Xalqların, ölkələrin, bir qədər də konkret yanaşsaq,
regionların strateji inkişafı bir çox halda tarixi fürsətlərdən asılı olur.
Yaranmış əlverişli imkanları vaxtında dəyərləndirməyi bacaran liderlərin müdrik
qərarları, çevik davranışları bu fürsət anlarını böyük coğrafiyaların tarixi
taleyindəki dönüş məqamına çevirir. Belə bir reallığı bu gün Azərbaycanla ABŞ
arasında dinamik inkişaf edən münasibətlərdə müşahidə etmək olar.
Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan ABŞ üçün həmişə
regionun əhəmiyyətli ölkəsi sayılıb. Azərbaycanın artıq 35 ilə çatan müstəqillik
tarixində ABŞ ilə münasibətlərin inkişafında hər iki tərəf üçün qarşılıqlı
faydalar yaradan mühüm nailiyyətlər əldə edilib. Tarixi obyektivlik naminə yada
salaq ki, qazanılmış uğurlarla yanaşı, xüsusilə müstəqilliyin ilk illərindəki səriştəsiz
iqtidarlar dövründə Azərbaycanın bu münasibətlərdə itirdiyi imkanlar, yaxud
ABŞ-nin bəzi siyasi dairələrinin ölkəmizə qarşı yol verdikləri yanlış
yanaşmalar ucbatından ikitərəfli əlaqələrdə düyünlü nöqtələrin yaranması
halları da olub. Bu gün isə Ağ Evin qlobal siyasi-iqtisadi düzənə yeni strateji
baxışı, bu fövqəldövlətin dəyişən prioritetləri və bütün bunların yaratdığı
böyük fürsətlər fonunda Azərbaycan-ABŞ münasibətləri 35 illik müstəqillik
dövrümüzün, demək olar, ən yüksək mərhələsindədir.
Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
diplomatik bacarığının, yaranmış hər imkandan ölkəmizin, xalqımızın milli
maraqları, yaşadığımız coğrafiyanın təhlükəsizliyi və dayanıqlı inkişafı naminə
istifadə məharətinin, proseslərə əsl strateq reaksiyasının müstəsna rolu
vardır.
Münasibətlərdə yeni səhifə - TRIPP
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ailə üzvləri ilə ölkəmizə
səfəri, dünyanın ən qüdrətli dövləti ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq
haqqında Xartiyanın imzalanması, belə bir tarixi sənəddə qarşıya qoyulan məqsədlər
bunun daha bir nümayişi oldu və iki ölkə arasındakı münasibətləri yeni bir
institusional mərhələyə yüksəltdi.
Cənab İlham Əliyevin yaranmış qlobal imkanları ölkəmizin və
Cənubi Qafqazın gələcəyi üçün reallığa çevirmə bacarığının daha bir təzahürü
kimi tarixə düşən bu anlaşma Azərbaycanla ABŞ arasında diplomatik əməkdaşlığın
genişləndirilməsindən də çox regionun geosiyasi, iqtisadi və təhlükəsizlik
arxitekturasına təsir edə biləcək uzunmüddətli strateji xəritə rolunu oynayır.
Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində ölkəmizin
suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasından, ötən ilin 8 avqustunda
Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistanın
Baş naziri arasında sülh sazişinin paraflanmasından sonra sözügedən xartiyada
suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin irəli
sürülməsi bir tərəfdən sənədin siyasi legitimliyinin əsası, digər tərəfdən
regionun gələcək təhlükəsizliyinə baxış kimi mühüm önəm kəsb edir. Sənəddə əməkdaşlığın
konkret sahələr üzrə strukturlaşdırılması isə Azərbaycan-ABŞ münasibətlərinin
daha böyük niyyətlərini göstərir: məqsəd təkcə hazırda xoş məcrada inkişaf edən
münasibətləri, sadəcə, indiki səviyyəsində qorumaq deyil, onları daha sistemli,
institusional və nəticəyönümlü mərhələlərə adlatmaqdır.
Strateji xartiyanın əsas xətlərindən biri regional
bağlantıların gücləndirilməsidir. Burada Trans-Xəzər Nəqliyyat Dəhlizinə (Orta
dəhliz) xüsusi diqqətin ayrılması Azərbaycanın Avrasiya logistika sistemində əsas
qovşaq kimi mövqeyini gücləndirir. Bu, ölkənin yalnız enerji ixracatçısı yox, həm
də nəqliyyat və data tranzit mərkəzinə çevrilməsi strategiyasının beynəlxalq səviyyədə
dəstəklənməsi deməkdir. Eyni zamanda sənəddə qeyd olunan multimodal layihələr,
xüsusilə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə
uyğun olaraq, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz
bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını
reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutunun (TRIPP) əhəmiyyətinin vurğulanması, bu istiqamətdə əməkdaşlığı
genişləndirmək məqsədinin bəyan edilməsi regionda yeni iqtisadi dinamikaya təkan
verərək siyasi-iqtisadi sabitlik alətinə çevrilir.
