“Atletiko”nun hücumçusu Aleksander Sörlot azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Norveçli hücumçu pley-off mərhələsinin cavab oyununda “Brügge” (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Norveçli futbolçu səsvermədə Yens Petter Hauqe (“Bodo Qlimt”), Orelyen Tçuameni (“Real”) və Viktor Osimheni (“Qalatasaray”) qabaqlayıb.
Aleksander Sörlot Madrid “Atletiko”suna 2024-cü ilin avqust ayında 32 milyon avro məbləğ müqabilində “Vilyarreal”dan tamhüquqlu əsasda keçib.
Norveçli hücumçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Sörlot “döşəkçilər” üçün 36 oyuna 15 qol və 1 məhsudlar ötürmə ilə fərqlənib. O, “Atletiko”da bütövlükdə 89 oyuna çıxıb, 39 qol və 3 assist müəllifi olub.
Sörlot karyerası ərzində “Real Sosyedad”, “Trabzonspor”, “Qroningen”, “Leypsiq”, “Bodo Qlimt”, “Midtyulland”, “Gent”, “Kristal Pelas”, “Rusenborq” kimi klubların da şərəfini qoruyub.
Norveçli hücumçu 2016-cı ildə debüt etdiyi milli komandada 68 oyuna çıxıb, 26 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı norveçi mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
