RU

Masallıda Xocalı soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anıldı » AzadMedia.az


26 fevral 2026-cı il tarixdə Masallı şəhərində yerləşən Qəhrəmanlar parkında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Səhər saatlarından etibarən Qəhrəmanlar parkında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önündə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad olunmuş, abidə önünə gül dəstələri düzülmüşdür.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri və ictimaiyyət üzvləri iştirak etmişlər.

Mərasimdə çıxış edən rayon rəhbəri bildirmişdir ki, bu gün Azərbaycan xalqı Xocalı faciəsi şəhidlərinin ruhunu dərin ehtiramla yad edir və eyni zamanda fəxr edir ki, onların qanı yerdə qalmamışdır.

Qeyd olunmuşdur ki, Xocalı soyqırımının faktlarına və rəqəmlərinə nəzər saldıqda insanı dəhşət bürüyür. Həmin qanlı gecədə 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər qadının, 70 nəfər yaşlının, 65 nəfər uşağın taleyindən bu günədək xəbər yoxdur. Həmin gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Xocalı hadisəsinin qurbanları və dəhşətləri bunlarla da məhdudlaşmır.

Vurğulanmışdır ki, bu gün iftixar hissi ilə qeyd olunur ki, Xocalı şəhidlərinin qanı yerdə qalmamışdır. Xocalı şəhidlərinin qisasını alan, onların qatillərini doğma torpaqlarımızdan çıxaran bütün şəhidlərin də əziz xatirəsi ehtiramla yad edilir.

Çıxışın sonunda həm Xocalı şəhidlərinə, həm də Qarabağ müharibəsinin bütün şəhidlərinə Allahdan rəhmət dilənmiş, qazilərə və onların ailələrinə möhkəm cansağlığı arzulanmışdır.

Rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 17:00-da soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Избранный
26
1
azadmedia.az

2Источники