Enerji sahəsində əməkdaşlığın inkişafı isə münasibətlərin ənənəvi
təməlinin daha da möhkəmləndirilməsi mənasına gəlir. Məlumdur ki, Azərbaycan
son onilliklərdə Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və ABŞ
ölkəmizin bu qlobal statusunu müvafiq xartiya ilə strateji səviyyədə tanımış
olur.
Yeni iqtisadi gündəm
Azərbaycanla ABŞ arasında diqqəti çəkən ən mühüm məqamlardan
biri də münasibətlərdə yeni iqtisadi gündəmin yaranması, bu gündəmin ənənəvi əməkdaşlıq
sahələri ilə yanaşı, müasir dünyamızın əsas çağırışlarından olan texnologiya,
süni intellekt və rəqəmsal infrastruktur üzrə sıx tərəfdaşlıqları da özündə ehtiva
etməsi, beləliklə, iqtisadi əməkdaşlığın yeni mərhələyə keçididir. Məlumdur ki,
əvvəlki dövrlərdə Azərbaycan-ABŞ münasibətləri əsasən enerji layihələri üzərində
qurulurdu. İmzalanmış xartiya isə texnologiya və innovasiya əsaslı əməkdaşlığı
da ön plana çıxararaq, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktura
sərmayələr, R&D platformaları və texnoloji transfer mexanizmlərinin nəzərdə
tutulması ilə Azərbaycan iqtisadiyyatının struktur transformasiyası üçün yeni
imkanlar açır. Bu yanaşma Azərbaycanın regionda enerji ilə yanaşı, həm də rəqəmsal
iqtisadiyyat mərkəzi kimi formalaşması strategiyasına uyğun gəlir. ABŞ-nin
texnoloji ekosistemi ilə sıx əməkdaşlığın bu prosesə böyük sürət, səmərəlilik və
keyfiyyət gətirəcəyi şübhəsizdir.
Özəl sektorun aktiv rolunun xüsusi vurğulanması isə Azərbaycan
və ABŞ arasında iqtisadi sahədə həyata keçirilməsi nəzərdə tutulan potensial
layihələrin praktik xarakterindən xəbər verir ki, bu da münasibətlərin dövlətlərarası
səviyyədən biznes-ekosistem səviyyəsinə keçməsi deməkdir.
Xartiyanın təhlükəsizliklə bağlı bölməsi Azərbaycan-ABŞ
münasibətlərinin strateji və geosiyasi məzmununu daha açıq şəkildə göstərir.
Burada müdafiə və hərbi əməkdaşlığın genişləndirilməsi, antiterror və kibertəhlükəsizlik
sahəsində birgə fəaliyyət, humanitar minatəmizləmə sahəsində texnologiya və
maliyyə dəstəyi kimi diqqəti çəkən üç mühüm istiqamət iki ölkə arasındakı
münasibətlərin təhlükəsizlik tərəfdaşlığı formatında da inkişaf etdiyini,
qlobal risklərə qarşı güclü cavab reaksiyaları formalaşdırdığını göstərir.
Xüsusilə kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi sahələrin
vurğulanması sənədin müasir riskləri nəzərə almasına dəlalət edir. Ümumilikdə
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində üç əsas dönüş
nöqtəsini nişan verir: 1) Azərbaycan regional tranzit və enerji qovşağı kimi
ABŞ tərəfindən strateji tərəfdaş statusunda tanınır; 2) Münasibətlər enerji əməkdaşlığından
texnologiya və innovasiya əməkdaşlığı mərhələsinə keçir; 3) Təhlükəsizlik sahəsində
əməkdaşlıq daha institusional və sistemli formaya salınır.
Cənubi Qafqazın gələcəyini quran Lider
Bu xartiya Azərbaycanın və dövlətimizin başçısı İlham
Əliyevin qlobal rolunun, eləcə də Cənubi Qafqazın gələcəyini quran liderlik
missiyasının beynəlxalq səviyyədə rəsmi təsdiqi kimi də qiymətləndirilə bilər.
