RU

Diplomda ingilis dili, auditoriyada Azərbaycan dili Tələbələr narazıdır

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bəzi universitetlərdə ingilis bölməsi adı altında fəaliyyət göstərən ixtisaslarda dərslərin faktiki olaraq Azərbaycan dilində keçirilməsi tələbələr arasında narazılıq yaradır. Bu vəziyyət tədrisin keyfiyyətinə və şəffaflığına dair ciddi suallar doğurur.Təhsil eksperti Məzahir Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, praktikada vəziyyət heç də ürəkaçan deyil:“Təəssüf ki, bu gün Azərbaycanda bir çox universitetlər maddi-texniki bazaları tam imkan vermədiyi halda belə, ingilis dilində ixtisaslar üzrə qəbul elan edirlər və bu sifarişlər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunur. Lakin praktikada bəzi ali məktəblərdə bu məsələ qismən təmin olunsa da, əksər universitetlərdə dərslər Azərbaycan dilində aparılır. Bu, xüsusilə digər fənlər üzrə ixtisaslı kadr çatışmazlığı səbəbindən baş verir. Bu isə tələbələr arasında ciddi narahatlıq yaradır. Çünki həmin tələbələr həm yaxşı dil bilikləri qazanmaq, həm də ixtisaslarını ingilis dilində mənimsəmək məqsədilə bu proqramları seçirlər. Nəticədə isə nə lazımi səviyyədə dil bacarığı formalaşır, nə də ixtisas üzrə terminologiya və akademik baza ingilis dilində tam mənimsənilir. Bu da gələcəkdə onların əmək bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir".O, bildirib ki, eyni zamanda bir çox tələbə magistratura və doktorantura pilləsində, istər dövlət proqramı, istərsə də şəxsi imkanları hesabına xaricdə təhsilini davam etdirməyi planlaşdırır:"Lakin bakalavr səviyyəsində formalaşmalı olan baza zəif olduqda, bu, onların xaricdə təhsili üçün ciddi maneəyə çevrilir. Artıq tələbələr indidən anlayırlar ki, nə yerli əmək bazarında, nə də xaricdə növbəti təhsil pilləsində istədikləri nəticəni əldə etmək asan olmayacaq. Qeyd etmək lazımdır ki, bu hallar təkcə dövlət deyil, bəzi özəl universitetlərdə də müşahidə olunur. Xarici dildə fəaliyyət göstərən ixtisasların bir qismi müəyyən qədər uyğun baza yarada bilsə də, əksər hallarda vəziyyət ürəkaçan deyil və bu istiqamətdə ciddi nəzarət mexanizmlərinə ehtiyac var".Qeyd edək ki, təhsil sistemində ingilis dilində ixtisasların praktik icrası ilə bağlı yaranan boşluqlar tələbələrin həm akademik hazırlığına, həm də gələcəkdə xaricdə təhsil və əmək bazarında rəqabət qabiliyyətinə ciddi təsir göstərir.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники