RU

Türkiyəni silkələyən hadisə ilə bağlı müəmma: İki dəfə təkrarlandı Nə baş verir?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son iki ayda Türkiyədə iki müəmmalı təyyarə qəzası baş verib. Əvvəlcə ötən ilin dekabrın 23-də Liviyanın Baş Qərargah rəsinin olduğu təyyarə Ankarada qəzaya uğradı. Fevralın 25-də isə Türkiyənin Balıkesir şəhərindəki 9-cu Ana Reaktiv Aviasiya Bazasından havaya qalxan F-16 tipli döyüş təyyarəsi qəza enişi etdi, nəticədə pilot həlak oldu.

Maraqlıdır ki, hər iki təyyarə də havaya qalxdıqdan dəqiqələr sonra qəzaya uğrayıb. Bu, hadisə ilə bağlı təxribat iddialarını gündəmə gətirir.

Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib ki, son aylarda təkcə Türkiyədə təyyarə qəzası baş verməyib, Qazaxıstan və Cənubi Koreyada da eyni hal yaşanıb:

“Bu hadisələri İran məsələsi fonunda İsrail və ABŞ-ın bölgədəki elektron fəaliyyətləri ehtimalı prizmasından da qiymətləndirmək lazımdır.

Türkiyədə son iki ayda baş verən bu iki qəza həm hərbi, həm də diplomatik baxımdan olduqca həssas bir mərhələyə işarə edir. Aviasiya dərsliklərində qəzaların ən çox baş verdiyi mərhələlər “Kritik 11 dəqiqə” adlandırılır. Söhbət qalxışdan sonrakı ilk 3 dəqiqə və enişdən əvvəlki son 8 dəqiqədən gedir. Hər iki hadisədə də bu mərhələ ortaq məqam kimi diqqəti cəlb edir.

Ankarada 23 dekabr 2025-ci ildə Liviya Baş Qərargah rəisini daşıyan təyyarənin, təhlükəsizlik və texniki nəzarətin ən yüksək səviyyədə olduğu paytaxtda qalxışdan dərhal sonra qəzaya uğraması bir sıra suallar doğurur. Liviyadakı daxili balanslar və Türkiyənin bölgədəki rolu nəzərə alındıqda, hadisənin texniki nasazlıqdan çox kənar müdaxilə nəticəsində baş verib-vermədiyi strateji müzakirə mövzusudur. Yüksək rütbəli hərbçini daşıyan təyyarələrdə texniki baxışların ikiqat yoxlama ilə aparılması qaydadır. Buna baxmayaraq qəzanın baş verməsi “insan faktoru”, yoxsa “sistem xətası” sualını ortaya çıxarır.

25 fevral 2026-cı ildə Balıkesirdəki Əsas Reaktiv Hava Bazasından havaya qalxan F-16-nın qəzaya uğraması isə Türkiyə Hərbi Hava Qüvvələrinin ən etibarlı platformalarından birində problem yaşandığını göstərir. Qalxış zamanı mühərrikin dayanması və ya mühərrikə yad cismin düşməsi (məsələn, quşla toqquşma) döyüş təyyarələrində ən çox rast gəlinən ani qəza səbəblərindəndir. Bununla yanaşı, Türkiyənin F-16 parkında həyata keçirdiyi modernizasiya proqramları və ehtiyat hissələrinin tədarükündə mümkün ləngimələr uçuş təhlükəsizliyinə təsir edən struktur yorğunluğu risklərini də gündəmə gətirə bilər.

Hər iki qəzanın qalxışdan dərhal sonra baş verməsi narahatedici oxşarlıq yaradır. Hərbi aviasiyada belə hadisələr ard-arda yaşandıqda, adətən iki istiqamətdə qiymətləndirilir: texniki təsadüf və ya kənar müdaxilə ehtimalı. Qış şəraiti, buzlanmaya qarşı sistemlərin yetərsizliyi və ya texniki xidmət dövründə buraxılan səhvlər texniki ssenarilər sırasındadır. Digər tərəfdən, müasir müharibə texnologiyalarında təyyarələrin avionika sistemlərinə qarşı elektron müdaxilə, GPS siqnalının pozulması və ya qarışdırılması kimi üsullar qalxış kimi həssas anda idarəetməni çətinləşdirə bilər”.

Hasan Oktay

Politoloq bildirib ki, belə qəzalar baş verdikdən sonra Türkiyənin aviasiya təhlükəsizliyi protokollarında dəyişikliklərin edilməsi zərurəti ortaya çıxır:

“Ard-arda yaşanan hadisələr “zəncirvari xəta” və ya “xarici müdaxilə” ehtimallarının ciddi şəkildə araşdırılmasını tələb edir. Bu çərçivədə oxşar mühərrik tipinə malik F-16 blokları üzrə müvəqqəti yoxlama və uçuşların məhdudlaşdırılması, yüksək səviyyəli heyətləri daşıyan təyyarələrdə nəzarət mexanizmlərinin daha da sərtləşdirilməsi, yanacaq nümunələrinin laborator analizlərinin gücləndirilməsi kimi addımlar gözlənilən ola bilər.

Araşdırma qruplarının diqqət mərkəzində üç əsas ssenari dayanır: elektron müdaxilə və GPS qarışdırılması ehtimalı, yanacaq və logistika zəncirində mümkün çirklənmə və ya sistemli səhlənkarlıq, eləcə də metal yorğunluğu və ehtiyat hissələrinin uyğunluğu məsələsi. Xüsusilə modernizasiya prosesində istifadə olunan yeni komponentlərin köhnə platformalarla uyğunluğu və ya gövdədə görünməyən mikroçatların yüksək yüklənmə anında struktur dağılmaya səbəb olması istisna edilmir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
globalinfo.az

2Источники