Dünyanın ən güclü dövlətinin rəhbəri - ABŞ Prezidenti Donald Trampın həmkarı
İlham Əliyev haqqında indiyə qədər fərqli siyasi ortamlarda ən yüksək fikirlər
söyləməsi, onu qüdrətli lider elan etməsi, yaxın dostum adlandırması, cənab
İlham Əliyev şəxsiyyətinə heyranlığını gizlətməməsi də bunu təsdiqləyir.
Diplomatik münasibətlərdə liderlərin bir-biri haqqında xoş
sözlər dilə gətirməsi, yüksək rəylər ifadə etməsi əksər hallarda adi diplomatik
etiket qaydası kimi qəbul olunur. Amma siyasət, diplomatiya sahəsində az-çox təcrübəsi
olan, ayrı-ayrı epizodları birləşdirib ümumi mənzərəyə oradan baxmağı bacaran hər
kəs bu cür kəlmələrdən hansıların sırf diplomatik etiketdən, hansıların ürəkdən
gəldiyini də ayırd etmək imkanındadır. Bu baxımdan ABŞ Prezidentinin Azərbaycan
Prezidentinə olan münasibəti, onun haqqında ifadə etdiyi rəylər, tam qətiyyətlə
deyə bilərik ki, sırf səmimiyyətə əsaslanır və bu, təsadüfi deyil. Elə insani dəyərlər,
keyfiyyətlər, davranışlar var ki, onları statusundan, tutduğu vəzifədən asılı
olmayaraq hər kəs yüksək qiymətləndirir, rəğbətlə qarşılayır. Məsələyə bu
prizmadan yanaşsaq, aydın görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev
ömrünün böyük hissəsini böyük biznes idarəçiliyində keçirmiş, maraqlı tərəflərlə
sıx tərəfdaşlıq münasibətlərində olmuş, fərdlərin şəxsi xarakterlərini,
emosional zəkasını ayırd etməkdə yüksək ustalığa malik Donald Trampın bu yüksək
münasibətini məhz şəxsi keyfiyyətləri ilə qazanıb.
Siyasətin və diplomatiyanın yazılmamış qanunu var: dövlətlərarası
münasibətlərdə şəxsiyyət faktoru həmişə müsbət və ya mənfi istiqamətdə çox önəmli
rol oynayır, bu amil münasibətləri ya pozur, ya da əksinə, inkişaf etdirir. Bu
gün Azərbaycan və ABŞ arasındakı
qarşılıqlı rəğbət, güvən və etimadın iki dövlətin münasibətlərinin tam nizama
düşməsində, yüksələn xətt üzrə inkişafında ən mühüm amillərdən olduğu danılmaz
reallıqdır.
"Şərqin qapısı"ndan böyük dünyaya
Bu gün Prezident İlham Əliyev Azərbaycanı böyük bir
coğrafiyanın mühüm ticarət-tranzit qovşağına, enerji təhlükəsizliyi məkanına
çevirir, ölkəmizə qlobal proseslərə ciddi təsir imkanlarına malik geosiyasi,
geoiqtisadi aktor statusu qazandırır. Azərbaycanın bu müstəsna mövqeyində ölkəmizin
hər bir bölgəsinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri
və rolu var.
Tarixi məxəzlərdə "Şərqin qapısı" kimi öz əbədi
izini qoymuş Naxçıvan İlham Əliyevin qurduğu yeni arxitekturada türk dünyası
üçün böyük dünyaya açılan qapı, eyni zamanda Orta dəhlizin mühüm seqmentlərindəndir.
Bu, Naxçıvanın siyasi, iqtisadi, logistik əhəmiyyətini, əlahiddə platforma kimi
mövqeyini qlobal miqyasa yüksəldir. Azərbaycan Prezidentinin nəzərində Naxçıvan
strateji hədəflərə doğru aydın yolun çox mühüm məkan elementi, indinin böyük
niyyətlərini gələcəyin reallıqları ilə qovuşduran etibarlı körpüdür.
Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq
haqqında Xartiyada Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı təsbit olunmuş müddəalar,
Azərbaycanın əsas hissəsinin Naxçıvanın nəqliyyat əlaqələri ilə birləşdirilməsi
geosiyasi əhəmiyyətindən, daşıdığı tarixi-mənəvi dəyərdən əlavə, bölgə üçün həm
də mühüm iqtisadi əhəmiyyət kəsb edir. Uzun illər blokada şəraitindən əziyyət çəkmiş
Naxçıvanın inkişafı önündə geniş üfüqlər açır.
