RU

KİV: Tramp Britaniyadan bazanın İrana zərbələr üçün istifadəsinə icazə tələb edir

BAKI, 27 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyadan Hind okeanındakı Çaqos arxipelaqında yerləşən hərbi bazanın İrana mümkün zərbələr üçün istifadəsinə icazə verməyi tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, söhbət Dieqo-Qarsiya adasında yerləşən bazadan gedir. Baza 1966-cı il sazişi əsasında Böyük Britaniya və ABŞ tərəfindən birgə idarə olunsa da, rutin əməliyyatlardan kənar hərbi fəaliyyət üçün Londonun razılığı tələb olunur.

Məlumata əsasən, Britaniya hakimiyyəti ABŞ-nin İrana mümkün zərbəsinin beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirilə biləcəyi ilə bağlı narahatlıqlara görə bu icazəni verməkdən çəkinir.

Bildirilir ki, Tramp əks halda Böyük Britaniya ilə Mavrikiy arasında Çaqos arxipelaqının suverenliyinin Mavrikiyə verilməsinə dair razılaşmanı dəstəkləməkdən imtina edə bilər. Vaşinqton bazanın istifadəsi məsələsini ümumi razılaşmanın təsdiqi ilə əlaqələndirir.

Qəzet yazır ki, ABŞ tərəfindən “yaşıl işıq” verilməzsə, Böyük Britaniyanın baş naziri Kir Starmer ya ABŞ-nin mövqeyinə baxmayaraq sazişi ratifikasiya etmək, ya da ondan imtina etmək dilemma ilə üzləşəcək. İmtina isə Mavrikiy tərəfindən çoxmilyardlıq iddia ilə nəticələnə bilər.

Fevralın 25-də Böyük Britaniyanın xarici işlər nazirinin müavini Həmiş Falkoner Çaqosun Mavrikiyə verilməsi ilə bağlı qanunun qəbulunun ABŞ ilə məsləhətləşmələr üçün dayandırıldığını bildirsə də, Starmerin ofisi bu məlumatı təkzib edib.

Qeyd edək ki, Çaqos arxipelaqı 1965-ci ilə qədər Mavrikiy ilə birlikdə Britaniyanın koloniyası olub. 1968-ci ildə Mavrikiy müstəqillik qazansa da, Çaqos Londonun nəzarətində qalıb. 1966-cı ildə ABŞ Dieqo-Qarsiya adasını icarəyə götürərək burada hərbi aviabaza yaradıb. Arxipelaqın təxminən 1,5 min sakini isə həmin dövrdə məcburi köçürülüb.

2019-cu ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Mavrikiyin xeyrinə məsləhət xarakterli rəy verib. Kir Starmerin sözlərinə görə, Çaqosun Mavrikiyə verilməsi bazanın fasiləsiz fəaliyyətini təmin etməyə imkan yarada bilər.

Избранный
31
teleqraf.com

1Источники