RU

Kim Çen Inın 13 yaşlı qızı Şimali Koreya ordusunun raket bölməsinə rəhbərlik edir?

Cənubi Koreya kəşfiyyatı KXDR liderinin bu addımını hakimiyyətin gələcək ötürülməsinin hazırlıq mərhələsi kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, Cənubi Koreyanın The Chosun Ilbo nəşri kəşfiyyat mənbələrinə istinadən KXDR lideri Kim Çen Inın 13 yaşlı qızı Kim Çju Eni ölkənin raket proqramına nəzarət edən bölmənin faktiki rəhbəri kimi irəli çəkdiyini yazıb. Məlumata görə, rəsmi olaraq bu struktura general Çan Çan Ha rəhbərlik etsə də, Kim Çju E artıq yüksək rütbəli hərbçilərdən hesabatlar qəbul edir və müəyyən göstərişlər verir.

Cənubi Koreya kəşfiyyatının qiymətləndirməsinə əsasən, bu addım Kim Çju Enin gələcəkdə ölkə rəhbərliyinə hazırlanması istiqamətində atılan mərhələli siyasi prosesin tərkib hissəsi ola bilər. Ekspertlər hesab edirlər ki, gənc yaşına baxmayaraq, onun strateji hərbi sahəyə cəlb olunması hakim ailə daxilində varislik mexanizminin formalaşdırıldığını göstərir.

Nəşr xatırladır ki, son illərdə Kim Çen In qızını mütəmadi olaraq ballistik raket və nüvə silahı sınaqlarının keçirildiyi poliqonlara aparır və onu dövlətin əsas hərbi layihələri ilə ictimai şəkildə tanış edir. Bu görüntülər KXDR dövlət mediasında geniş işıqlandırılır və Kim Çju Enin ölkənin müdafiə siyasətində simvolik rolunun gücləndirildiyini nümayiş etdirir.

Bununla yanaşı, The Korea Times qəzeti yazıb ki, rəsmi olaraq general Çan Çan Hanın rəhbərlik etdiyi raket bölməsi ölkənin nüvə qüvvələrinin gücləndirilməsi, strateji silahların hazırlanması və modernləşdirilməsi üçün əsas məsul qurum hesab olunur. Bu struktur KXDR-in çəkindirici hərbi potensialının əsas dayaqlarından biri sayılır.

Analitiklərin fikrincə, Kim Çju Enin məhz nüvə və raket proqramı kimi strateji sahəyə cəlb edilməsi onun gələcək siyasi statusunun legitimləşdirilməsi və ölkə elitasına təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники