RU

Milli maraqları uğurla təmin edən enerji siyasəti 

Yaxın vaxtlarda Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək. 2015-ci ildən etibarən keçirilən bu platforma artıq beynəlxalq enerji dialoqunun mühüm platformalarından birinə çevrilib. Bu tədbirlərdə Avropa İttifaqı da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndələr iştirak edirlər. 

Məşvərət Şurasının iclasında ilboyu görülən işlərə yekun vurularaq, qarşıdakı vəzifələr müəyyənləşdirilir. Əvvəllər "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasında əsas müzakirələr qaz və enerji təhlükəsizliyi məsələləri üzərində aparılırdısa, indi gündəlikdə "yaşıl enerji" mövzuları da geniş yer tutur. Bu isə onu göstərir ki, Azərbaycan, sadəcə, qaz sahəsində yox, həmçinin "yaşıl enerji" istiqamətində də öncül mövqe tutur və bu sahədə liderliyini qoruyub saxlayır.

Hazırda Azərbaycanın təbii qazının beynəlxalq bazarlara çıxışını təmin edən əsas infrastruktur "Cənub qaz dəhlizi"dir. Bu enerji dəhlizi 2018-ci ilin mayında istifadəyə verilib. 2020-ci ilin sonunda bu kəmərin əsas seqmentlərindən olan TAP boru kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycanın təbii qazının Türkiyə və Gürcüstanla yanaşı, Avropa dövlətlərinə çatdırılması da təmin olunub. Bu layihədə yüksəkvəzifəli rəsmilərin iştirakı göstərir ki, "Cənub qaz dəhlizi" Avropa üçün xüsusi maraq doğuran və strateji əhəmiyyət daşıyan layihələrdəndir. Azərbaycanın  təşəbbüsü və aparıcı qüvvəsi ilə həyata keçirilən "Cənub qaz dəhlizi"nin uğur qazanmasında sözügedən iclasların böyük rolu olub.

"Cənub qaz dəhlizi", sadəcə, təbii qaz ötürücüsü deyil. Bu enerji dəhlizi həm də  üzərində yerləşən dövlətlər arasında müstəqil, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq deməkdir. Bu mənada "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası Prezident İlham Əliyevin enerji diplomatiyasının mühüm tərkib hissəsidir. Bu platformada işləmək və onu koordinasiya etmək böyük məsuliyyət tələb edir. 

Azərbaycandan "qoca qitə"yə qədər 3500 kilometr məsafə qət edən "Cənub qaz dəhlizi" layihəsinin gerçəkləşməsində Prezident İlham Əliyevin imzası və qətiyyəti böyük rol oynayıb. O qətiyyət  ki buna qədər Azərbaycanın bütün enerji layihələrinin uğurla həyata keçirilməsini təmin etmişdi. Dövlətimizin başçısı maraqlı tərəfləri, bütün siyasi və iqtisadi strukturları bu layihə ətrafında səfərbər edərək onları komanda halında birləşdirdi. Həm Avropa İttifaqının, həm də "Cənub qaz dəhlizi" üzərində yerləşən dövlətlərin iştirakı ilə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası formatında bu layihə ətrafında uğurlu əməkdaşlıq  və müzakirə platforması yaradıldı.

Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatları 2,8 trilyon kubmetr təşkil edir. Məhz bu zəngin resurs bazası ölkəmizi regionun əsas qaz ixracatçılarından birinə çevirib. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir. 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı Avstriya və Almaniyaya da çatdırılmağa başlanıb. Beləliklə, hazırda Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya Azərbaycan qazını alan ölkələr sırasındadır. Təbii ki, bu siyahı getdikcə genişlənəcək. 

Azərbaycan qazının əsas mənbəyi isə "Şahdəniz" yatağıdır. Bu yataq uzun illərdir ölkənin qaz strategiyasının əsas dayağı kimi çıxış edir. 2006-cı ildən istismarda olan yataq 2018-ci ildə ikinci mərhələnin işə düşməsi ilə daha da genişləndi. Nəticədə qazın ixrac həcmi artdı və Avropaya birbaşa nəqli təmin olundu.

Təbii qazın ixracı isə ildən-ilə artır. Statistik göstəricilər də bu dinamikanı təsdiqləyir. Belə ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 979,4 milyon kubmetr qaz nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. İxracın artması isə öz növbəsində hasilatın artmasını, infrastrukturun genişlənməsini, şaxələnməsini tələb edir. Deməli, növbəti toplantıda da müzakirə ediləcək mövzular, həll olunacaq məsələlər çox olacaq.

Avropanın enerji bazarında baş verən dəyişikliklərdə Azərbaycan qazının rolu böyükdür. Xüsusilə Avropada alternativ mənbələrə ehtiyacın artması "Cənub qaz dəhlizi"nin əhəmiyyətini artırır. Bu baxımdan Azərbaycan etibarlı və sabit təchizatçı kimi qəbul olunur.

Xatırladaq ki, 2025-ci il iyunun 10-da SOCAR-la Almaniyanın SEFE şirkəti arasında 2035-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb. Müqaviləyə əsasən, illik qaz tədarükü həcmi mərhələli şəkildə təxminən 1,5 milyard kubmetrə çatdırılacaq. Bundan əvvəl Almaniyanın "Uniper" şirkəti də Şahdəniz qazının illik 1,5 milyard kubmetr həcmində alıcısı olub. Bu faktlar Azərbaycan qazına Avropada yüksək tələbat olduğunu göstərir.

Əlbəttə, qaz ixracının artması respublikamızın gəlirlərinin artmasında da özünü göstərir. Bu baxımdan enerji sektoru iqtisadiyyatın aparıcı sahələrindən biri olaraq qalır. 

Beynəlxalq hesabatlara görə, təbii qaz yaxın onilliklərdə keçid yanacağı kimi əhəmiyyətini qoruyub saxlayacaq. Bu mənada Azərbaycan qazının bazardakı mövqeyi perspektivli görünür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti nəticəsində respublikamızın ixrac imkanları davamlı şəkildə genişlənir. Dövlətimizin başçısının da vurğuladığı kimi, 2030-cu ilə qədər əlavə 8 milyard kubmetr təbii qazın təmin olunması planlaşdırılır və bu həcmin böyük hissəsi Avropa bazarlarına yönəldiləcək.

Təbii qazın hasilatı və ixracı bu gün ölkəmizin enerji strategiyasının əsas xətti  kimi çıxış edir. Artan ixrac həcmləri, genişlənən coğrafiya və yeni müqavilələr ölkəmizin beynəlxalq enerji bazarında mövqeyini daha da gücləndirir. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasları isə bu uğurlu siyasətin davamlılığını təmin edir. Təbii qaz həm də ölkəmizin beynəlxalq nüfuzunu artıran, strateji mövqelərini möhkəmləndirən amil kimi özünü göstərir. 

Təhminə VERDİYEVA, 

"Azərbaycan"

Избранный
11
azerbaijan-news.az

1Источники