RU

Madriddə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi - FOTO

BAKI, 26 fevral. TELEQRAF

Madrid şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Teleqraf-a Azərbaycanın İspaniya Krallığındakı Səfirliyindən bildirilib.

Xəbərinə görə, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə İspaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan Madrid Complutense Universitetində “Dəyişən dünyada xarici fəaliyyət: sülh gündəliyi və Azərbaycanın regional və qlobal siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.

Sözügedən tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin və Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxışlarda 1992-ci ilin fevralında baş vermiş Xocalı hadisələrinin ağır humanitar nəticələri diqqətə çatdırılıb, dinc əhaliyə qarşı törədilmiş zorakılıq aktlarının beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və bu kimi faciələrin gələcəkdə təkrarlanmaması üçün sistemli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur və hər il 26 fevral - Xocalı Soyqırımı Günü ölkə daxilində və xaricdə silsilə anım tədbirləri keçirilir. Diqqətə çatdırılıb ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu hadisələrə soyqırımı və insanlıq əleyhinə cinayət kimi hüquqi-siyasi qiymət vermişlər.

Tədbir çərçivəsində Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi təşəbbüslər, eləcə də mövcud regional reallıqlar barədə məlumat təqdim olunub. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsinin regionda yeni mərhələnin formalaşmasına zəmin yaratdığı vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan sülh gündəliyini ardıcıl və konstruktiv şəkildə irəli aparır, xalqımıza qarşı törədilmiş cinayətlərin unudulmasına yol verilmir və qurbanların əziz xatirəsi daim ehtiramla yad edilir.

Tədbirin yekununda tanınmış fotojurnalist Reza Deqatinin Xocalı faciəsi və müharibənin acı nəticələrini əks etdirən fotoşəkillərindən ibarət kitabı Universitet rəhbərliyinə təqdim edilib.

Избранный
6
teleqraf.com

1Источники