ABŞ ilə imzalanmış sənəddə müdafiə sənayesindən bərpaolunan
enerjiyə, süni intellekt həllərindən kənd təsərrüfatına, təhlükəsizlik risklərinin
idarəçiliyindən kosmik sənayeyə, kommunikasiya məsələlərindən müvafiq müəssisələrin,
istehsal sahələrinin yaradılmasına qədər hər nə öz əksini tapıbsa, strateji
inkişaf hədəfləri kimi onların reallaşmasında ölkəmizin digər iqtisadi
regionları ilə birgə Naxçıvanın da potensialından geniş istifadə nəzərdə
tutulub. Bu isə Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli müvafiq sərəncamı
ilə təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədlərini də
özündə parlaq şəkildə əks etdirir.
Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq
haqqında Xartiya ilə müvafiq dövlət proqramının məqsədlərinin uzlaşdırılması
Prezident İlham Əliyevin məsələlərə necə kompleks şəkildə, bütöv bir tam kimi
yanaşmasını növbəti dəfə nümayiş etdirir, eyni zamanda dövlət başçısının
Naxçıvana, iqtisadi bölgənin perspektiv inkişafına bu cür əlahiddə münasibəti
Naxçıvan əhalisinin, Naxçıvan rəhbərliyinin də qarşısında mühüm vəzifələr, təxirəsalınmaz
öhdəliklər müəyyənləşdirir.
Ötən il noyabrın 12-də dövlət başçısı Naxçıvanda Prezidentin
yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin
olunmuş başçıları qəbul edərkən bu vəzifələri diqqətə çatdırdı,
regionlarımızın, o cümlədən Naxçıvanın inkişafı ilə bağlı konkret
tapşırıqlarını verdi.
Sülh gündəliyindən Sülh Şurasına
Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayında ABŞ-yə səfəri
və səfər çərçivəsində Sülh Şurasının ilk iclasında iştirakı müasir diplomatiya
tariximizin növbəti nailiyyətlərindən biri kimi qeyd olundu.
Məlumdur ki, beynəlxalq münasibətlər sistemi hazırda köklü
transformasiya mərhələsindən keçməkdədir. Geosiyasi rəqabətin kəskinləşməsi,
regional münaqişələrin artması və təhlükəsizlik çağırışlarının mürəkkəbləşməsi
mövcud qlobal idarəetmə mexanizmlərinin yeni reallıqlara adekvat cavab vermədiyini
göstərir. Bu dəyişikliklər fonunda beynəlxalq sülhün təmin olunması üçün yeni
alətlərin və platformaların formalaşdırılması məsələsi günümüzün əsas
mövzularından birinə çevrilib.
Azərbaycanın bu platformada iştirakının əsasını dövlət
başçısı İlham Əliyevin müstəqil və balanslı xarici siyasət xətti təşkil edir.
Ölkəmizin beynəlxalq müstəvidə fəal siyasət yürütməsi Prezident İlham Əliyevin
irəli sürdüyü inkişaf modeli, strateji sabitlik kursu və çoxtərəfli
diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır. Azərbaycan regional və
qlobal problemlərin qarşısının alınması və idarə olunmasında konstruktiv
yanaşmanı, dialoqu və nəticəyönümlü diplomatiyanı əsas prinsip kimi irəli
sürür.
Sülh Şurası çərçivəsində Azərbaycanın xüsusi diqqət mərkəzində
olmasının mühüm səbəblərindən biri də Ermənistanla münasibətlərdə irəli sürülən
sülh gündəliyidir. Azərbaycan uzun illər davam edən münaqişənin həlli istiqamətində
beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni
reallıq formalaşdırıb. Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarlarından
və ən fəal təşviqatçılarından biri kimi çıxış edir. Azərbaycanın dövlət rəhbərinin
liderliyi ilə həyata keçirilən siyasət nəticəsində regionda davamlı sülh üçün
praktik əsaslar yaradılıb. Bu təcrübə qlobal miqyasda münaqişələrin beynəlxalq
hüquq çərçivəsində həllinə dair uğurlu nümunələrdən biri kimi dəyərləndirilir.
Ümumilikdə, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk
iclasında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal sülh və təhlükəsizlik
gündəliyində artan rolunu bir daha nümayiş etdirdi. Göstərdi ki, Azərbaycan
yalnız regional aktor deyil, həm də beynəlxalq səviyyədə sülh təşəbbüslərinə
töhfə verən, məsuliyyətli və praqmatik siyasət yürüdən dövlət kimi qəbul
olunur.
İradə ƏLİYEVA,
"Azərbaycan"