiyi də bildirilir.

Vaxtıilə Qəribsoltan xanıma məxsus olmuş mənzilin ünvanının müəyyən olunması, hazırda onun kimin istifadəsində olması və sair məlumatların əldə edilməsi maraqlı olardı.

Mən şəxsən Hafiz Tunes.com saytında Türkiyədən Azərbaycana qayıdan Rauf Hacıyevin oğlu Fuad Raufoğlunun və həyat yoldaşı Zəminə Hacıyevanın müsahibəsini oxumuşam.

Zəminə Hacıyeva Hafiz Tunes.com saytına bildirir: “Hökumət Qəribsoltana böyük bir ev vermişdi. O həm də çox tanınmış bir müəllimə idi. Lenin ordeni də vardı...” Daha sonra bildirir “... Qəribsoltan nənə bizimlə birlikdə yaşayırdı. Hamımız bir evdə olurduq. Rauf müəllimin də, Qəribsoltan nənənin də evi birlikdə idi. İki evi birləşdirmişdik.

Yaxşı olardı ki, Qəribsoltan xanıma məxsus olmuş mənzilin yerləşdiyi binanın fotosu, ünvanı, müasir vəziyyəti barədə məlumat verilsin. Bu çox maraqlı olardı. 

Deyim ki, Həsən bəyin kiçik oğlu Səffət bəy Məlikovun həyatı və yaradıcılığı haqqında son 20-25 ildə əlimizin altında olan bir çox hüquqi – arxiv sənədləri, əsaslar olsa da bu məlumatlar, aparılan tədqiqatlar bizi qane etməmişdir. 

Odur ki, dərin araşdırmalar aparılması zərurətilə Zərdabinin nəsil şəcərəsi ilə bağlı, nəslin nümayəndələrinin keçmişdə və bu günün özündə yaşayan insanlarının tədqiq və təbliğ olunması üçün üzümü ölkə ziyalılarına  tutmuşam. Açığını deyim, bu yolda səsimə səs verən yeganə insan “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı oldu. O, ilk olaraq Səffət bəyin həyatı və fəaliyyəti ilə əlaqədar “Səffət Zərdabi Türkiyənin tanınmış memarı, mühacirat mətbuatımızın qurucularındandır” başlıqlı məqaləsilə dərin araşdırmalar aparılmasına geniş yol açmışdır.

Akif Aşırlı Səffət bəyin 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuduğunu, sonra təhsilini Almaniyada alıb yüksək ixtisaslı mühəndis olmasını, atasının  yaradıcılığını davam etdirməsini faktlarla ortaya qoymuşdur. Onun 1952- ci ildə Ankarada Azərbaycan Milliyətçilər dərnəyinin qurucularından olduğunu, Azərbaycan müstəqilliyinin bərpası uğrunda mücahidi olduğunu işıqlandırmışdır. Eyni zamanda Azərbaycan mühacirat mətbuatının ən yaxşı nümayəndələrindən olan “Mücahid” dərgisinin naşiri, baş yazarı, “Türk izi” dərgisinin əsas yazarlarından olmasını, qələmini yerə qoymayıb, Azərbaycan həsrəti ilə yaşamasını diqqətə çatdırıb.

Son vaxtlaradək Səffət bəyin nə ölüm tarixi, nə də ki, harada dəfn olunması bilinmirdi. Cəfakeş Akif Aşırlı qardaşımız Səffət bəyin qəbrinin Ankaranın Karşiyaka məzarlığında həyat yoldaşı Nəsifə xanımın məzarı ilə qoşa olduğunu müəyyən etmişdir. Səffət bəyin baş daşını qırılmış, sinə daşını əvəzləyən daşları parçalanmış vəziyyətdə, qəbrini çökmüş vəziyyətdə görmüş, mövcud vəziyyətlə bağlı şəkillər çəkmiş və bizə təqdim etmişdir. Çox sağ olsun ki, Akif müəllim orada məzar üstündə tam bərpa işləri apara bilməsə də imkanı daxilində təmir – bərpa işləri aparmışdır.

Akif Aşırlının Türkiyə səfərində araşdırma, tədqiqat işində böyük zəhmət və maddiyyat tələb edən bu işi onun əsl Azərbaycan ziyalısı, Vətənpərvər bir insan olaraq Həsən bəy Zərdabi ruhunu şad edən mənəvi övlad olmasından xəbər verir.

Bəli, hörmətli ziyalılarımız bizim hər birimizin mənəvi borcudur ki, səlahiyyətimizdən, vəzifəmizdən, işimizdən, imkanımızdan asılı olmayaraq Həsən bəy Zərdabi ruhunun gəzib-dolaşdığı yerlərdə olaq, bu gün çoxlarının tanımadığı, ancaq qurur mənbəyimiz olan şəxsiyyətləri, onların harada yaşamasından, işləməsindən asılı olmayaraq Azərbaycan naminə görmüş olduqları milli-mənəvi dəyərləri üzə çıxaraq və xalqımızın diqqətinə çatdıraq. Bax bu kimi işlərimizlə hər birimiz Azərbaycanın işıqlı gələcəyi yolunda canlarını fəda etmiş millət fədaisi, millət atası olmuş Həsən bəyin özünün və ailə üzvlərinin ruhlarını şad etmiş olarıq.  

Həsən bəy Zərdabinin atasının dayısı general-leytenant Fərəc bəy Ağayev (1811-1891) qırx ilə yaxın orduda qüsursuz xidmət etmiş və 1882-ci ildə istefaya çıxmış, ömrünün sonuna kimi Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmış tarixi şəxsiyyətdir. O, 1891-ci ildə Tiflisdə vəfat etmişdir. Öz vəsiyyətinə əsasən Tiflisdə müsəlman qəbrstanlığında Mirzə Fətəli Axundovun dəfn edildiyi Nəbatat Bağında torpağa tapşırılmışdır. 

Deməliyəm ki, Tiflisdə Fərəc bəy Ağayevin dəfn olunduğu məzarlığın bir hissəsi 1946-cı ildə dağıdılır və yerində Botanika bağı salınır. Bu tarixdən ötən 80 ildə təəssüf ki, Azərbaycanın bu qəhrəman oğlunun məzarının əbədiləşdirilməsi unudulmuş, məzarının üstündə salınmış bağda onun büstü və ya xatirə lövhəsi qoyulmamışdır.

Gəlin bir anlığa fikirləşək ki, Azərbaycanın ilk generallarından biri Fərəc bəy Ağayevin xatirəsi necə yad olunur, mərhum Şəmistan Nəzirli istisna olmaqla. 

Qeyd edim ki, 2025-ci ildə nəşr olunan “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı monoqrafiyamda Həsən bəy Zərdabinin atasının dayısı Fərəc bəy Ağayev (Nikolay Nikolayeviç) haqqında gedən yazımda (səh. 145-148) onun keçdiyi həyat yolu ilə dərindən tanış olan Azərbaycan və Gürcü xalqına xatırlatmışam ki, onun ruhunun şad olması üçün məzarının üstündə salınmış bağda və eləcə də yaşadığı ünvanda Azərbaycanın bu qəhrəman general oğlunun xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli tədbirlər, işlər həyata keçirilməlidir. Bu bizim mənəvi borcumuzdur və bu borcun yerinə yetirilməsi Həsən bəyin və atasının dayısı Fərəc bəyin ruhunun şad olması deməkdir.

Çox maraqlıdır ki, Azərbaycanın tarixi şəxsiyyətlərindən biri olan, Həsən bəy Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikovun 1936-cı ilin fevral ayının 23-də Bakı şəhərində dərs dediyi auditoriyada vəfat etməsi barədə məlumat olsa da, onun qəbrinin yeri, yaşadığı ünvan bəlli deyil. Eyni zamanda, Rəhim bəy Məlikovun həyat yoldaşı haqqında da məlumat yoxdur. Bilinən bircə odur ki, Şamil Qurbanovun Rəhim bəy Məlikovun xatirəsinə həsr etdiyi “Pamyati budet poçtena” (“Xatirəsi yaşayacaq”) kitabında onun oğlu olduğu qeyd edilmişdir. Lakin bu günədək onun haqqında məlumat əldə edilməmişdir.

Azərbaycan teatrının tərəqqisində müstəsna xidmətlər göstərmiş, Həsən bəy Zərdabinin himayəsində olmuş Məhəmməd bəy Əlvəndinin Bakı şəhərində yaşadığı yerin ünvanı dəqiqliyi ilə nəyə görə xalqımıza bəlli olmasın, onun məzarının yeri bilinməsin, yaşamış olduğu binanın qarşısına xatirə lövhəsi vurulmasın? Mənbələrdən bizə belə məlumdur ki, Əlvəndi Bakıda Qubanov küçəsində, çay fabrikinin yanındakı binanın ikinci mərtəbəsində yaşamışdır. Nəyə görə araşdırılmasın ki, onun yaxınlarından, doğmalarından kimlər olmuş və bu gün həyatda kimləri qalıb?

Deyim ki, son 20 ildə Həsən bəy Zərdabi irsi ilə bağlı apardığım araşdırmalarda, tədqiqat əsərlərimdə məlum olmayan bu kimi məsələləri gündəmə gətirmiş və üzümü ziyalılarımıza, tədqiqatçı alimlərimizə, mətbuat işçilərinə, telejurnalistlərimizə, Zərdabisevərlərə, Zərdabişünaslara tutub bildirmişəm ki, bu məsələlərin işıqlandırılması hər birimizin vətəndaşlıq borcudur.

Bildiyimiz kimi, Həsən bəy Zərdabi dövründə və ondan sonrakı illərdə Bakı şəhərində yaşamış və dünyasını dəyişmiş Zərdabi ailəsinin, doğmalarının həyatı yaxın dövrü əhatə edir. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova 1929-cu ildə, onların kiçik qızları Qəribsoltan xanım isə 1967-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. Bir vaxtlar Həsən bəy Zərdabiyə və onun doğmalarına məxsus Bakı şəhərində mövcud olmuş yaşayış evlərinin, mənzillərinin yeri, ölçüsü, ailə tərkibi barədə 2010-cu ilədək Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsi tərəfindən ünvan arayışı verilmişdir. 

Heç şübhəsiz ki, bu günün özündə müvafiq səlahiyyətli orqanlar tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi qarşısında məsələ qaldırılsa, verilən sorğuya cavab olaraq arxiv əsaslarında qorunub saxılanılan sənədlərdən Həsən bəy Zərdabinin özünə, ailəsinə, doğmalarına məxsus olmuş Bakı şəhərindəki evlərin, mənzillərin ünvanı, mənzilin sayı, ölçüsü, ailə üzvlərinin sayı, adları barədə, habelə 1967-ci ilədək Zərdabi ailəsinin istifadəsində olan mülklərin sonradan kimlərinsə adına keçirilməsi, özəlləşdirilməsi, özününküləşdirilməsi, təyinatının dəyişdirilməsi və sair məlumatların, bilgilərin əldə edilməsi mümkün olan məsələdir.

