Bu gün dünya ədəbiyyatından tərcümə olunan bəzi əsərlərin dilində qrammatik, orfoqrafik və üslub səhvlərinə rast gəlinir. Demək olar ki, bir sıra nəşrlərdə bu cür qüsurlar oxucunun diqqətini cəlb edir. Xüsusilə nəzərə alsaq ki, həmin tərcümə əsərlərini məktəblilər də oxuyur, bu məsələ daha da aktuallaşır.
Maraqlıdır, tərcümə olunan bədii əsərlərdə dil və üslub səhvlərinin yaranmasının əsas səbəbləri nədir? Bu, daha çox tərcümə prosesindən, yoxsa redaktə mərhələsindən qaynaqlanır?
AzEdu.az-a mövzu ilə bağlı geniş açıqlama verən tərcüməçi, redaktor Aygün Əziz qeyd edib ki, nəşriyyatların bazar yönümlü siyasəti də bir tərəfdən tərcümə işinə zərər vurur:
"Bu gün dünya ədəbiyyatından Azərbaycan dilinə tərcümə olunan bir sıra bədii əsərlərdə, eyni zamanda geniş oxucu kütləsi qazanmış özünüinkişaf kitablarında qrammatik, orfoqrafik və üslub səhvlərinə rast gəlinməsi heç də təsadüfi hal deyil. Xüsusilə bu əsərlərin məktəblilər tərəfindən də oxunduğunu nəzərə alsaq, yaranan narahatlıq başa düşüləndir. Deməli, məsələ yalnız estetik yox, həm də maarifləndirici baxımdan həlli əlahiddə səfərbərlik tələb edən ciddi problem kimi qiymətləndirilməlidir.
Mən bu cür qüsurların yaranmasının səbəblərini əsasən tərcüməçi–redaktor–nəşriyyat zəncirindəki boşluqlarda görürəm. Əsas məsuliyyət, heç şübhəsiz, tərcüməçinin üzərinə düşür: mənbə dili yaxşı bilsə də, ana dilində yazı mədəniyyəti lazımınca formalaşmamış tərcüməçilər orijinal sintaksisi mexaniki şəkildə Azərbaycan dilinə köçürür, nəticədə dilin təbii axını pozulur. Üslub fərqlərinin nəzərə alınmaması və tərcümənin sözbəsöz texniki çevirmə kimi qəbul edilməsi də problemi dərinləşdirir. Tərcüməçilərimiz əcnəbi dillərdə olan idiomları, frazeoloji feilləri tərcümə edərkən, mətni tamamilə anlaşılmaz hala salır, oxucunu yanıldır. Belə şeylər isə çox böyük təhriflərə gətirib çıxarır. Mətn, sözün əsl mənasında, eybəcər hala düşür. Korney Çukovski bu barədə yazırdı: “Tərcüməçi iki dili bilməklə kifayətlənə bilməz; o, öz ana dilinin yazıçısı olmalıdır”.
Redaktə mərhələsindəki zəifliklər də burada redaktorun işini yarıtmaması, işinə laqeyd və səhlənkar yanaşması tərcümə xətalarının oxucuya çatmasına səbəb olur:
"Azərbaycandakı nəşriyyatların, demək olar ki, hamısının ən böyük problemi redaktə edilən mətnin orijinal dilini redaktorun bilməməsidir. Redaktorun mənbə dili bilməməsi, onun işinin yalnız üslub redaktəsi ilə məhdudlaşmasına gətirib çıxarır.Bu məsələdə Vladimir Nabokov deyirdi: “Pis redaktə olunmuş gözəl tərcümə, kobud da olsa, dürüst tərcümədən daha təhlükəlidir”.
