RU

“Mavi Axın” nə qədər perspektivlidir?- TƏHLİL

Rusiya qazını Qərbi və Cənubi Avropaya nəql edən bütün ixrac kəmərləri Ukrayna və Belarus ərazisindən keçirdi. Bu isə bir sıra problemlər, o cümlədən, tranzit haqlarının ödəniş məbləği ilə bağlı tez-tez mübahisələr yaradırdı. Kəmərlərə müdaxilələr və qazın qeyri-qanuni çıxarılması hallarına rast gəlinirdi. Tranzit ölkələrin istifadə etdiyi qaza görə ödənişlərin gecikdirilməsi halları artırdı.
Rusiya tərəfi qeyd edilən problemlər səbəbindən tranzit risklərindən qaçmaq üçün heç bir üçüncü ölkənin ərazisindən keçmədən ixrac kəmərləri yaratmaq istədi. Bu da ötən əsrin sonlarında Rusiya və Türkiyə arasında birbaşa qaz nəqlinə imkan verən və Qara dənizin dibi ilə çəkilməli olan qaz kəməri ideyasının yaranmasına səbəb oldu. Məhz sonradan “Mavi Axın” adlandırılan boru kəmərinin ideyası yarandı.
Zəngin qaz ehtiyatlarına sahib olan Rusiya həm də rəqiblərini hər zaman qabaqlamağa və onların ixrac istiqamətlərində öncədən alternativlər təklif etməyə çalışmışdı. Bu siyasətin əksər hallarda uğurlu alındığını təsdiqləyən kifayət qədər hallar mövcuddur ki, “Mavi Axın” qaz boru kəməri də bunlardan biri hesab edilə bilər.
“Mavi Axın” layihəsinin ideyası yaranarkən, “tranzit ölkə problemi”ndən və iqtisadi maraqlardan başqa həm də burada siyasi məqsədlər də vardır. Bu siyasi məqsədlərindən biri də Xəzər hövzəsində olan qaz yataqlarından hasil ediləcək qazı Avropaya nəql etmək istəyən rəqib ölkələrin yolunu bağlamaq idi. Çünki Xəzər hövzəsindən hasil ediləcək qaz ehtiyatlarının Avropaya ən səmərəli ixrac marşrutu Türkiyə üzərindən ola bilərdi. “Mavi Axın” layihə konsepsiyasının əsasında duran da məhz bu boru kəmərinin Türkiyənin daxilinə nüfuz etməsi idi. Layihə təşəbbüsünün irəli sürüldüyü ötən əsrin 90-cı illərində Türkiyə sənayesinin tələbatının böyük bir hissəsini bu kəmərin qarşılaya bilməsi və perspektivdə daha da genişləndirilməsi imkanlarının olması Xəzər hövzəsinin qaz ehtiyatlarının bu coğrafiyaya istiqamətlənməsi üçün ciddi maneə hesab edilirdi.
Tarixi
Rusiyanın “Qazprom” ASC və Türkiyənin BOTAŞ şirkətləri arasında 25 illik qaz satışı müqaviləsi imzalanması ilə “Mavi Axın” qaz boru kəməri layihəsinin hazırlanması eyni vaxtda baş verdi. Çünki bağlanmış müqaviləyə görə Rusiya 2000–2025-ci illər ərzində Türkiyəyə 364.5 milyard kubmetr qaz tədarük etməli idi. Belə böyük həcmdə Rusiya təbii qazını Türkiyəyə çatdırmaq üçün Ukrayna, Moldova, Rumıniya və Bolqarıstan ərazisindən keçən qaz dəhlizinin funksionallığını yerinə yetirəcək daha rentabelli qaz boru kəmərinə ehtiyac vardır. Bu kəmər isə “Mavi Axın” qaz boru kəməri ola bilərdi. Həm də “Mavi Axın” Türkiyənin qaz bazarının və qaz infrastrukturunun Xəzər hövzəsinin qaz ehtiyatlarına ehtiyacını azaldırdı.
Buna görə də 1997-ci il dekabrın 15-də Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş imzalandı. Bu saziş çərçivəsində “Qazprom” Türkiyənin “Botaş” şirkəti ilə 25 il müddətinə “Mavi Axın” qaz kəməri ilə Türkiyəyə 364.5 milyard kubmetr qaz tədarük etmək üçün kommersiya müqaviləsi bağladı.