            Yaşlı nəslin nümayəndələri olan, müəyyən ziyalılarımızın söylədiklərinə, onların yazılarına diqqət yetirdikdə belə məlum olur ki, bütün həyatı boyu müəllimlik etmiş, pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan maarifinin təşəkkülü ilə bağlı olan, 1929-cu ildə dünyasını dəyişən Hənifə xanım Məlikova şəhər qəbrstanlığında dəfn olunmuş, sonradan onun məzarının yeri dəyişdirilmiş və Fəxri Xiyabanda əri Həsən bəyin yanında dəfn olunmuşdur. Lakin deməliyəm ki, belə bir tarixi şəxsiyyətin məzarının faktiki olaraq harada olmasından bir xəbər, qəbirüstü abidəsindən bir nişanə belə yoxdur. Əgər Həsən bəyin ömür – gün, ideya, məslək yoldaşı olmuş Hənifə xanım onun yanında dəfn olunubsa, bu tarixi şəxsiyyətin məzarının yeri niyə bəlli deyil, qəbirüstü abidəsi niyə yoxdur?

Hörmətli ziyalılarımız, gəlin hansı səbəblərə görəsə Zərdabi abidəsinin bir yerdən başqa bir yerə köçürülməsi təklifinə rəy və fikir bildirməkdənsə yuxarıdakı məsələləri gündəmə gətirək, görəcəyimiz, xalqa çatdıracağımız işlərimizlə Azərbaycan ziyalılarının “mənəvi atası” saydığı dahi Həsən bəyin ruhunu şad edək!

Nə isə..., sonda onu demək və diqqətə çatdırmaq istəyirəm ki, Həsən bəy Zərdabinin sözügedən heykəlinin İçərişəhərdə Böyük Qala, 41 ünvanında ucaldılması heç də təsadüfi olmamışdır. Çünki bu heykəl bilavasitə onun Qala Qapısı, 47 ünvanında yerləşən Həsən bəy Zərdabiyə məxsus olmuş, son vaxtlaradək qapısı qıfıllı qalmış mənzillə bir xətdə, yanaşı-bitişik binanın qarşısında qoyulmuşdur. Biləvasitə yaşlı nəslin nümayəndələrinə üzümü tutaraq deyirəm ki, bunlar barədə bilgilərini, reallıqları dilə gətirsinlər, danışsınlar, yazsınlar, onları işıqlandırsınlar, bu bizim Zərdabi ruhu qarşısında mənəvi borcumuzdur.

Yaxşı bilirik ki, “İçərişəhər”də mövcud olan, tarixdən bizə əmanət qalan nə varsa, həmçinin müasir dövrdə yeni yaradılan nə mövcuddursa ziyarətçilərə, turistlərə bələdçilərimiz tərəfindən təbliğ olunur. 

             “İçərişəhər”də Qala Qapısı 41 ünvanında köhnə ensiklopediyanın qarşısında dünyəvi şəxsiyyət Həsən bəy Zərdabinin abidəsinin yanında ensiklopediyanın birinci mərtəbəsində restoran fəaliyyət göstərməsi səbəbindən onun başqa bir münasib yerə köçürülməsi təklifinə münasibət bildiririksə burada elə bir zərurət yoxdur. Əgər belə bir abidənin yanında bir restoran şəbəkəsi fəaliyyət göstərirsə təbii ki, bu restoranda qonaq olan hər bir kəsə bu uca monimental heykəlin kimə aid olduğu barədə məlumat verilir.

Eyni zamanda bu günün özündə Respublikamızın elm, təhsil, mədəniyyət ocaqlarımızın və s. təşkilatların nümayəndələri, kollektiv üzvləri “İçərişəhər”də Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi tədbirlərdə, ekskursiyalarda olan hər bir kəs Həsən bəyin abidəsi qarşısında ayaq saxlayır, şəkil çəkdirir. Tədbir iştirakçılarına onun həyatı və yaradıcılığı, tarixi xidmətləri barədə bələdçilər, təşkilatçılar, müəllimlər tərəfindən məlumat verilir.

            

  

Eldəniz Həsənov – tələbələri ilə “İçərişəhər”də ekskursiyada olarkən Qala Qapısı küçəsində Həsən bəy Zərdabinin abidəsi önündə və ona məxsus olmuş mənzilin qarşısında (2023-cü il).