Nəşriyyatların bazar yönümlü siyasəti də bir tərəfdən tərcümə işinə zərər vurur. Qınamaq, tənqid etmək asandır, amma dünya sürətlə fırlanır (sözün həm həqiqi, həm də məcazi mənasında), həddən artıq ədəbiyyat var, onlar da zəmanə ilə ayaqlaşaraq daha çox kitab tərcümə etmək istədikləri üçün yaxşı mənada bir-biri ilə rəqabətə girirlər. Ancaq sürətli nəşr, aşağı qonorar kimi amillər keyfiyyətə birbaşa mənfi təsir edir. Rus ədəbiyyatınının nəhəngləri sayılan L.Tolstoyu, F.Dostoyevskini və A.Çexovu ingilis oxucusuna tanıdan Konstans Qarnettin tərcümələrini misal kimi çəkə bilərik. O, dili çətin olan rus romanlarını sürətlə tərcümə edir, nəticədə çoxlu üslub xətalarına yol verirdi. Ona görə də onun tərcümələri həm oxucular, həm də ədəbiyyat tənqidçiləri tərəfindən qınanılırdı".
Bəs, tərcümə keyfiyyətinin artırılması üçün sertifikatlaşdırma, ixtisaslaşma və ya xüsusi nəzarət mexanizmlərinin tətbiqi zəruridirmi?
"Tərcümə keyfiyyətinin artırılması üçün təkcə sertifikat, əlbəttə ki, kifayət deyil. Test etməklə səthi texniki bilikləri ortaya çıxarmaq olar, lakin dil duyumunun hansı səviyyədə olması tərcümə prosesində üzə çıxır. Hələ XVII əsrdə şair, dramaturq və tənqidçi Con Drayden yazırdı: “Tərcümə “sözlərin yox, ruhun köçürülməsidir”.
Yüksəkkeyfiyyətli tərcümə üçün tərcüməçilərin ixtisaslaşması, peşəkar redaktə institutunun gücləndirilməsi lazımdır. Xüsusi olaraq bunun məktəbi yaradılmalıdır. Tərcümə ilə məşğul olan kəslər gördükləri işə məsuliyyətlə yanaşmalı, sözə dəyər verməyi bacarmalıdırlar, onların söz ehtiyatı zəngin olmalıdır. Fridrix Şleyermaxer çox gözəl qeyd edib: “Tərcüməçi ya oxucunu müəllifə aparmalı, ya da müəllifi oxucuya gətirməlidir, ancaq hər iki halda məsuliyyət onun boynundadır”.
Nəticə etibarilə, bədii tərcümələrdəki və ümumi nitqdəki dil qüsurları fərdi səhvdən daha çox sistemsiz yanaşmanın nəticəsidir. Bu problemi yalnız güclü dil bilgisi, püxtələşmiş tərcüməçi, məsuliyyətli redaksiya və ictimai vicdan ilə həll etmək mümkündür.
Əlavə olaraq qəlb ağrısı ilə qeyd etmək istərdim ki, müşahidələrə əsasən son 30–40 ildə yazanların leksik ehtiyatı əvvəlki nəsillərlə müqayisədə xeyli daralıb. 1950–60–70-ci illər Azərbaycan yazıçılarının əsərlərində söz bolluğu və üslub çevikliyi açıq-aydın görünürdü. Onların mətnlərində söz, ifadə, frazeologizmlər dəryasında üzürdün. Bugünkü gənc nəsil – xüsusilə, Y/Z nəsli (1990-cı illərdə və sonrakı onilliklərdə doğulanlar) bu söz xəzinəsinin böyük bir hissəsindən bixəbərdir. Nitqin kasadlaşması, ifadə təkrarları və məna incəliklərinin itməsi təkcə fərdi problem deyil, ümumi dil mühitinin zəifləməsinin göstəricisidir. Bütün bunlar isə həyəcan təbilinin çalınması üçün tutarlı səbəblərdir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dilin qorunmasının vacibliyini vurğulayıb:
“Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Dil əldən gedəndən sonra milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”.
Pis tərcüməçilər xüsusi olaraq qanazlığından əziyyət çəkirlər:
"Son olaraq tanınmış uşaq yazıçısı, publisist, şair, tərcüməçi, esseist, jurnalist, ədəbi tənqidçi Korney Çukovskinin “Yüksək incəsənət” kitabından bəzi sitatları öz tərcüməmdə təqdim edirəm. Əməl olunması vacib tövsiyələrdir.
“Tərcüməçinin gördüyü iş o vaxt səmərəli olar ki, o, orijinaldan uzaqlaşmadan, lakin eyni zamanda da sözbəsöz, hərfi tərcümə üsulundan qaçaraq fikrin dolğunluğunu, hisslərin dərinliyini, əsərin füsunkarlığını oxucunu yormadan zəngin söz yaradıcılığı ilə çatdıra bilsin.