1999-cu ilin fevralında “Mavi Axın” layihəsinin həyata keçirilməsində birgə iştirak məqsədilə “Qazprom” ASC və İtaliyanın “Eni” şirkəti arasında Anlaşma Memorandumu imzalandı.
16 noyabr 1999-cu ildə “Qazprom” ASC və “Eni” şirkəti Hollandiyada paritet əsasda Rusiya-İtaliya xüsusi təyinatlı “Blue Stream Pipeline Company B.V” şirkətini qeydiyyatdan keçirdilər. Layihələndirmə işləri və digər texniki-iqtisadi əsaslandımalar tamamlandıqdan bir müddət sonra boru kəmərinin dəniz hissəsinin tikintisinə 2001-ci ilin sentyabrında başlanıldı. Səkkiz ay davam edən işlərdən sonra 2002-ci ilin mayında proses tam başa çatdı.
2002-ci il dekabrın 30-da “Mavi Axın” qaz kəməri istifadəyə verildi. Boru kəməri ilə sənaye qazının tədarükü isə 2003-cü ilin fevralında başladı. Lakin Rusiya ilə Türkiyə arasında qiymət mübahisəsi yarandığı üçün açılış mərasimi xeyli müddət olmadı. Yalnız “Durusu” qazölçmə stansiyasının rəsmi açılış mərasimi 17 noyabr 2005-ci ildə baş tutdu. Açılışda Rusiya Prezidenti Vladimir Putin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Silvio Berluskoni iştirak etdi .
Coğrafiyası
“Mavi Axın” qaz boru kəməri Rusiya və Türkiyə arasında Qara dənizin dibi ilə Rusiyanın Qara dəniz sahilindən Türkiyənin Qara dəniz sahilinin Asiya ərazisinə çəkilib.
Uzunluğu 1213 km olan qaz kəməri Rusiyanın Stavropol vilayətinin İzobilnı şəhərindən başlayaraq, Türkiyənin paytaxtı Ankaraya qədər davam edir. Rusiya, Türkiyə və Qara dənizə düşən hissə olmaqla bu məsafəni 3 hissəyə bölmək olar. Kəmərin Rusiya tərəfində Stavropol vilayətinin İzobilnı şəhərindən Qara dəniz sahilində yerləşən Krasnodar diyarının Arxipo-Osipovka kəndinə qədər olan hissəsinin uzunluğu 373 km-dir. Kəmərin Qara dənizin dibi ilə keçib Türkiyə tərəfdə quruya çıxaraq Samsun şəhəri ərazisində Durusu terminalına qədər olan dəniz hissəsi isə 396 km uzunluğundadır. Onun dəniz hissəsində keçdiyi maksimum dərinlik 2150 metrə çatmışdır. Boru kəmərinin Samsun şəhərindən Ankara şəhərinə qədər uzanan hissəsi isə 444 km olmaqla özünün 1213 km uzunluğunu tamamlayır.
Qaz kəmərinin Rusiyanın quru ərazisində yerləşən 60 km-dən çox hissəsi dağlıq ərazidən keçir. Buna görə də Rusiya neft-qaz sənayesi praktikasında ilk dəfə olaraq qaz kəmərinin dağlıq-quru hissəsini Kobyla və Bezymyannı dağ silsiləsinin altında qazılan geniş tunellərdən keçirmişdir. Tunellərin ümumi uzunluğu 3.2 kilometrdən çox olmuşdur.
Texniki-iqtisadi göstəriciləri
Qaz kəmərinin boru diametri əsasən 3 ölçüdən ibarətdir. Onun quru hissəsinin nisbətən hamar hesab edilən ərazilərdə olan hissəsinin diametri 1400 mm, quru hissəsinin dağlıq ərazilərdə olan hissəsinin diametri 1200 mm, dəniz daxilində olan hissəsinin diametri isə 610 mm-dir.
Hazırda “Blue Stream Pipeline Company B.V” şirkəti qaz kəmərinin dəniz hissəsinin, eyni zamanda, Beregovaya kompressor stansiyasının sahibidir. Qaz kəmərinin quru hissəsinin sahibi və operatoru isə “Qazprom” ASC-dir.