            Qeyd edək ki, Bakı şəhərinə gələn əcnəbi qonaqlar, turistlər ilk növbədə şəhərimizin ən qədim hissəsi olan “İçərişəhər” kompleksi ilə tanış olmaq istəyirlər. Onlar İçərişəhərin- bu qədim memarlıq abidəsinin tarixi ilə maraqlanırlar. Burada keçmiş dövrün memarlıq üslubunda tikilən tarixi abidələri, müxtəlif xidmət obyektləri, yaşayış binaları, fərdi evlər, mənzillər və sair tikili və qurğularla tanış olurlar.

            Həmçinin qonaqlar burada mənzillər, yaşayış evləri üzərindəki xatirə lövhələrinə baxıb ayrı-ayrı böyük şəxsiyyətlərin adları və kimliyi barədə məlumatlar əldə edirlər. Demək olar ki, onlar bütün gördüklərinin şəklini çəkir və yaddaş dəftərlərində qeydlər aparırlar.

“İçərişəhər” kompleksində mövcud olan və tarixdən bizə əmanət olan nə varsa, habelə müasir dövrdə yeni yaradılan nə mövcuddursa bütün bunlar ziyarətçilərə, turistlərə bələdçilərimiz tərəfindən izah və təbliğ olunur.

  

            Həsən bəy Zərdabinin vəfat etdiyi gün Bakıda yaşayan Xalq kütləsinin onun yaşadığı İçərişəhər Qala Qapısı 47 ünvanı qarşısında meydana toplanması (28 noyabr 1907-ci il)

Həsən bəyin vəfatı zamanı, 1907-ci ilin 28 noyabrındakı möhtəşəm dəfn mərasimində Bakıda yaşayan bütün xalqların nümayəndələri bu böyük insanın yaşadığı evin qarşısında geniş sahəni əhatə edən meydana toplaşmışlar.

Həsən bəy dəfn olunan gün matəm günü elan olunur, bütün məktəblər, dükanlar bağlanır, əhali dərin bir hüznlə onu son mənzilə yola salmağa gəlir.

Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun kiçik qardaşı ilk professional musiqi təhsilli Azərbaycan ziyalısı, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası sahəsində tanınmış tədqiqatçı, istedadlı publisist, gözəl nasir, “Kaspi” qəzetinin nüfuzlu əməkdaşlarından olan Ceyhun bəy Hacıbəyovun (1891-1962) ən böyük ideallarından biri Həsən bəy Zərdabi idi. O, Həsən bəy Zərdabini vətənə, xalqa təmənnasız xidmətin ən bariz nümunəsi hesab edir və onu ordu başçısına bənzədirdi. Bu ordunun silah altında olan əsgərləri sayca az olsa da, onların uzaqvuran güclü ideya topları vardı ki, onun ilk nişançısı Həsən bəy Zərdabi özü idi.

C.Hacıbəyov Həsən bəy Zərdabini şəxsən tanıyır, onu özünün mənəvi müəllimi hesab edirdi. Hacıbəyov 1911-ci ildə yazdığı kitabını Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovaya belə bir avtoqrafla vermişdi: “Müəllif öz kiçik əsərini əziz müəlliminin həyat yoldaşı Hənifə xanım Məlikovaya həsr edir”.

C.Hacıbəyov qeyd edirdi ki, “Zərdabi çoxlarının edə bilmədiyini etmişdir. Bu, onda öz şəxsi mənafeyini ictimai mənafeyə qurban vermək kişiliyi idi. Həsən bəyin həyatı da, ölümü də cəmiyyətə qurban getmişdir”.