Pis tərcüməçilər xüsusi olaraq qanazlığından əziyyət çəkirlər. Elə bu səbəbdən də onların mətnləri quru, cansıxıcı, monoton alınır. Belələrinin leksikonu olduqca kasaddır. Bütün xarici sözlərin onlar üçün yalnız bir mənası olur. Misallara baxaq:
"AT" onlar üçün ancaq atdır. Niyə “ayğır”, “madyan”, “köhlən”, “löhrəm at”, “yort at”, “qulun”, ya “kürən” olmasın ki?
Bu adamlar üçün “QAYIQ” elə hər yerdə “qayıq”dır, heç vaxt “yeklənli qayıq”, avarlı qayıq”, “motorlu qayıq” olmur.
“SARAY” də dəyişmir. Axı niyə “qəsr”, “malikanə”, “imarət”, yaxud “kaşanə” deməyəsən?
Niyə axı çox tərcüməçilər adam haqqında yazanda ancaq “ARIQ” sözünü işlədirlər? Başqa sözlər qəhətə çıxıb? Məgər “bir dəri, bir sümük”, “sısqa”, “cansız”, “cılız” olmaz?
Niyə “şaxta”, “sazaq”, “ilikdonduran” yerinə “ÇOX SOYUQ” yazırlar?
Nə üçün “dəyə”, “koma” yox, ancaq “DAXMA”?
“Fitnə”, “fırıldaq”, “hiylə”, “tələ”, “kələk”, “oyunbazlıq” yerinə ancaq “İNTRİQA” yazırlar?
“Qəm”, “qüssə”, “həsrət”, “hüzn” sözləri kimi əvəzedicilər olduğu halda niyə bütün mətn ancaq “KƏDƏR” sözü ilə doldurulmalıdır?
Pis tərcüməçilərə elə gəlir ki, qızlar ancaq “GÖZƏL” ola bilərlər. Ancaq qızlar “qəşəng”, “göyçək”, xoşsima”, “məlahətli”, “lətafətli”, “cazibədar” də ola bilərlər”.
Yenə də Korney Çukovskinin yuxarıda adını çəkdiyim kitabından tərcümə etdiyim və ilk baxışdan məzəli görünsə də, səhlənkarlıqdan doğan çox ciddi və bağışlanılmaz tərcümə qüsuru haqda fraqmenti misal göstərmək istərdim:
“Bəzən nəinki tərcümənin, hətta tərcüməçinin özünün bütün yaradıcılıq taleyi tək bircə sözdən asılı olur”. (Lev Qinzburq)
“Bu, 30-cu illərdə olub. Akademiyada Maksim Qorki haqqında yubiley kitabı nəşr olunurdu. Elmi redaksiya heyətinin üzvlərindən biri mənə zəng edib Orçard soyadlı ingilis yazıçısını tanıyıb-tanımadığımı soruşdu.
- Orçard?
- Bəli. Çerri Orçard.
Məni gülmək tutdu. İzah etdim ki, Çerri Orçard ingilis yazıçısı-filan deyil, bu, Anton Çexovun “Albalı bağı” əsəridir. Yəni ingiliscə “çerri” (“cherry”, qeyd: A.Ə.) sözü “albalı”, “orçard” (“orchard”, qeyd: A.Ə.) isə “bağ” deməkdir.
Dedilər ki, xeyr, səhv edirəm və Bernard Şounun Maksim Qorkiyə göndərdiyi teleqramın mətni olan 25 sentyabr 1932-ci ilin bir qucaq qəzetini mənə göndərdilər.
Anladığım qədərilə, bu teleqramda Bernard Şou Qorkinin pyeslərini tərifləyərək onlarda Çexovun “Albalı bağı”nda olduğu kimi iradəsiz və ölüvay qəhrəmanların olmağını deyir. TASS-ın əməkdaşı isə bunu başdansovdu tərcümə edərək Çexovun pyesindən burjua yazıçısı cənab Çerri Orçard adlı Britaniya İmperiyasının mifik qəhrəmanını “yaradıb” və personajları Qorkininkinə oxşamadığına görə ona tənə edib”.