Tikintiyə çəkilən xərclərin 3.2 milyard dollar təşkil etdiyi açıqlanmışdır. Tikinti işləri “Blue Stream Pipeline Company B.V.” şirkəti tərəfindən aparılıb, bu şirkətdə “Qazprom” ASC və İtaliyanın “Eni” şirkətləri bərabər paya sahib idi.
“Mavi Axın”ın tam ixrac gücünün illik 16 milyard kubmetr olması nəzərdə tutulmuşdur. İstifadəyə verildikdən sonra tədricən ixrac həcmlərinin artırılaraq, 2010-cu ildə qaz kəmərinin layihədə nəzərədə tutulan 16 milyard kubmetrlik tam gücünə çatması planlaşdırılırdı. Bu dinamika 2003-cü ildə 2 milyard kubmetr, 2004-cü ildə 4 milyard kubmetr, daha sonra isə 2010-cu ilə qədər tədarükləri hər il 2 milyard kubmetr artırması formasında müqavilədə əksini tapmışdır.
Rusiya və Türkiyə arasında bağlanan qaz tədarükü müqaviləsi “Al və ya ödə” prinsipi ilə tərtib edilmişdir. Belə ki, hansısa səbəbdən Türkiyə planlaşdırılan tədarük həcmlərini idxal edə bilməzsə, o zaman almadığı qazın pulunu ödəməli idi. Bu Rusiya tərəfinin risklərin sığortalanması məqsədilə müqaviləyə daxil etdiyi şərtlərdən biri idi.
Perspektiv: türk qaz qovşağı – habı
Boru kəmərinin, hətta İsrailə və İtaliyaya qədər uzadılmasına, eyni zamanda, ötürücülük gücünün iki dəfə artırılaraq ildə 32 milyard kubmetrə çatdırılmasına dair planlar nəzərdən keçirilmişdir. Lakin sonradan bu ideya yeni ideyaların fonunda arxa plana keçirildi.
Belə ki, əvvəlcə “Cənub Axını”, sonra isə “Türk Axını” layihələrinin gündəmə gəlməsi, illərlə proseslərin davam etməsi, daha sonra ikincinin uğurla tamamlanması “Mavi Axın” layihəsinin genişləndirilmə planlarını dondurdu.
2021-ci ildə qaz kəməri özünün maksimal ötürücülük dövrünü keçirmişdir. Həmin il onun ötürmə qabiliyyəti bir gündə 47.355 milyon kubmetrə çatdırılmışdır. Əgər bu rejimlə davam etsəydi kəmərin illik ixrac həcmi 17 milyard kubmetrə çatardı. Lakin 2021-ci ildə “Qazprom” ASC-nin açıqladığı statistikaya görə kəmərlə 16 milyard kubmetr qaz ixrac edilmişdir.
2020-ci il yanvarın 1-dən “Türk Axını” qaz boru kəmərinin işə salınması perspektiv üçün “Mavi Axın” qaz boru kəmərinin genişləndirmə ehtimalını aşağı salsa da, digər bir amil bu kəmərin hələ uzun müddət önəmli kəmər olacağını deməyə imkan verir. Bu amil Türkiyənin Avropanın enerji təchizatında oynamaq istədiyi böyük roldur. Belə ki, rəsmi Ankara Rusiya, İran, Azərbaycan və digər ölkələrdən qaz idxal edərək, eyni zamanda, Qara dənizdə öz yataqlarından da qaz hasil edərək, Türkiyə ərazində vahid mərkəzdə cəmləməyi planlaşdırır. Daha sonra isə bu qaz həcmlərini vahid mərkəzdən Avropaya ixrac etmək rəsmi Ankaranın strateji planına daxildir. Bu plan baş tutarsa, “Mavi Axın” qaz boru kəmərinə Türkiyənin hələ uzun müddət ehtiyacı olacaqdır. Lakin planın baştutma ehtimalı o qədər də çox deyil. Bunun səbəbləri haqqında “Türk Axını” boru kəmərinə dair perspektivlərdə geniş məlumat təqdim edilmişdir.
Eldəniz Əmirov, iqtisadçı
Избранный
13
news365.az

1Источники