Ceyhun Hacıbəyov əziz müəllimi Zərdabinin keçdiyi həyat yolunu işıqlandıraraq müasirlərini ondan, onun bütün nəsillər üçün nümunə ola biləcək həyatından öyrənməyə, ona layiq olmağa, onun kimi yaşamağı bacarmağa çağırırdı. C.Hacıbəyov yazırdı: “Rəhbər öləndə onun ordusunu yetimlik, kimsəsizlik hissi bürüyür, başçısını itirən qorxaqlar meydandan qaçmağa üz qoyurlar. Elə hal da olur ki, rəhbərin ölümü əsgərləri vahiməyə salmır, əksinə, onlarda belə bir səfərbəredici, ruhlandırıcı hiss oyadır: rəhbər onlar üçün müqəddəs olan ideyalar uğrunda həlak olmuşdur. Bu hiss orduda güclü ruh yüksəkliyi yaradır və ordu psixoloji cəhətdən cuşa glərək rəhbərin uğrunda həlak olduğu işi axıra çatdırır”.

Həsən bəy Zərdabinin böyük qızı Pəri xanım Məlikovanın (Topçubaşovun) həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun ailə üzvləri və qohumları ilə 1912-ci ildə çəkilmiş və hazırda Kulis.az portalının Facebook səhifəsində paylaşılan aşağıdakı fotoşəkil diqqətimi çəkmiş və bir çox məsələləri araşdırmaq üçün əlimdən tutmuşdur.

   

Əlimərdan bəy Topçubaşovun ailə üzvləri və qohumları ilə, 1912-ci il

Bu şəkildə orta sırada sağdan ikinci Əlimərdan bəy Topçubaşov, üçüncü Pəri xanım Topçubaşova, Pəri xanımın qucağında Ənvər bəy (oğulları), üçüncü sırada soldan ikinci duran Ələkbər bəy (oğulları), üçüncü Sara xanım (qızları), sağdan qarşıda oturanlar Rəşid bəy (oğulları), Sevər xanım (qızları).

            Fotoşəkilin paylaşmasına 148 nəfər tərəfindən baxılmış və bəyənmə düyməsi sıxılmışdır. Lakin çox yaxşı olardı ki, bu şəkilə baxan ziyalılarımızdan Əlimərdan bəy Topçubaşov və onun həyat yoldaşı Pəri xanım Topçubaşova və onların ailə üzvləri, doğmaları barədə, eləcə qarşısında şəkil çəkdirdikləri evin ünvanının harada yerləşməsi ilə bağlı fikir söyləyərdilər. 

Ailənin böyük övladı Ələkbər bəy yazır: “… Beləcə yeddi il boyunca dərs illərim heç bir gözlənilməz hadisə baş vermədən hamar şəkildə ötüb keçdi. Ailədəki şərait, valideynlərin qayğısı və məktəb rejimi tələblərin səliqə ilə yerinə yetirilməsi mənim kimi astagəl bir adama real məktəbi uğurla bitirməyimə imkan verdi.

            Atamın təsiri altında, ictimai fəaliyyət qəzetinə canlı marağım məndə ictimai elmlərə həvəs və sevgi oyatdı, buna görə də diqqətin bu elmlər silsiləsinə yönəldiyi məktəbdə ali təhsil almaq qərarına gəldim”. 

1912-ci ildə çəkilmiş bu fotoşəkildən də görünür ki, o, valideynləri ilə birgə Bakı şəhərində yaşamış, 1913-cü ildə Moskva Kommersiya İnstitutunun İqtisad bölməsinə qəbul olmuş, həmin tarixdən sonra müəyyən obyektiv və subyektiv səbəblər üzündən Bakıya dönə bilməmişdir. Çox yaxşı olardı ki, Topçubaşovların Bakı şəhərində mövcud olmuş mənzilinin harada, hansı ünvanda yerləşməsi barədə məlumat veriləydi.

Çünki Topçubaşovlar ailsəinin yaşadığı mənzilin girişində, pilləkənin qarşısında sərilmiş xalçanın üstündə çəkdirdikləri şəkildən məlum olur ki, ailə məhz bu evdə yaşamışdır. Bu foto çox şeylərdən xəbər verir.

Bəzi mənbələrdə bildirilir ki, qayınatası Həsən bəy Zərdabinin evi kimi, ailəsi ilə Bakıda yaşayan Əlimərdan bəy Topçubaşovun da evi qonaqlı-qaralı olardı.

Tarixdən bizə məlumdur ki, Həsən bəy Zərdabdan, Əlimərdan bəy isə Tiflisdən eyni vaxtda- 1996-cı ildə ailələri ilə birlikdə Bakıya köçmüş və hər ikisi 1897-ci ilin oktyabr ayında Bakı şəhər Dövlət Dumasının üzvü süçilmişdir. Həmçinin hər ikisi eyni vaxtda “Kaspi” qəzetində fəaliyyətə başlamışdır.

1918-ci ildə Azərbaycan özünü müstəqil Respublika elan etdikdən sonra, Bakıda yaşayan və daha çox siyasətlə məşğul olan Əlimərdan bəy əvvəl Gürcüstana, sonra isə Türkiyəyə səfir göndərilmişdir. O, 1919-cu ilin yanvar ayının 20-də isə İstanbula, həmin ilin may ayında Parisə gəlmişdir.

Əlimərdan bəy Fransa paytaxında ailəsi ilə 14 il mühacir həyatı keçirmişdir. Nə isə… Əlimərdan bəy Topçubaşovun özünün və ailəsinin keçdiyi keşməkeşli həyat yolu barədə yazdığım kitablarda və bir sıra məqalələrimdə çox geniş məlumatlar vermişəm.

Burada fikrim, məqsədim ayrı-ayrı məqamlara, mətləblərə toxunmaq, bir çox məsələlərə aydınlıq gətirməkdir.

Hər bir tarixi şəxsiyyətin tarixi, keçdiyi həyat yolu və onlardan bizə əmanət qalan nə varsa unudulmamalı və bütün bunlar tarixin səhifələrinə əbədi olaraq  həkk olunmalıdır.

Deyim ki, tarixi şəxsiyyətlərin formalaşması üçün ən əsas amil onların ailədə aldığı təlim-tərbiyədən, təhsildən, ulularından, soykökündən onlara irsi olaraq keçən zadəganlıqdan, ailəcənablıqdan irəli gələn məsələdir. Bütün bu kimi cəhətlərlə köklənən tarixi şəxsiyyətlərimizdən biri olan Həsən bəy Zərdabinin, kürəkəni Əlimərdan bəy Topçubaşovun özlərinin və ailələrinin keşməkeşli həyat yolları bizə yaxşı məlumdur.

Daim ürəkləri vətən məhəbbəti ilə döyünmüş, doğma torpağını, vətənini sevən, həyatını Azərbaycanımızın işıqlı gələcəyi yolunda qurban vermiş bu şəxsiyyətləri unutmamalı və onların əziz xatirəsini daim uca tutmalıyıq.

Diqqətə çatdırmaq istəyirəm ki, Əlimərdan bəy ailəsilə Tiflisdən Bakıya köçərkən öz adına olan ata mülkü 1905-ci ilin noyabr ayında erməni daşnakları tərəfidnən yandırılsa da, Gürcü xalqı tərəfindən Betlemi küçəsi 28 ünvanında yerləşən üçmərtəbəli həmin bina bərpa edilmişdir.

  

Əlimərdan bəy Topçubaşovun Tiflisdən Bakıya köçərkən öz adına olan ata mülkü

  

Əlimərdan bəy Topçubaşovun Bakıya köçərkən Tiflisdə yaşadığı küçə hazırda Betlemi küçəsi adlanır

Tarixi arxiv sənədlərindən, tədqiqatçı alimlərimizin araşdırmasından da bu küçənin Narınqala yaxınlığında yerləşməsi və həmin evin Əlimərdan bəy Topçubaşovun baba yurdu olduğu, özünün də o evdə yaşadığı məlumdur.

