ABŞ Meksikanın "Sinaloa" kartelinin liderləri Rene və Alfonso Arsat Qarsiya qardaşlarının tutulmasına kömək edən məlumatlara görə 10 milyon dollar mükafat təklif edib.
"Far.Az"un məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb.
Qeyd olunur ki, "Qurbağa" ləqəbi ilə tanınan Rene Arsat Qarsiya və "Axilles" kimi tanınan qardaşı Alfonso Arzat Qarsiya təxminən 15 ildir ki, kartelin bölmələrindən birinə rəhbərlik edir və ABŞ-yə fentanil də daxil olmaqla narkotik qaçaqmalçılığına nəzarət edir.
2014-cü ildə ABŞ hakimiyyəti onları qiyabi olaraq ittiham edib, 2023-cü ildə isə ABŞ-nin Maliyyə Nazirliyi onları narkotik qaçaqmalçılığına görə sanksiya siyahısına salıb.
Rene Arzat Qarsiya həmçinin xarici terror təşkilatının fəaliyyətinə dəstək verməkdə, metamfetamin, kokain, fentanil və marixuana qaçaqmalçılığında və çirkli pulların yuyulmasında ittiham olunur.
Qeyd olunur ki, ötən ilin fevral ayında ABŞ administrasiyası "Sinaloa" və "Jalisco Nueva Generacion" da daxil olmaqla səkkiz narkotik kartelini xarici terror təşkilatı kimi tanıyıb.