İqlim dəyişiklikləri fonunda su ehtiyatlarına artan tələbat, su ilə bağlı digər məsələlər bu gün qlobal problemlərdən biridir. Qlobal istiləşmə nəticəsində su ehtiyatlarından səmərəli, tullantı sularından təkrar istifadə, suyun effektiv idarə olunması dövlətlərin müəyyənləşdirdiyi prioritet istiqamətlərdəndir. Su ehtiyatının 70 faizi transsərhəd çaylar hesabına formalaşan Azərbaycan da son illərdə su problemi ilə üzləşən ölkələrdən biridir.
Bu sahədə dövlət tərəfindən təxirəsalınmaz və davamlı tədbirlərin görülməsinə zərurət meydana çıxmışdı. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" mühüm əhəmiyyətə malikdir.
Su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanmış proqramın iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Həmçinin yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyalar tətbiq olunacaq və ekoloji təhlükəsizlik təmin ediləcək. Növbəti mərhələdə isə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi nəzərdə tutulur.
Dövlət proqramı ölkə üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan verir
Dövlət proqramının icrasının əhəmiyyəti barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri ekoloq Amin Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, əhali artımı və iqtisadiyyatın inkişafı suya olan tələbatı ilbəil artırır. Onun sözlərinə görə, bu gün Bakının su təchizatı 5 istiqamətdən təmin edilir: "Sonuncu Oğuz-Qəbələ su kəməri təxminən 12 il bundan əvvəl istismara verilib. Eyni zamanda Ceyranbatan Su Anbarı Taxtakörpü Su Anbarı ilə tənzimlənir, bu da Samurdan götürülən suyun düzgün tənzimlənməsinə imkan verir. Samurun suyunun səviyyəsinin düşüb qalxmasından, sudan istifadəyə münasibətdən asılı olmayaraq, su ehtiyatı Taxtakörpü Su Anbarında saxlanılır. Bununla Bakının mütəmadi olaraq su ilə təminatına nail olunur".
Son 30 ildə Bakı şəhərinin urbanizasiya baxımından ərazisi iki dəfədən çox artıb, eyni zamanda əhali sayında da artım müşahidə edilir. Bu, artıq işarə edir ki, istər demoqrafik artım, istərsə də iqtisadiyyatın inkişafı suya tələbatı yüksəldir. Ona görə də bu kimi hallar prosesin idarə olunmasna mütləq şəkildə zərurət yaradır. Üstəlik, son illərdə su itkisi kimi problem də var. Bu göstərici ölkəmizdə 45 faizə yaxındır. Əslində, beynəlxalq normalarda və Avropa İttifaqı normativlərində bu 20-22 faiz civarında tənzimlənirsə, bizdə bu, iki dəfə çoxdur. Bunun obyektiv səbəbləri də var. Məsələn, infrastruktura nəzər salsaq görərik ki, boru xətlərinin çoxu keçən əsrin 60-80-ci illərində qurulub. Bir çox magistral boru xətti və paylayıcı şəbəkə istismar müddətini artıq başa vurub. Onların yenilənməsinə ehtiyac var.
A.Məmmədov həmçinin sayğaclaşmanın 100 faizə çatdırılmasının labüd olduğunu bildirdi: "Sayğaclaşma 1990-cı illərdə çox aşağı səviyyədə idisə, indi bu göstərici 70 faizdən çoxdur. Amma gələcəkdə sayğaclaşma prosesi 100 faizə çatdırılmalıdır, çünki şəffaflıq olmadan sudan istifadənin hesabatını aparmaq da çətindir. Mərkəzləşmiş elektron sistemlə qeydiyyat aparılanda təchizatda ciddi problem olmur. Buna görə qəbul olunmuş dövlət proqramı təkcə Abşeron yarımadası və Bakı şəhəri deyil, ümumilikdə ölkə üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan verir".
Ekoloq vurğuladı ki, yeni dövlət proqramının icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında içməli su təminatı ilə əlaqədar problemlər aradan qaldırılacaq. Əhali 24 saat davamlı su ilə təmin olunacaq. "Son illər su ehtiyatlarının azalmasını nəzərə alsaq, bu proqram çərçivəsində adıçəkilən istiqamətdə görülən işlər ehtiyat yığımına da təsir göstərəcək. Azərbaycanda yaxın on il ərzində 30 su anbarının inşası nəzərdə tutulur. Layihə üçün çaylar müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb", - deyə o əlavə etdi.
Dünyada sudan təkrar istifadə təcrübəsinə diqqət çəkən A.Məmmədov deyir ki, iqlim dəyişikliklərinin dünyada təsirlərini nəzərə alaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu üsulun tətbiqinə başlanılıb. Bu, müəyyən yerlərdə effektini də verib. Ölkəmizdə də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə əlaqədar layihə təqdim edilib. Bu da su ehtiyatlarına olan tələbatda əlavə su mənbəyi kimi nəzərdən keçirilir. Ümumiyyətlə, su ehtiyatlarının effektiv idarə olunmasında müxtəlif üsullardan istifadə olunur. Məsələn, kənd təsərrüfatında damcılı suvarma üsulu və yaxud digər sahələrdə yağış suyunun toplanması kimi layihələr həyata keçirilir. Dünya praktikasında su ehtiyatlarının düzgün idarə olunması, itkilərin qarşısının alınması istiqamətində fərqli təcrübələr mövcuddur. Su Ehtiyatları Agentliyi (ADSEA) və tabeli qurumlar bu praktikaları araşdırır və Azərbaycanda tətbiqi mümkün olan layihələri təhlil edirlər.