Betlemi küçəsi bu adı 1990-cı ildən daşıyır. 1923-cü ildən isə küçənin adı Məşədi Əzizbəyov olub.

Hörmətli oxucular, ziyalılar, bizə o da məlumdur ki, 1934-cü ildə Parisdə vəfat edən Əlimərdan bəy Topçubaşovun yaşadığı evə xatirə lövhəsi vurulmuşdur.

  

Əlimərdan bəy Topçubaşovun Parisdə yaşadığı evə vurulan xatirə lövhəsi

Ömrünün 22 ilini (1896-1918) ailəsi ilə Bakı şəhərində yaşamış, Azərbaycan ictimaiyyətini Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi tarixi şəxsiyyətlərlə bir yerdə təmsil edən və sonrakı 14 ilini Fransada yaşamış Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri, bütövlükdə türk-müsəlman dünyasının görkəmli liderlərindən sayılan Əlimərdan bəy Topçubaşov nə qədər maddi və mənəvi, siyası sıxıntılar keçirməsinə baxmayaraq öz məqsədindən, amalından dönməmiş, ömrünün sonunadək öz ölkəsinin işıqlı, xoşbəxt gələcəyi yolunda canını fəda etmişdir.

Deməli, bu dahi şəxsiyyətin Tiflisdə, Parisdə yaşamış olduğu mənzillərin ünvanı bizlərə məlum olduğu halda, nə səbəbə görə 22 il müddətində ailəsi ilə birlikdə Bakı şəhərində yaşayan Əlimərdan bəyin mənzilinin, evinin ünvanı bilinməsin?

Bəzi ziyalılarımızın, tədqiqatçılarımızın yazdığı kimi, o da qayınatası Həsən bəy Zərdabi kimi, Bakı Dumasının üzvü, “Kaspi” qəzetinin baş redaktoru olaraq  Bakı şəhərində ailəsi ilə yaşadığı 22 il ərzində kirayədə və ya icarəyə götürdüyü mənzildəmi yaşayıb? 

Sonda qədirbilən xalqımızın nümayəndələri, dəyərli oxucularımız, Sizlərə müraciət edirəm və deyirəm ki, gəlin Azərbaycanımızın işıqlı gələcəyi naminə canını fəda etmiş Həsən bəy Zərdabi və onun kimi dahi şəxsiyyətlərimizin, onların ailə üzvlərinin, doğmalarının həyat yollarına nəzər salaq.

Onların həyatı ilə bağlı bizlərə məlum olmayan, qaranlıq qalan məsələlərlə bağlı araşdırıb üzə çıxardığımız maraqlı faktlar, həqiqətlər yazdığımız kitablarda, arxivlərdə qalmasın. Səsimizə səs verən olsun.

Bütün bunlara münasibət, rəy bildirilsin, dəstək verilsin. Necə deyərlər tək əldən səs çıxmaz. Bunun üçün ziyalılarımızın, tədqiqatçılarımızın, alimlərimizin səyləri ilə əməli tədbirlər görülməsi üçün aidiyyəti qurumlar, təşkilatlar və orqanlar qarşısında haqq səsimizi qaldırmalıyıq. Bax bu zaman qaldırılan məsələlər hüquqi müstəvidə öz qiymətini alacaq, çox zaman keçsədə bundan sonra ölkə rəhbərliyinin qəbul etdiyi müvafiq qərar və ya fərmanlar əsasında qaldırılan məsələlər dəyərləndirilməlidir.

Gəlin dostlar, bu gün Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov şəxsiyyətinə verilən dəyərləri unutmayaq, onların adı ilə bağlı bizə əmanət olan nə varsa onu qoruyaq, xatirələrini, amallarını uca tutaq və ruhlarını şad edək!

Eldəniz Həsənov,

Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, tədqiqatçı Zərdabişünas alim, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Ali media” və Zərdabi mükafatı laureatı

Избранный
20
1
xalqqazeti.az

2Источники