Kanalizasiya sistemi problemlərinə diqqət çəkən mütəxəssis normadan artıq yağışların Bakı küçələrində problemlərə yol açdığını deyib. İqtisadiyyatın durmadan inkişaf etdiyini deyən ekspert bildirib ki, idarəetmə də inkişafla eyni tempdə getməlidir: "Bununla bağlı "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" icra olunmalıdır. Hər kəsin fasiləsiz su ilə təminatı, təmiz sanitariyaya çıxışı dayanıqlı inkişaf üzrə BMT-nin məqsədlərindən biridir. Azərbaycan da bu öhdəlikləri üzərinə götürüb. Bunun yerinə yetirilməsi üçün bütün prosesdə maksimum fəallıq göstərilməlidir. Prezident İlham Əliyev fəaliyyətində hər zaman strateji düşüncə özünü göstərir və əhalinin operativ təminatı baxımından işlərin sürətli və keyfiyyətli şəkildə həyata keçirilməsi prioritet hesab edilir".
Ekoloji risklər azalacaq
İctimai Şuranın üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov da qeyd etdi ki, "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" regionun sürətli urbanizasiyası, əhali artımı və iqlim dəyişiklikləri fonunda strateji əhəmiyyət daşıyır: "Proqram içməli suyun fasiləsiz və keyfiyyətli təminatını, tullantı və yağış sularının düzgün idarə olunmasını hədəfləyərək sanitariya-gigiyena şəraitini yaxşılaşdırır, ekoloji riskləri azaldır və şəhər infrastrukturunun dayanıqlılığını artırır. Xüsusilə Abşeron yarımadasında köhnəlmiş su şəbəkələrinin yenilənməsi, sızmaların və texniki itkilərin azaldılması, daşqın risklərinin minimuma endirilməsi sosial rifah və iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir".
Alim qeyd etdi ki, yeni proqram içməli su təminatında mövcud olan fasiləlilik, keyfiyyət və təzyiq problemlərini aradan qaldırmağa yönəlib. Qeyri-qanuni qoşulmaların qarşısının alınması, ölçmə və monitorinq sistemlərinin gücləndirilməsi, suyun keyfiyyətinə nəzarətin artırılması nəticəsində əhali üçün daha etibarlı və dayanıqlı təchizat yaradılmalıdır. Son illərdə su ehtiyatlarının azalmasını nəzərə alsaq, proqram çərçivəsində su itkilərinin azaldılması, alternativ mənbələrin cəlb edilməsi, təmizlənmiş tullantı sularının təkrar istifadəsi və yağış sularının yığılması mövcud ehtiyatların qorunmasına və ehtiyat yığımının artırılmasına müsbət təsir göstərəcək, mövsümi riskləri zəiflədərək uzunmüddətli su təhlükəsizliyini gücləndirəcək.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması içməli su təminatında mənbə çatışmazlığını azaltmaqla yanaşı, yeraltı və səth sularına düşən təzyiqi yüngülləşdirəcək, suvarma məqsədləri üçün isə alternativ mənbə yaradaraq kənd təsərrüfatında su qıtlığı, keyfiyyət və duzluluq problemlərinin idarə olunmasına imkan verəcək. Rövşən Abbasov deyir: "Ümumilikdə su ehtiyatlarının effektiv idarə olunması üçün inteqrə edilmiş su ehtiyatları idarəçiliyi, rəqəmsal monitorinq, suyun səmərəli qiymətləndirilməsi və təkrar istifadə mexanizmlərinin tətbiqi vacibdir. Dövlət proqramı çərçivəsində "ağıllı şəbəkələr", müasir ölçmə sistemləri və təmizlənmiş suların istifadəsi nəzərdə tutulur ki, bu da dünya praktikasında geniş tətbiq olunan yanaşmalara uyğun olaraq su təhlükəsizliyinin artırılmasına və resurslardan səmərəli istifadəyə şərait yaradır".
Beləliklə, qəbul olunmuş dövlət proqramının icrası paytaxtda və Abşeron yarımadasında içməli su mənbələrinin dayanıqlılığını artırmaqla, əhalini davamlı su ilə təmin etmək mümkündür. Eyni zamanda bu çərçivədə yaradılacaq su anbarları su ehtiyatlarının toplanmasına imkan verməklə, quraqlıq dövründə problemin müəyyən səviyyədə qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Görüləcək tədbirlər ölkənin su strategiyasının uzunmüddətli dövrdə dayanıqlılığını təmin edəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"